ProposalsSocial MediaStatements

10-15 milyon artıq pul yoxdur ki, narazı qalan şəhid ailələri razı salınsın?

Ölkə Prezidenti fərman verdi ki, şəhid ailələrinə 11,000 manat verilsin. Biz Prezident seçkiləri debatlarında şəhidlər, əlillər, onların ailələri barədə çox məsələlər dedik, addım atılmasının vacibliyini vurğuladıq, hər bir namizədin platformasında bu məsələlər vardı. Prezident fərman imzaladı və bu cəmiyyət tərəfindən ruh yüksəkliyi və minnətdarlıqla qarşılandı.


Bu qərarı verən zaman iqtidar düşünürdü ki, həm haqq yerini tapmış olacaq, vətənpərvərlik ruhu yüksələcək, dövlət qayğısı gəncləri ruhlandıracaq və torpaq uğrunda ölmək istəyənlərin sayı çoxalacaq. Amma, bilin, tam tərsi oldu. Bu dövlətin 10-15 milyon artıq pulu yoxdur ki, narazı qalan şəhid ailələri razı salınsın? Bir bankdan oğurlanan məbləğ milyardlarla ölüçülür, vəzifədən çıxarılanların sərvəti Amerika milyarderlərinin sərvətləri ilə ölçülür axı.


Lap deyək ki, bir şəhid ailəsi 11,000 mini haqsız olaraq tələb edir. Göz yumun, verin o məbləği. Çünki, o əzizini itirib, bu problemi yaradanlar – sizlər – şəhid verməyə razısınızmı? Bir əzizinizin həyatını 11 minə yox, bütün varidatınızla qiymətləndirərsiz. Şəhid ailəsi olmaq, şəhid vermək sizə beləmi asan gəlir?


Niyə gözəl və yerində verilmiş bir fərmanı bu qədər rüsvay etdiniz, gözdən saldınız və gənclərin də döyüş ruhunu öldürdünüz? Hər gün sosial şəbəkələrdə şəhid ailələrinin şikayət və ürəkdağlayan videoları yayılır, onlar ən yüksək səslə hayqırırlar, ədalət tələb edirlər. Axı buna milyonlarla vətəndaşlarımız baxır, minlərlə erməni baxır və sevinir. Budurmu yaratdığımız vətənpərvərlik, beləmi Qarabağı xilas edəcəyik?

Nə qədər gec deyil, ayılın, şəhidlərlə, şəhid ailələri ilə, torpaq uğrunda ölənlərlə və onlara bərabər tutulanlarla belə rəftar yolverilməzdir. Bu məsələni hökumət kökündən və gecikmədən həll etsin, sonra gec olacaq. Olmaz belə! Niyə imkan verək ki, bu problemlərdən fürsətcil qüvvələr yararlansın? Axı biz hamımız bu ölkənin taleyükünün altına əlimizi qoymuşuq…

Related Articles

Back to top button