Mehman Hüseynov azad olunmalıdırmı…
Bloger Mehman Hüseynovla bağlı demək olar ki, bütün partiya mənsublarımız bir neçə dəfə fikir bildirib, müdafiə edib. Bu gün mən də Talk Tv və Cümhuriyyət Tv-yə geniş video müsahibə verdim.
Mehman Hüseynovun birinci həbsi belə yanlış idi. O, hər kəsin bildiyi, dediyi və gördüyü pis əməlləri bir az dekorasiya və daha yaxşı görüntü ilə təqdim edirdi. Məgər Mehman Hüseynov həbs ediləndən sonra bloqerlərin sayı azaldımı? Xeyr, lap çoxaldı və həm də daha da radikallaşdılar. Blogerin susdurulması üçün tətbiq edilən mexanizmlər dövlətin əleyhinə işləməkdədir.
Necə ola bilər ki, onun üzünə duran adamın həmin anda da şəxsi informasiyaları, ünvanı və telefonları cəmiyyətə ötürülür? Bu iş qurama prosesə bənzəyir və ciddi narahatlıq doğurur. Mehman Hüseynovun müdafiəsi üçün təşkil edilən piketin də o şəkildə dağıdılması, jurnalistin saxlanılması da narahat edən mövzudur.
İnanıram ki, Mehman Hüseynov məhkəmədə bəraət qazanacaq və tezliklə azadlığına qovuşacaq. Bu məsələ şişdikcə, cəmiyyətdə qarşıdurma və uçurumlar yaranır. İnanmaq istərdim ki, qanun son ədalətli sözünü deyərək, Mehmanı ona qarşı sürülən ittihamlarda təqsirli bilməyəcək.