Interviews

“Bu məsələdə, açığı, çox qorxuruq”


Deyəsən, Müsavatla AXCP-nin birləşməsi məsələsi reallaşmadan gündəmdən çıxmaq üzrədir. Ən azından, Müsavat başqanı İsa Qəmbərin “Azadlıq” radiosuna birləşmə ilə bağlı verdiyi açıqlama ictimaiyyət arasında belə bir fikrin formalaşmasına rəvac verib. O bildirib ki, məqsədi sırf iki partiyanın bir partiyada birləşməsi olmayıb:

“Mənim heç bir zaman məqsədim sırf iki partiyanın bir partiyada birləşməsi olmayıb. Məqsədim dəyişiklik istəyən qüvvələrin toparlanmasıdır. Bunun bir variantı demokratik düşərgənin toparlanmasıdır. Toparlanmağın başqa bir forması isə siyasi inteqrasiyadır. Siyasi inteqrasiya ilə bağlı bildirmişəm ki, Rəsulzadə-Elçibəy yoluna bağlı qüvvələrin iştirakını məqsədəuyğun hesab edirəm”. O bu məsələnin aktiv şəkildə müzakirə olunduğunu və prosesin mərhələ-mərhələ davam edəcəyini də söyləyib. Müsavat başqanı deyib ki, AXCP-Müsavat blokunun namizədləri seçicilərin 50 faizini seçkilərə cəlb edə bilmirsə, bunadan nəticə çıxarmaq lazımdır: “Nəticə çıxarmaq lazımdır ki, AXCP ilə Müsavatın, lap səmimi olsa da, formal birləşməsi belə, ölkədə vəziyyətin dəyişməsinə gətirib çıxarmayacaq. Biz bunun üçün digər qüvvələri də bu işə cəlb etməliyik. Məqsədim ölkədə vəziyyəti dəyişə biləcək formatların yaranmasıdır. Bu gün biz birləşməni avtomatik şəkildə, ölçüb-biçmədən aparsaq, nəticələrini ölçüb-biçmədən aparsaq, itkilərə məruz qalacağıq. Mən AXCP-Müsavat birləşməsini hədəf kimi görmürəm, vasitə kimi görürəm. Eyni zamanda, hesab edirəm ki, Rəsulzadə-Elçibəy yoluna bağlı qüvvələr yalnız bu iki partiyadan ibarət deyil. Mən istəyirəm ki, bu birləşmədə qüvvələrimizi artıraq”. Müsavat başqanının bu açıqlaması ilə cari ilin iyulunda, AXC-nin ildönümündə dediyi sözlər arasında fərq olduğu hiss olunur. Belə ki, həmin vaxt başqan, AXCP də daxil olmaqla, Rəsulzadə-Elçibəy yolunda olanların birləşməsini istədiyini dilə gətirmişdi. Birləşmə istiqamətində son çıxışı ilə iyuldakı çıxışını müqayisə etdikdə, Müsavat liderinin mövqeyində dəyişiklik olduğunu sezməmək mümkün deyil. Görünən odur ki, 5-6 ay bundan qabaq başqan birləşməyə daha çox meylli idi, nəinki indi. Onun sözlərindən belə çıxır ki, indiki halda birləşməklə partiyalar itkilərə məruz qala bilər. Bu isə o deməkdir ki, Müsavatda AXCP ilə birləşmənin əleyhinə olan hələ xeyli sayda qüvvə var. Onlar AXCP-ni və ya onun sədrinin birləşmiş partiyaya rəhbər gətirilməsi ehtimalını həzm edə bilmir. Digər tərəfdən, İ.Qəmbər birləşməyə vasitə kimi yanaşaraq deyir ki, Rəsulzadə-Elçibəy yoluna bağlı qüvvələr yalnız bu iki partiyadan ibarət deyil. Görünür, Müsavat lideri bunu deməklə və birləşmə məsələsində əvvəlki mövqeyindən bir qədər geri çəkilməklə həm də digər siyasi qüvvələrin də bura axışması üçün vaxtı uzatmaq istəyir. Bununla da birləşəcək qüvvələrin daha geniş spektri əhatə etməsinə çalışır. Hər halda, onun indiki fikri cəmiyyətdə birləşməyə olan meyli xeyli kənara atır.

Xatırladaq ki, sözügedən qüvvələrin birləşməsi ideyası ilk dəfə məhz İsa Qəmbər tərəfindən cari ilin iyulunda səslənmişdi. AXCP isə təklifi sentyabrda keçirdikləri qurultayda razılıq almaqla müsbət cavablandırıb. Buna baxmayaraq, Müsavat məsələni hələ yubadır. Bu səbəbdəndir ki, onlar hələ də qurultaylarının vaxtını müəyyənləşdirməyib. Görəsən, Müsavat başqanının son açıqlamasından sonra AXCP-nin birləşməyə münasibəti necə olacaq? Onlar əvvəlki mövqeyindən geri çəkilə bilərmi?

AXCP sədrinin müavini Razi Nurullayev bildirdi ki, Müsavat başqanının dedikləri heç bir halda onların birləşmə barədə qərarının dəyişməsinə gətirib çıxarmayacaq: “Bizim bu məsələdə mövqeyimiz birmənalıdır. Birləşmə ilə bağlı verdiyimiz qərarı dəyişmək fikrimiz yoxdur. Bu ideyadan imtinaya heç bir əsasımız da yoxdur. Eyni zamanda, bu məsələdə, açığı, biz çox qorxuruq. Bu qorxunun da arxasında mühüm bir səbəb dayanır. Çünki AXCP üzvləri, xüsusən də regional təşkilatları bizə birləşmənin vacib olduğunu birmənalı şəkildə çatdırıb. Bununla bağlı bizə yerli təşkilatlar tərəfindən təzyiq göstərilir. Belədə, birləşmə baş tutmayacaqsa, müəyyən mənada biz də günahlandırıla bilərik. Çünki bu sifarişdir. Biz üzvlərimiz, onların sözlərinə qarşı çıxa bilmərik. Ona görə də birmənalı olaraq birləşmə tərəfdarıyıq və bu qərarı dəyişməyəcəyik”.

Həmsöhbətimiz birləşmənin mərhələ-mərhələ olması variantını istisna etmədi, amma əsas kimi işin tezləşdirilməsini daha məqbul sayır: “Hesab edirəm ki, birləşmə mərhələ-mərhələ də ola bilər. Amma eyni zamanda, düşünürəm ki, birləşməni tezləşdirmək də mümkündür. Ümumi xalqın istəyi partiyaların birləşdirilməsidir. Digər partiyaların birləşməsi məsələsində də bir problem görmürəm. AXCP ilə Müsavat birləşdikdən sonra qoy o biriləri də gəlib birləşsin. Heç bir partiyaya bununla bağlı qadağa qoyula bilməz. Partiya yaradılacaqsa, həmin partiyalar da gəlsin və ümumiləşdirilmiş bir qurultay keçirilsin. Bunun qarşısını məgər biz alırıq? Sadəcə olaraq, burada firqə, qrup, şəxsiyyət və lider maraqları var. Məhz bu maraqlar insanlara birləşməyə imkan vermir. Amma bu insanlar unudur ki, bunu AXCP-Müsavatın dışında olan liderlər barədə danışıram, siyasət və xalqın məhəbbəti də əbədi deyil. Xalq öz məhəbbətini artıq son parlament seçkilərində göstərdi. 85 faizi eyni zamanda inanmadığından, müxalifət partiyalarını da boykot etdi. Onun üçün də söhbət burada 85 faizin aktivləşdirilməsindən gedir. Lakin onların belə hərəkətilə bunu da itirə bilərik.

Buna qədər də müxtəlif partiyalar birləşməyə çalışıb, amma bəzilərinin liderlik iddiaları buna əngəl olub. Hər kəs yerini bilməlidir. Birinci növbədə xalqın və millətin maraqlarını düşünməlidirlər. Hər kəs öz statusu və liderliyini artırmaq istəyirsə, əlbəttə, burada belə insanlara yer olmamalıdır.

Bu iki partiyanın seçki blokunun yaradılmasından və seçkilərdə nəticə hasil olunmayandan sonra Müsavatda bir qrup insan düşündü ki, məhz onların cəbhə ilə birləşməsinə görə hakimiyyət onları cəzalandırdı və Müsavatdan heç kim parlamentə düşə bilmədi.

Bunu kökündən yanlış hesab edirəm və qəbul etmirəm. Çünki bu artıq seçici və xalqla oyun kimi görünür. Yəqin, belə düşünən insanların sayı çox da deyil. Amma bilirəm ki, bu cür məsələlərdən sonra Müsavatda belə düşünənlərin sayı artmağa başladı”.

http://www.baki-xeber.com/new/2010/12/16/get=53336

Related Articles

Back to top button