ArticlesStatements

Həmrəy olaq, Qarabağı azad edək. Bayramınız mübarək!

31 dekabr 1989-cu ildə Cənubi Azərbaycanla Şimali Azərbaycanı bir-birindən ayıran tikanlı məftillərin sökülməsi ilə xalqımızın tarixinə xüsusi hərflərlə yazıldı, birlik rəmzinə çevrildi. Böyük lider Əbülfəz Elçibəyin rəhbərliyi ilə gerçəkləşən həmrəylik günü artıq neçə ildir ki, bütün dünyada yaşayan soydaşlarımız tərəfindən əsl bayram kimi qeyd edilir. 31 dekabr tarixi siyasi və sosial-iqtisadi səbəblər üzündən müxtəlif ölkələrdə yaşamağa məcbur olan azərbaycanlıların toparlanmasına, hamımızın qüdrətli, azad və demokratik Azərbaycan naminə fəaliyyət göstərməmizə stimul verdi.

31 dekabr 1989-cu il, İran-Azərbaycan sərhədində sərhədlərin sökülməsi və Həmrəylik gününün qeyd edilməsi

Azərbaycanımızın ən böyük siyasi partiyasının, ikinci müstəqillik dövründən üzü bu yana xalqımızın ziyalı, vətənpərvər, xalqsevər hər bir üzvünü özündə birləşdirməyi bacaran, müstəqil və demokratik respublika quruluşunun yenidən bərqərar olmasını gerçəkləşdirən Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi inanıram ki, həm ölkəmizdə, həm də Vətənimizin hüdudlarından çox-çox uzaqda yaşayan soydaşlarımızın həmrəyliyi sayəsində biz bütün çətinliklərdən üzü ağ çıxacaq, ölkəmizin parlaq gələcəyini quracaq, gələcək nəsillər üçün əsl demokratik dəyərlərə malik, güclü, hərbi qüdrəti yenilməz olan dövlət quracağıq. Bunun üçün Qarabağ probleminin ədalətli həlli, vətəndaşların hüquq və azadlıqlarının təminatlı müdafiəsi, hər bir soydaşımızın bir-birinə güvəni, sarsılmaz inamı, insanların açıq və bərəkətli süfrəsi, cəmiyyətin rahat sosial rifahı, ölkənin laxlamayan iqtisadi durumu ən vacib amildir.

Dəyərli həmvətənlər!

Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibətilə Sizləri sözün həqiqi mənasında həmrəy olmağa səsləyir və məhz bunun sayəsində qarşıdan gələn 2019-cu ildə önümüzdə duran bütün siyasi-iqtisadi çətinlikləri ləyaqətlə dəf etməyi, azad və firəvan bir ölkənin vətəndaşı kimi rahat, qayğısız həyat sürməyi arzulayıram!

Tanrı Azərbaycanımızı və onun hər bir vətəndaşını qorusun, ölkəmizin gələcəyi naminə çalışmaq üçün hər birimizə güc versin!

Related Articles

Check Also
Close
Back to top button