Articles

ASTANADA FIRTINA…

Qazaxıstanın Hidrometeorologiya Agentliyi məlumat yayıb ki, ATƏT-in sammitinin keçirildiyi paytaxt Astanada bu gün fırtına olacaq. Bu şəhərdə siyasi fırtına isə dünən oldu.

Sürpriz…

Artıq uzun illərdən bəri dünya siyasi düzənində formal sammitlər, dondurulmuş münaqişələrin ömrünü uzadan, istilərini isə donduran yeniliksiz siyasi tədbirlərə vərdiş etdiyimizdən ATƏT-in Astana sammitindən də ciddi siyasi dəyişiklik gözləmirdik. Hətta sammitin gündəliyinin rəsmən açıqlanmaması, həmsədrlərin Bakıya və İrəvana, səlahiyyətli nümayəndlərin əlavə olaraq Tiflisə səfərləri bizi Astana sammitindən sürpriz gözləməyə vadar edə bilmirdi. Sürpriz isə oldu…
Sammitdə ABŞ-ın Rusiyaya qarşı son illər yürütdüyü loyallıq xəttindən kənara çıxmamaq naminə Dağlıq Qarabağ münaqişəsi haqqında ötəri bəhs ediləcəyi və Gürcüstanla bağlı xahişvari bəyanatlar veriləcəyi proqnoz edilirdisə, dünənki sammit ABŞ və Qərbin Rusiyaya diplomatik hücum məkanına çevrildi.
ATƏT 11 il bundan öncə keçirilən İstanbul summitindən sonra özünə gələn bir quruma çevrildiyi bəlli oldu. Bir çox ekspertlər, biz də daxil olmaqla, düşünürdülər ki, Astana ATƏT-in dəfn mərasiminə şahidlik edə bilər. Bunu ATƏT-in üzv dövlətləri də bilməmiş deyildilər. Yaxşı ki, qarşısını ala bildilər və keçən günlərin də əvəzini qaytardılar.

Klinton…

«Dağlıq Qarabağ münaqişəsi Helsinki prinsipləri və həmsədr ölkələrinin dövlət başçılarının Akvilldə bəyan etdiyi 6 prinsip əsasında həll olunmalıdır» dedi. Dağlıq Qarabağ münaqişəsinin həlli problemindən danışan ABŞ dövlət katibi «münaqişənin ATƏT-in Minsk qrupunun müəyyənləşdirdiyi əsas prinsiplər əsasında nizamlanmasına dair səyləri bərpa etmək vacibdir» dedi. Sitat: «Münaqişənin həlli üçün müəyyən olunmuş prinsiplərdən hər hansı birini seçmək olmaz. Bu, münaqişənin həllinə imkan verməz. Münaqişə bütün prinsiplər əsasında həll olunmalıdır».

Bu, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ABŞ-ın son və qəti sözü hesab oluna bilər. Dövlət katibi bu fikirləri tərəflərin hərəsinin öz istədiyi kimi tirajlandıra biləcyi iki və ya üçtərəfli görüşdə deyil, ATƏT-in zirvə sammitində «hamının eşidə biləcəyi» yerdə dedi.
Xanım Klintonun Rusiyaya ikinci atəş nöqtəsi Gürcüstan məsələsi oldu. «Gürcüstanın ərazi bütövlüyü pozulub», «müharibədən sonra yaranmış böhran» kimi ifadələrlə Rusiyanı diplomatik mənada zədələyən ABŞ rəsmisi «ATƏT bu münaqişələrin həllində böyük rol oynamalıdır» deyərək, «işini başa çatdırdı». Zənnimizcə, ATƏT ölkələrini Gürcüstanın ərazi bütövlüyünün bərpasında vacib rol almağa və ATƏT-in Gürcüstanda məhz Rusiyanın tələbiylə dayandırlmış missiyasının bərpa edilməsinə çağırmaq Rusiya üçün «öldürücü zərbə» idi.

Digər ATƏT dövlətləri nə dedilər? Fransanın baş naziri Fransua Fiyon, Almaniya kansleri Anqela Merkel, İsveçin xarici işlər naziri Karl Bildt, İtaliya baş naziri Berlüskoni… Klintonun nişan aldığı nöqtəni vurdular.

«ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Akvill və Muskoka şəhərlərində irəli sürdükləri təkliflər əsasında balanslaşdırılmış siyasi qərar qəbul etmək lazımdır» (Fransa), «münaqişə Madrid prinsipləri əsasında həll olunmalıdır» (İsveç), «münaqişə burada əldə olunacaq prinsiplər əsasında həll olunacaq» (Almaniya).

Medvedyev dirəniş göstərdi…

«Rusiya münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır. Gürcüstanda olduğu kimi münaqişələrin hərbi yolla həlli yolverilməzdir» deməklə Rusiya prezidenti Gürcüstandakı müharibənin bütün suçunu Saakaşvilinin üzərinə atmağa və ən azı bu tədbirdə vəziyyətdən çıxmağa çalışıb.
Və dərhal əks hücuma keçib: «ATƏT öz potensialını itirməyə başlayıb. Bu səbəbdən də təşkilatın effektivliyini qaldırmaq üçün dəqiq hüquqi baza yaratmaq lazımdır». Rusiyanın «müasir dünyagörüşlü» prezidenti ənənəvi rus siyasətindən yararlanıb. «Bu məkandakı bütün münaqişələr üçün ATƏT-in vahid həll sistemi işlənib hazırlanmalıdır» deyərək, əks tərəfi çıxılmaz duruma salmaq üçün bəsit diplomatik gediş edib. Halbuki, artıq nəinki ATƏT məkanında, bütün dünyadakı münaqişələrin həlli üçün beynəlxalq normalar, qanunlar, hüquqi əsaslar və çərçivələr məlumdur. Rusiya və Ermənistana onları yerinə yetirmək qalır.

Ermənistan təşviş içərisindədir…

Ermənistan mətbuatı Astana sammitini həyəcanla izləyir. Azərbaycan xəbər saytlarında hələ davam etməkdə olan sammit haqqında yalnız təcili xəbərlər yer almaqdadır (qeyd etmək yerinə düşər ki, bu məsələdə xəbər saytlarımız Ermənistanı xeyli geridə qoyub). Ermənistan tərəfi isə artıq geniş şərhlər verməklə Rusiyanın mövqeyini müdafiə edir, sammitdə səslənən fikirlərə etiraz sərgiləyir və ən əsası isə ağına-bozuna baxmadan hamını ittiham edirlər. Ermənistan parlamentinin birinci vitse-spikeri Samvel Nikoyan ATƏT-i «İkili standartlardan əl çəkməyə» çağırıb. Politoloq David Karabekyan açıq-aşkar BMT-ni, ATƏT-i və NATO-nu Türkiyə və Azərbaycanın «fitvasına getməkdə» günahlandırır. Digər erməni eksperti ATƏT-in ikinci dünya müharibəsindən sonra Avropa məkanındakı münaqişələrin həll olunması məqsədilə yaradıldığını əsas gətirərək, bu qürümun artıq gərəksiz olduğunu iddia edir.
Ermənistan müxalifəti isə Sərkisyanın Astanada fiaskoyla üzləşdiyini bildirir. Ermənistan Milli Konqresi bəyan edir ki, Sərkisyan Azərbaycanın diplomatik üstünlüyünü təmin edərək, Ermənistanı təcrid vəziyyətinə salıb.

Görüş niyə keçirilmədi?

Astana sammitinin daha bir sürprizi Azərbaycan və Ermənistan prezidentlərinin görüşməmələri oldu. Məsələ burasındadır ki, bu görüşün keçiriləcəyi heç kimdə şübhə doğurmurdu və proqram rəsmən açıqlanmasa da, hansısa xəbərlərin içərisində bu məsələ də rəsmi olaraq keçirdi. Lakin Astana görüşünə cəmi bir gün qalmış elan edildi ki, prezidentlərin görüşündə ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın xarici işlər naziri və dövlət katibi Kanat Saudabayev də iştirak edəcək. Zənnimizcə, bu görüşün təxirə salınmasına bir səbəb ola bilərdi. Çünki ATƏT sədri təbii olaraq görüşdə hansısa konkret nəticənin əldə olunmasına çalışacaqdı, bu isə Ermənistanın və görüşdə böyük ehtimalla iştirakı gözlənilən Rusiyanın manevr imkanlarını xeyli daraldacaqdı. Digər tərəfdən, Azərbaycan prezidenti İlham Əliyevin də görüşdə maraqlı olması gözə çarpmır. Bu isə birbaşa weakileaks-in açıqladığı gizlin məlumatlarla bağlı ola bilər. Bu internet səhifəsi dünya dövlət başçıları arasında biri-birinə qarşı inamsızlıq yaradıb. Rusiya tərəfinin də bu danışıqlarda iştirakı prosesi tormozlamaqla yanaşı status-kvonun saxlanmasına səbəb ola bilərdi.
Amma, istisna deyil ki, Rusiya prezidnetinin summiti yarımçıq tərk etməsindən sonra ABŞ-ın təşəbbüsü ilə hər iki prezident masa arxasına oturmağa razılıq versinlər.

Astanada daha bir sürpriz Dmitri Medvedyevin tədbiri yarımçıq tərk etməsi oldu. Nəzərə alsaq ki, prezidentin mətbuat xidməti onun sammitdə sonadək-dekabrın 1-i və 2-i iştirak edəcəyini bildirmişdi, onun sammiti dünən tərk etməsi tədbiri yarımçıq buraxması sayıla bilər.

Beləliklə, yola salmaqda oldğumuz 2010-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində kiçik də olsa, işartılar verdi. NATO sammitindən sonra ATƏT-in Astana sammiti azərbaycanlılarda münaqişənin həllini tezliklə gözləməyə də olmasa, dünyanın həqiqətlərə sonadək göz yummayacağına inam yaratmış oldu.

Sammitdə Rusiya ətrafındakı münaqişənin əsas səbəbkarı kimi, Dağlıq Qarabağ məsələsiylə bağlı isə ilk dəfə olaraq açıq şəkildə hədəfə alındı. Bu ölkələrin xəbər vasitələrini, telereportajlarını izləyərkən, birmənalı söyləmək olar ki, Rusiya və Ermənistan bunu heç gözləmirlərmiş… Elə Azərbaycan da…

Yolumuz nədir?

Dünya ictimaiyyəti göstərir ki, onlar Azərbaycana yardımçı ola, münaqişənin ədalətli həlli üçün prinsipiallıq da göstərə bilərlər. Avropa və ABŞ Azərbaycanın sürətlə demokratik Avropaya inteqrasiyasını istəyir. Hətta, viza rejimini də ləğv etməyi düşünürlər. Lakin, əfsus ki, bu köməkliklər, Azərbaycan iqtidarının demokratiya açılımı etmədən öncə praktik əməllərə çevrilməyəcək. Azərbaycanın bu günkü qeyri-demokratik durumu çox narahatverici və demokratik dünya dövlətlərini də quşqulandırmaqdadır. Demokratiya sahəsində geriləyən Azərbaycanı Gürcüstan qədər müdafiə etmək mümkün olmayacaq. Rusiya isə, Azərbaycanı hədəfə ala bilər. Bu isə, bu iqtidarın başını çox ağrıdacaq. Önümüzdə bir yol var. Dağlıq Qarabağın qaytarılması naminə, xalqın naminə demokratik açılım etmək. Bu isə, birbaşa prezidentin siyasi iradəsindən asılı olan bir məsələdir. Zaman isə gözləmir…

http://www.musavat.com/new/Son_x%C9%99b%C9%99r/90076-ASTANADA_FIRTINA%E2%80%A6

Related Articles

Check Also
Close
Back to top button