Interviews
Kreml Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəmir
Razi Nurullayev: «Rusiya atdığı son addımla regiondakı güc balansını və strateji vəziyyəti dəyişdi»
Türkiyə prezidenti Abdulla Güllə Rusiya prezidenti Dmitri Medvedev arasında baş tutan telefon danışığı barədə ümumi məlumatlar verilsə də təfərrüatlar açıqlanmayıb. Yalnız bölgədəki vəziyyətin müzakirə edildiyi bildirilib. Bu ərəfədə Türkiyə siyasiləri maraqlı açıqlamalarla çıxış edib.
Türkiyə Böyük Millət Məclisinin NATO qrupunun rəhbəri Vahid Ərdəm Rusiyanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını istəmədiyini deyib. TBMM üzvünün fikrincə, Rusiya bunu arzu edən kimi görünsə də, inanmaq çətindir. Çünki Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Ermənistanın və Cənubi Qafqazın Qərbə inteqrasiyasını sürətləndirəcək. Moskva isə mümkün qədər bunu çətinləşdirməyə çalışır.
Cümhuriyyət Xalq Partiyasından millət vəkili, Türkiyənin NATO-dakı keçmiş səfiri Onur Öymən isə bildirib ki, Ermənistanla imzalanmış yeni hərbi saziş Rusiyanın uzun müddətə Qafqaza yerləşmə niyyətini ortaya qoyur: “Biz bu bölgəni silahlı münaqişələrdən uzaqda tutmaq istəyərkən meydana yeni güc balansı çıxır”.
Göründüyü kimi, Rusiyanın son addımları Türkiyədə də etirazla qarşılanır. Bütün bu məsələlər prezidentlərin telefon danışığında öz əksini tapa bilərdimi? Söhbətin məzmununun açıqlanmaması bu barədə düşünməyə əsas verir. Bəs Abdulla Gül rusiyalı həmkarı ilə söhbət zamanı bu məsələ ilə bağlı narahatlığını dilə gətiribmi?
Politoloq Razi Nurullayev Rusiyanın atdığı son addımın regiondakı güc balansını və strateji vəziyyəti dəyişdiyini deyir. Bu da Türkiyəni narahat etməyə bilməz. Çünki Moskva ilə Yerevan arasında imzalanan son saziş Ermənistanın regiondakı statusunu bir qədər artırmış oldu. Ekspert Medvedevlə Gül arasındakı danışıqda Rusiya-Ermənistan müqaviləsinin region üçün strateji gözləntilərinin müzakirə edilə biləcəyini də istisna etmədi.
R.Nurullayevin fikrincə, bundan sonra Dağlıq Qarabağla, yaxud sərhədlərin açılması ilə bağlı danışıqlarda Ermənistanın mövqeyinin daha da kəskinləşəcəyini gözləmək olar. Belə olan halda Türkiyə də müəyyən addımların atılması barədə düşünəcək: “Qərb indiyə qədər Türkiyəyə NATO-nun dayaq nöqtəsi kimi baxırdı. Artıq Rusiyanın region dövlətlərinə təsiri və onları NATO-dan uzaqlaşdırmaq cəhdi Türkiyənin buradakı mövqeyinə zərbə vurur. Ankara bu mövqeyini qaytarmaq üçün Rusiyadan müəyyən izahat istəyəcək”.
R.Nurullayevin sözlərinə görə, Türkiyə Moskvanın bölgədə təsirini neytrallaşdırmaq üçün Azərbaycanla, yaxud Gürcüstanla hər hansı hərbi müqavilənin imzalanmasına çalışacaq. Bunu da Rusiyanın Qafqazdakı maraqlarına endirilmiş zərbə saymaq olar.