Articles

Türkiyə və Rusiyanın regiondakı siyasətinə fərqli baxış

Öncəki həftələr iki mühüm hadisə ilə əlamətdar oldu: Türkiyə prezidenti Abdulla Gülün Azərbaycana səfəri və Rusiyanın Ermənistanla hərbi əməkdaşlğını genişləndirmək istiqamətində ciddi addım atması. Bağlanan müqavilənin nəticələrini götür-qoy etsək, burada «ciddi» sözünün hətta «sərt» sözüylə də əvəz oluna biləcəyini görərik. Niyə? Çünki Rusiya ilə Ermənistan arasındakı müqavilə nəinki Azərbaycan üçün, eyni zamanda region üçün təhlükə daşıyır. Təbii ki, mən bu müqavilənin sırf Azərbaycanı qorxutmaq, ona təsir göstərmək üçün təzyiq altında saxlamaq anlamına gəlməsinin tərəfdarı deyiləm. Çünki, bu birbaşa olaraq Azərbaycana yönəlik addım deyil. Sadəcə olaraq Ermənistanla hərbi münasibətlərin genişləndirilməsi, Ermənistanı for postu olaraq saxlaması Rusiyanın dövlət siyasətidir. Rusiya Ermənistanda hərbi potensialını gücləndirməklə həm Azərbaycanı, həm Gürcüstanı, həm də müəyyən mənada Türkiyəni bölgədə nəzarət altında saxlamaq istəyir. Hətta bir az da qabağa gedərək demək istərdim ki, Ermənistanla Rusiya arasında hərbi müqavilələrin daha da genişləndirilməsi, Rusiyanın ordakı potensialını daha da gücləndirməsi Türkiyəyə yönəlmiş bir mesajdır. Çünki, Türkiyə hal-hazırda regionda güclü bir dövlətə çevrilməkdədir. Bu ölkə indiyə kimi qərbin dayaq nöqtəsi kimi qiymətləndirilirdisə, indi artıq nə qərbin, nə Amerikanın dayaq nöqtəsi deyil. Artıq Türkiyə bölgədə bir gücdür və Osmanlı imperiyasının vaxtilə faktiki nəzarətində olan ərazilərdə özünün həm hərbi, həm ticari, həm də diplomatik potensialını yaratmaqdadır. Buna görə də Rusiya Qafqazda Türkiyənin siyasətini neytrallaşdırmaq üçün Ermənistanda hərbi gücünü möhkəmləndirir.

Suallardan biri və bizimçün ən mühümü də Rusiyanın Ermənistanla bağladığı müqavilənin Dağlıq Qarabağ məsələsində Azərbaycanı pis vəziyyətdə qoya bilməsi ehtimalıdır. Əlbəttə, yuxarıda qeyd etdiyimiz kimi, bu da məqsədlərdən biri ola bilər. Amma bütövlükdə bu müqavilə Qarabağ üçün o qədər də böyük təhlükə yaratmır.Əgər Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında hərbi münaqişə yenidən gündəmə gələrsə və münaqişə başlayarsa, Rusiya qoşunlarının açıq şəkildə Qarabağda Ermənistana kömək göstərməsi inandırıcı görünmür. Əlbəttə ki, Rusiya Ermənistanla hərbi müqavilələr bağlayıb. Digər tərəfdən, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür. Bu təşkilatın nizamnaməsinə görə də hər hansı bir üzv dövlətə qarşı hərbi təcavüz olarsa digər üzv dövlətlər ona kömək etməyə borcludurlar. Bu çərçivədən yanaşsaq, istənilən halda, Rusiya Ermənistana kömək edə bilər. Amma, məsələnin başqa tərəfi də var. Azərbaycanın da Rusiya ilə hərbi sahədə əməkdaşlıq barədə müqaviləsi var. Azərbaycanla Türkiyə arasında isə indiyədək, yəni Azərbaycan ikinci dəfə müstəqillik qazanandan bəri 148 müqavilə bağlanıb. Bu dəfə də «Strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsi» imzalandı. Yeri gəlmişkən, burada haşiyə çıxaraq, Türkiyənin Azərbaycanla bağladığı müqavilənin adında hərbi əməkdaşlığı ehtiva edən açıq bir ifadə olmadığını Türkiyənin ehtiyatla davranması kimi şərh edib, qardaş ölkəni qınağa çəkən fikirlərə də aydınlıq gətirmək istərdim.

Artıq Türkiyə ilə Azərbaycan arasında bağlanmış müqavilə barəsində rəsmi dairələrdən də bəzi üstüörtülü də olsa, açıqlamalar verilib və müqavilə imzalandıqdan sonra onun həyatakeçmə mexanizmi barəsində müzakirələrin məhz Müdafiə Nazirliyində aparılması orada hərbi əməkdaşlıqla bağlı bəndin də olduğunu deməyə əsas verir. Belə bir müqavilənin imzalanması indiki məqamda Türkiyənin Azərbaycanı müdafiə etmək üçün attığı cəsarətli addımı saymamaq olarmı? Xatırlayaq ki, Türkiyə Azərbaycanın  —–hərbi potensilanının formalaşmasında, hərbi kadrlarının yetişdirilməsində kifayət qədər böyük rol oynayıb və oynamaqdadır. Azərbaycanlı tələbələrə, kursantlara Türkiyədə təhsil almaq şəraiti yaradılır və bütün bunlar açıq şəkildə edilib. Digər tərəfdən, Türkiyə Qars müqaviləsiylə bağlı da birbaşa Naxçıvanı müdafiə etmək hüququna malikdir. Sadəcə olaraq Türkiyə oturuşmuş bir dövlətdir. Türkiyə diplomatiyası artıq bütün dünyada kobudluğu, qabalığı ilə «Rus ayısı» ləqəbini qazanmış Rusiya siyasəti ilə müqayisə edilə bilməz. Türkiyə diplomatik yollarla məqsədinə nail ola bilir. Məsələn, hal-hazırda, o diplomatik yolla keçmiş Osmanlı imperiyasının şərhədlərini nüfuz baxımından bərpa etməkdədir. Artıq Türkiyə İranla, İraqla isti münasibətlər saxlayır —və eyni zamanda özünün iqtisadi və ticari əlaqələrini gücləndirir. Türkiyə bu gün qlobal bir dövlətə çevrilməkdədir. Bu baxımdan Türkiyənin diplomatik xətti daha güclüdür. Yenidən mövzu üzərinə qayıdaq.

Türkiyənin bütün mesajları ona yönəlib ki, Rusiya Dağlıq Qarabağ məsələsində Ermənistana kömək edərsə, o zaman Türkiyə də Azərbaycanı müdafiə edəcək. Buraya Azərbaycanın müvafiq saziş bağladığı Pakistanı da əlavə etsək, regionda hansı vəziyyətin yarana biləcəyini təsəvvür etmək çətin olmur. İndiki halda Rusiyanın da Azərbaycanla bağlı cəhdləri onu öz torpaqlarını qaytarmaq üçün hərbi varianta əl atmaqdan çəkindirməyə yönəlib.

Rusiyanın Ermənistanda hərbi baza saxlaması, bu bazanın müddətini 50 ilə yaxın bir müddətdə uzatması və ona Ermənistanı müdafiə etmək statusunu verməsi beynəlxalq qanunlara nə dərəcədə uyğundur? Bu gün müzakirə olunan suallardan biri də budur. Məsələ burasındadır ki, beynəlxalq qanunlar bir dövlətin ərazisində onu məcbur edərək, ərazisini istila edərək, başqa bir dövlət tərəfindən hərbi baza yerləşdirilməsini istisna edir. Burada isə vəziyyət fərqlidir. Ermənistanın öz xaişi ilə Rusiya orada öz hərbi bazasını gücləndirir. Və Rusiya Kağız üzərində «Adi silahlar haqqında Cenevrə Konvensiyasının» da tələblərini pozmur. Yəni verilən informasiyalarda beynəlxalq qanunları pozmur. Amma əlbəttə ki, mən hesab edirəm, burada Rusiya gizli olaraq  beynəlxalq qanun pozuntularına yol verməmiş deyil. Lakin bu cür pozuntular böyük bir istintaq araşdırması tələb etdiyindən bu barədə danışmaq mümkün deyil. Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınıda iştirak edən dövlət olması da Rusiyanın əlinə belə bir addım atmağa əsas verir. Bundan əlavə də Rusiyanın əlində böyük bir bəhanə var ki, hətta beynəlxalq güclər də ona heç bir təzyiq göstərə bilməz. Belə ki, ABŞ da müxtəlif ölkələrdə, hətta beynəlxalq qanunlara ziddi olaraq qoşunlarını yerləşdirib. Və Cenevrə Konvensiyasını da, digər müvafiq qanunları da araşdırsaq görərik ki, Amerikanın İraqda və Əfqanıstanda qoşun yerləşdirməsi, üstəlik bu ölkələrdə dövlət qurumları yaratması bu qanunlara ziddir. Amma, ABŞ bunu beynəlxalq terrorizmə qarşı mübarizə cəhdi kimi edib və etməkdədir. Terrorizmdən bir çox ölkələrin əziyyət çəkdiyini nəzərə alsaq, Cenevrə Konvensiyasının müvafiq bəndlərinin keçərli olmadığının şahidi oluruq. Ən azı mənəvi və özünümüdafiə baxımından. Bu mənada, beynəlxalq qanunlarla Rusiyaya təzyiq etmək mümkün deyil. Amma orada yerləşdirilən silahların —«Adi silahlar haqqında Cenevrə Konvensiyasına»– nə dərədədə uyğunluğunu müzakirə etmək olar. Və burada S-300 raketlərinin yerləşdirilməsi məsələsi gündəmə gələ bilər. Çünki 2008-ci ildə Rusiya Gürcüstan müharibəsi zamanı əldə olunan danışıqlara əsasən Rusiya müəyyən mənada Gürcüstanın təhlükəsihliyinə zəmanət verirdi. Gürcüstana yaxın yerlərdə bu tipli silahlar yerləşdirməsi bu razılaşmaya ziddir. Zənnimcə, Rusiyanın üzərinə gediləcək məqamlar bunlardır.

Sonda onu demək istərdim ki, bütün bu addımlar-Türkiyənin Azərbaycanla, Rusiyanın Ermənistanla hər hansı hərbi əməkdaşlığa getməsi hələlik bölgədəki güclərin «əzələ nümayişi» kimi qəbul edilməlidir. Çünki hazırki şərait bölgədə konkret hərbi əməliyyatlara başlanmasını istisna edir.

Related Articles

Back to top button