Statements

Gömrük rəhbərliyi vətəndaşların cibindəki qəpik-quruşa göz dikir…

Nazirlər kabinetinin poçt daşımaları üçün gömrük rüsumlarına edilən dəyişiklik geri çağırılmalıdır. Bunun üçün bütün vətəndaşlardan, dövlət orqanlarından, deputatlardan və sahibkarlardan dəstək istəyirəm. Biz sübut etməliyik ki, müzakirə, ictimai rəy və dialoqla məsələləri həll edə bilərik. Bu ölkəmiz, hakimiyyət nümayəndələrinin sevdiyi ifadə olan dövlətçiliyimiz (hərçənd ki, bəziləri bu sözü maskalanmaq və pərdələnmək üçün istifadə edir) üçündür.

Büdcəni doldurmağın başqa yolları var. Dövlət satınalmalarına ciddi nəzarət lazımdır, dövlətdən pul alıb cibinə qoyanların, xaricdən dövlət zəmanəti ilə kredit götürüb iş görənlərin və sonra da o kreditləri dövlətə ödətdirənlərin yaxasından tutub silkələmək və məsuliyyətə cəlb etməklə büdcəni doldurmaq olar. İqtisadiyyatın bütün sahələrində qanunun diktaturasını yaratmaqla indikindən ən azı 2-3 dəfə büdcə artımına nail olmaq olar.

Gömrük komitəsi və rəhbərliyi şəffaflığı və büdcə artımını öz həyatları və fəaliyyətlərində yaratsın, sonra sadə vətəndaşların cibində olan qəpik-quruşa göz diksin.

Hər kəsi bu çağırışa qoşulmağa və geniş şəkildə paylaşıma dəvət edirəm.

Hörmətli Baş nazir Əli müəllimdən xahiş edək ki, Nazirlər kabinetinin qərarına yenidən baxsın və onu ləğv etsin. İndiki sosial şəraitin ağır, kiçik və fərdi sahibkarların çətin bir durumda olmasını, sadə vətəndaşların ehtiyaclarını nəzərə alaraq bu qərarın ləğv olunmasına ehtiyac var.

İnanmaq istərdim ki, bu qərarın sadə vətəndaşların yaşayış səviyyəsinin düşməsınə səbəb olacağı Azərbaycan Prezidentinə dürüst olaraq məruzə olunacaq. Yadınıza gəlirsə, 2014-cü ildə Prezident bu məbləğin hətta 10,000 manata qaldırılması ilə bağlı sərancam da imzalamışdı. İki ay sonra isə manatın dəyərdən düşməsi səbəbindən həmin sərancam ləğv edildi.

Hər kəsdən dəstək gözləyirik!

Related Articles

Back to top button