Interviews

Razi Nurullayevin Misir hadisələri ilə “deyerler.org” saytına müsahibəsi

Misirdə baş verən son nümayişlər və etiraz aksiyaları artıq dünya gündəminin bir nömrəli mövzusuna çevrilib. Vəziyyəti ən çox ciddiləşdirən isə, bundan öncə Tunisdə baş vermiş xalq inqilabı və bu inqilab nəticəsində prezidentin ölkədən qaçmasıdır. İndi bu kimi etirazların yayıldığı bir sıra ölkələr də Tunis dərsindən qorxuya düşüb. Ən kəskin etirazlar nümayişləri isə qeyd edildiyi kimi, Misirdə müşahidə olunur. Tunis prezidentinin 23 illik hakimiyyətinə son qoyulmasını istəyən xalq kimi, indi misirlilər də Hüsnü Mübarəkin 30 illik rejiminə son qoyulmasını tələb edir. Vəziyyəti ən çox ciddiləşdirən amillərdən biri də budur ki, 30 il ərzində Hüsnü Mübarək ABŞ və Qərbin Yaxın Şərqdə ən yaxın müttəfiqi hesab olunduğu təqdirdə, indi onlar da Misir prezidentini qorxudacaq bəyanatlar verir. Obama son çıxışında bildirib ki, o, dəfələrlə Mübarəki ölkədə siyasi-sosial islahatlar keçirməyə çağırır. Artıq prezidentin əsas varisi hesab olunan Calal Mübarəkin də ölkədən qaçdığı haqqında məlumat yayılıb. İnsanlar isə nümayişləri dayandırmır və özlərinə prezidentliyə yeganə layiq gördükləri şəxsi – MAQATE-nin keçmiş rəhbəri Muhəmməd Əl-Bəradeyini ölkəyə dəvət ediblər. O da Misirə gəlib və hakimiyyətə qarşı başlamış nümayişlərə qatılıb. Bütün bunların fonunda çoxlu sayda suallar ortalığa çıxır. Bu sualların bir qismini “Deyerler.org”-a müsahibə verən AXCP sədrinin xarici əlaqələr üzrə müavini, politoloq Razi Nurullayevlə dəqiqləşdirdik.

– Razi bəy, sizcə, Misirdə bu gün baş verənlər Tunisdə baş vermiş inqilabın dünyaya təsiri kimi qiymətləndirilə bilinərmi? Misir nümayişləri Tunis inqilabının davamıdırmı?

– Mən hesab edirəm ki, Tunisdə baş verən hadisələr gözlənilməz, öncədən planlaşdırılmamış bir xalq hərəkatı idi. Bu həm də xarici qüvvələrin təsir etmədiyi bir proses idi. Amma bundan sonra dünyada baş verəcək proseslər, idarə olunan proseslər olacaq. Bir növ Tunisdə baş verənlər bəzi xarici qüvvələrin əlinə yaxşı imkanlar verdi. Mən əminəm ki, Tunisdə baş verənlər qonşu ölkələrə keçəcək və keçməkdədir. Yəqin ki, Misir də uzun müddət davam gətirə bilməyəcək. Məncə, burada Avropa Birliyinin də, Amerikanın da maraqları var ki, bu cür desbotik rejimlər devrilsin. Tunisdə baş verənlərdən sonra desbotik dövlətlər öz siyasətlərində korrektlər etməyə başlayıblar. Tunis hakimiyyətinin etdiyi səhvləri etmək istəmirlər. Hakimiyyət də öz güc strukturlarını kifayət qədər gücləndirib, fövqəladə vəziyyət elan olunub. Müxalifəti və xalqı küçələrə çıxaracaq qüvvələr də nəzarət altına alınıb. Qabaqlayıcı tədbirlər görüldüyünə görə digər ölkələrdə bunu etmək daha çətindir. Onun üçün də həmin ölkələri demokratik dövlətlər sırasında görmək istəyən ölkələr də müəyyən işlər görməyə başlayıb.

– Sizcə, bütün baş verənlər fonunda Mübarəki də Tunis prezidentinin taleyi gözləyirmi?

– Bunu birmənalı demək, əlbəttə ki, çətindir. Amma buna dəlalət edən işartılar meydana çıxıb. Belə ki, onun oğlunun artıq ölkədən çamadanlarla qaçması barədə xəbərlər yayılıb. Bu, onu göstərir ki, Misir rəhbərliyi artıq özü üçün müəyyən tədbirlər də görüb. Xalq hərəkatı daha da güclənərsə və idarə olunmaz hala gələrsə, əlbəttə ki, onların təyyarəsi hazır vəziyyətdədir və onlar gedəcəklər.

– Bəs nəyə görə, 30 il ərzində Hüsnü Mübarəki Yaxın Şərqdə özünün ən əsas müttəfiqi kimi görən ABŞ birdən-birə öz dəstəyini ondan əsirgəmək qərarına gəldi?

– Bunun çox sadə bir düsturu var. Birləşmiş Ştatlar və Avropa dövlətləri indiyə qədər öz enerji təhlükəsizliklərini və digər maraqlarını təmin etmək və öz dövlətlərinin milli təhlükəsizliyini təmin etmək üçün digər xalqların haqqını, əməyini tapdalayıb və həmin ölkələrin rəhbərliyi ilə əməkdaşlıq edib. Onların sayəsində də öz müəyyən maraqlarını yerinə yetirirdilər. ABŞ və Qərb hesab edirdi ki, desbatik rejimlər o qədər güclüdür ki, onları devirmək mümkün olmayacaq və onlara qarşı heç kəs çıxmayacaq. Eyni zamanda onlar hesab edirdilər ki, bu ölkələrdə yaşayan ərəb xalqı o qədər haqqını bilməyəndir ki, səhralarda yaşayan biriləri nə inqilab edə bilər, nə də haqqını başa düşə bilər. Amma artıq dünyanın düzəni dəyişib. Xalqlar bu siyasəti qəbul etmir. İndi Qərb başa düşdü ki, onların düşüncələri özünü doğrultmur və siyasətləri yanlış olub, xalqlarda ayılma prosesi gedir, xalqlar demokratikləşmək istəyir. Əgər 20 il bundan qabağa baxsaq, görərik ki, dünyada 150-yə qədər desbotik dövlət var idi. İndi isə dünyanın siyasətində belə təcrübə çox azdır. Buna görə də, dünyanın siyasətini müəyyənləşdirməyə iddialı olan Avropa və ABŞ, hansı müttəfiqi olmasından asılı olmayaraq, öz hüquqlarını tanıyan xalqların hakimiyyəti ilə barışmağa məcbur olub.

/Deyerler.org/

Related Articles

Back to top button