Interviews

Müxalifətin birləşməsində söz oyununa ehtiyac yoxdur

Razi Nurullayev: “Təklif istər bizdən, istərsə onlardan gəlsin, bunun önəmi yoxdur”

Bu günlərdə mətbuata açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər AXCP-Müsavat birliyi istiqamətində gedən proseslərə yeni bir nüans gətirdi. Belə ki, onun “Bizim Yol” qəzetinə müsahibəsindən belə çıxır ki, AXCP ilə Müsavatın birləşməsi ideyası onların deyil, cəbhəçilərin təklifi olub.

İsa Qəmbər isə açıqlamasında bir daha bəyan edib ki, 2010-cu il iyulun 15-də AXC-nin yubiley çıxışında Rəsulzadə-Elçibəy yoluna bağlı qüvvələrin bir partiyada birləşmək imkanının nəzərdən keçirilməsini təklif edib. Yalnız Müsavatla AXCP-nin birləşməsi təklifini isə əslində AXCP irəli sürüb: “Mən bu gündən indiyə qədər də həmin təklifim istiqamətində fəaliyyət göstərirəm, demokratik düşərgənin toparlanmasına çalışıram, bu istiqamətdə qərarlar qəbul edirik, partiyalar səviyyəsində də, vətəndaş cəmiyyəti ilə də iş aparılır. Bu təklifə nə reaksiyalar oldu. Bəzi partiyalar bu prosesdə iddiasız iştirak etməyə hazır olduqlarını bildirdi, bəziləri gözləmə mövqeyi tutdu və qəti yox demədilər, ancaq xüsusi bir maraq da göstərmədilər. Yalnız AXCP bu məsələyə xüsusi maraq göstərdi və bunu AXCP-Müsavat birləşməsi şəklində təqdim etməyə başladı. Prinsip etibarilə bu, AXCP-nin təklifidir və biz də istənilən birlik təklifini hər zaman müsbət dəyərləndirmişik. Ancaq burada bir məqam var ki, Müsavat Partiyası da bu məsələni Divan və Məclis səviyyəsində müzakirə etdi. Partiyanın qərarı bundan ibarət oldu ki, indiki mərhələdə demokratik düşərgənin toparlanması istiqamətində səylər göstərilməlidir. AXCP-yə gəldikdə isə, bu iki partiya arasında müttəfiqliyi qoruyub saxlamaq və dərinləşdirmək lazımdır”. Müsavat başqanının fikirlərindən belə anlaşılır ki, AXCP-Müsavat birləşməsinin ideoloqları məhz birincilərdir. Görəsən bu nə dərəcədə doğrudur?

AXCP sədrinin müavini Razi Nurullayev suala konkret cavab verməsə də, söz oyununun tərəfdarı olmadığını söylədi: “Siyasətdə söz oyunu mümkündür. Amma indiki halda müəyyən siyasi proseslərlə ölkənin gələcəyi üçün lazım olan addımlarda söz oyunu və sözdən qaçma meyllərini yaxşı dəyərləndirmirəm. İstənilən halda, təklifin kim tərəfindən gəlməsindən asılı olmayaraq, bu, cəmiyyətin sosial sifarişi olan bütün müxalifət qüvvələrinin birləşməsidir. Artıq təklif istər bizdən, istərsə də onlardan gəlsin, bunun önəmi yoxdur. Önəmlisi partiyaların birləşməsidir. Azərbaycan xalqı, tərəqqipərvər, xalqı azad görmək istəyən cameə bu prosesin başında əsasən də AXCP ilə Müsavatı görür. Onlar birləşərsə, digər partiyalar da onlara birləşməyə meyl edə bilər. Artıq burada əsas məsələ partiyaların birləşməsindən ibarətdir. AXCP bu partiyaların birləşməsi üçün istənilən şərtlərlə və istənilən məkanda hər bir şeyə hazır olduğunu bəyan edib. Ona görə də qurultayda birləşmə ilə bağlı qərar verib. Hesab edirəm ki, tək Müsavatla AXCP-nin yox, onlar birləşəndən sonra digər partiyaların da təmərküzləşməsi Azərbaycanda demokratik prosesləri sürətləndirərdi. Bu birliyin baş tutmasına süni əngəllər varsa, o zaman artıq bunu Azərbaycan xalqı da yüksək qiymətləndirməyəcək. Digər tərəfdən, artıq Azərbaycan siyasi proseslərin elə bir nöqtəsinə gəlib çatıb ki, bu gün siyasi ambisiyalar irəli sürmək düzgün deyil. Hazırda Azərbaycan müxalifətinin ən önəmli məsələsi birləşmə olmalıdır. Bunu ölkə ictimaiyyəti, özümüz, beynəlxalq aləm də istəyir. Söz oyunlarına ehtiyac yoxdur. Belə olarsa, bu sonrakı birləşmələrə ziyan verəcək.

Müsavatla AXCP birləşmirsə də, birgə addımlar, birgə strategiyalar, taktikalar işlənib hazırlanmalıdır. Birbaşa birləşmək Müsavat üçün sırf olaraq önəmli deyilsə, birləşməyə yaxın nə isə tapılmalıdır. Burada partiyalar ayrı-ayrılıqda liderlik yox, bir lider və vahid koordinasiya altında hərəkət etməlidir. Tunis və Misirdə baş verən hadisələr göstərir ki, partiyaların birliyi yoxdursa, o zaman situasiya nəzarətdən də çıxa bilər. Onun nəzarətdən çıxması isə beynəlxalq aləmə də sərf etmir. Onlar xaos vəziyyətində fəaliyyət göstərən müxalifətə dəstək verməkdən çəkinir. Çünki ölkənin xaosa getməsini istəmir. Azərbaycanda proseslər bu şəkildə davam edərsə, xalq nə vaxtsa küçələrə çıxarsa, amma buna baxmayaraq partiyalar beləcə dağınıq halda olarsa, Azərbaycan müxalifəti düzgün dəstəyi ala bilməyəcək. İstənilən halda, birləşməyə qarşı çıxmaq öz-özlüyündə müxalifət cameəsinə yaraşmayan hərəkətdir. Təklikdə hakimiyyətlə mübarizə aparmaq imkanlarımız məhduddur. Belə halda olan qüvvələrin parçalanması eyni zamanda hakimiyyətin rəyinə oynamaqdır”.

http://www.baki-xeber.com/new/2011/01/31/get=55242

Related Articles

Back to top button