Interviews

Şərq dünyası bir vaxtlar Qərbin ondan aldıqlarını indi özünə qaytarır

Son zamanlar ərəblərlə bağlı həm internet məkanında, həm də qəzetlərdə heç də birmənalı olmayan yazılar və müzakirələr gedir. Dəvə belində gəzən ərəbin inqilablar etmək, öz haqqını tanımaq, demokratiyada yaşamaq, gələcəyini özü müəyyən etmək kimi mülahizələrə sahib olmaq bacarığı şübhə altına alınır. Ərəb dünyasının son zamanlarda çalxalanması və diktator rejimlərə qarşı nümayişlərin başlanması isə bir çoxları üçün gözlənilməz oldu. Aydın oldu ki, ərəb dünyasının çoxlarının təsəvvür edə bilməyəcəyi dərəcədə böyük potensialı var və potensial yalnız iqtisadi inkişafla məhdudlaşmır.
Bununla bağlı fikirlərini “Deyerler.org” ilə bölüşən AXCP sədrinin müavini, politoloq Razi Nurullayev hesab edir ki, ərəb dünyasının iqtisadi inkişafı, artıq onların düşüncə tərzlərinin də xeyli inkişaf etməsinə təkan verib: “Son zamanlarda ümumiyyətlə ərəb dünyasında çox ciddi proseslər baş verir. Bu, onunla əlaqədardır ki, ərəb dövlətləri artıq dünyanın ən varlı dövlətlərinə çevrilir. Və əgər bir vaxtlar xristian dünyası Şərqdən ən dəyərli nailiyyətləri, texnologiyanı, fəlsəfəni götürüb özündə inkişaf etdirib, yeni bir inkişaf səviyyəsinə çatmışdısa və Şərq dünyası ondan çox geri qalmışdısa, bu gün həmin tarixin əksi baş verir. Artıq indi həmin geridə qalmış xalqlar, onların biliklərindən istifadə edən insanlardan yaxşı olanları əxz edib inkişaf etdirməyə başlayır. Bu gün ərəb dünyasında fəaliyyət göstərən aviaşirkətlər dünyanın bir nömrəlisi hesab olunur. Bu gün bütün dünya ticarəti Ərəb Əmirliyindən öyrənir. Hətta ölkəmiz də iqtisadi texniki əsaslandırmanı Dubaydan öyrənib. Və mən hesab edirəm ki, ərəb dünyasının bu inkişafı ilə onların müxtəlif biliklərə də yolları açıldı. Belə demək olar ki, indiki dövr müsəlman dünyasının intibahı dövrüdür”.
Razi Nurullayev bildirir ki, artıq Qərb dünyası da Şərqin bu inkişafı ilə razılaşmaq məcburiyyətində qalır: “Artıq bir çoxları müsəlman dünyasının demokratiyanı bilməməsi, demokratiyaya layiq olmaması barədə iddiaları geri götürməyə başladı. Qərbin müsəlman dünyası barədə yalnış fikirləri bir daha təkzib olundu. İkinci tərəfdən isə, ABŞ və Qərb dünyası əmin oldu ki, diktaturalarla deyil, xalqlarla işləmək lazımdır”.
/Deyerler.org/

Related Articles

Back to top button