Interviews

Artıq ABŞ xalqlarla işləməyə üstünlük verir

«Xalqın tələbləri ilə razılaşmayanlar getməyə məhkumdur»

Seçkiləri uduzandan sonra hakimiyyətdən öz xoşu ilə getmək istəməyən Kot-d’Ivuar prezidenti Loran Qbaqbonun həbsinə ABŞ-ın münasibəti gözlənilən kimi olub. Bununla bağlı fikir bildirən dövlət katibi Hillari Klintonun sözlərinə görə, Qbaqbonun ələ keçirilməsi diktatorlar və tiranlara göstərir ki, hakimiyyətdə qalmağa çalışsalar, bu aqibətlə üzləşəcəklər. Xatırladaq ki, xanım Klinton bir müddət əvvəl də ölkəsinin avtoritar rejimlərin yanında olmayacağını açıqlamışdı. Bu kimi açıqlamalar hazırda hakimiyyətdə olan digər avtoritarlara da xəbərdarlıq kimi qiymətləndirilir. Belə olan halda avtoritar rejim başçıları bundan özləri üçün hansı nəticəni çıxarmalıdır?AXCP sədrinin müavini, politoloq Razi Nurullayevin fikrincə, avtoritar liderlər Obamanın hakimiyyətə gələndən sonra həyata keçirdiyi fəaliyyətdən özləri üçün nəticə çıxarmalı idi: “Obama administrasiyası ilk gündən Ağ evdəki lobbiçilərin fəaliyyətini qanunla qadağan etdi. ABŞ-ın Iraq və Əfqanıstanda yeritdiyi siyasətin müəyyən mənada iflasa uğramasından sonra gördü ki, hər hansı diktatorla əməkdaşlıq edən zaman həmin dövlətin xalqından uzaq düşür. Bu da beş-on il davam edəndə elə problemlər yaradır ki, artıq onu onilliklər ərzində həll etmək olmur”.

Ekspertin sözlərinə görə, artıq ABŞ xalqlarla işləməyə üstünlük verir. ABŞ-ın Misir və Liviyadakı mövqeyi bunun sübutudur və bu, demokratik qüvvələri qane edir.

R.Nurullayev Loran Qbaqbonun həbsini də avtoritarlara mesaj kimi dəyərləndirir: “Bu artıq belə bir mesaj verir ki, istər prezident ol, istər baş nazir, istənilən halda xalqın tələbi ilə razılaşmırsansa, getməyə məhkumsan. Digər tərəfdən gözəl ənənə yarandı və ərəb inqilabları ilə daha da inkişaf etdi. Istənilən dövlətdə prezidentlərdən tutmuş kiçik məmurlara qədər kimsə xalqın pulunu oğurlayıbsa, nə vaxtsa əlindən alınacaq. Artıq Misirdə və Liviyada baş verən hadisələr bunu sübut etdi”.

Ekspert hesab edir ki, bundan sonra avtoritar rejimlər baş verənlərdən nəticə çıxarmalı, xalqla işləməli və xalqın tələbinə əməl etməlidirlər. Əks halda həmin diktatorların da aqibəti sələfləri kimi olacaq.

Related Articles

Back to top button