Interviews

Azərbaycan müharibəyə başlaya bilər?

Bazar, 24 Aprel 2011, Azadlıq qəzeti

Razi Nurullayev: «Azərbaycan belə bir addım atmaq istəyirsə, ilk növbədə ölkədə müxalifətlə iqtidar arasında həmrəylik olmalıdır»

Beynəlxalq qurumlar ara-sıra Qarabağda hərbi əməliyyatların başlayacağına dair ehtimallar irəli sürür. Bunlardan birini Beynəlxalq Böhran Qrupunun rəhbəri Sabina Freyzer də dilə gətirib. Onun fikrincə, Azərbaycan tərəfi qəfil hücuma keçərək Ağdam və Füzuli rayonlarını azad edəcəyini ehtimal edir. Freyzerin bu fərziyyəsi nə dərəcədə real görsənir?

Politoloq Razi Nurullayev belə bir məsələnin müzakirə edildiyini istisna etmir. Lakin hazırda Azərbaycanda, eyni zamanda beynəlxalq aləmdə olan siyasi şərait belə bir konflikti ölkəmizin başlamasına imkan vermir. Ekspert hazırda Azərbaycan hakimiyyətinin də belə bir niyyətdə olmadığını deyir. Bu səbəbdən də belə məlumatlar ciddi qəbul edilə bilməz: “2008-ci ildə Gürcüstanda Saakaşvilinin yürütdüyü siyasətə uyğun olaraq, qəflətən hücum edərək torpaqları azad etmək istəyi Azərbaycana baha başa gələ bilər. Çünki Rusiya Azərbaycanın bu kaprizinə dözən deyil. Məsələ Türkiyə ilə razılaşdırılmayıbsa, o da narazı qala bilər. Digər tərəfdən, həmsədr ölkələr Azərbaycanın mövqeyini müdafiə edə bilməzlər”.
Ekspertin fikrincə, bu addım Azərbaycanın Dağlıq Qarabağla bağlı apardığı siyasəti tamamilə iflasa uğrada bilər. Bununla da Dağlıq Qarabağda Kosova hadisələrinə bənzər olaylar baş verə bilər. Çünki Azərbaycan belə bir addım atmaq istəyirsə, ilk növbədə ölkədə müxalifətlə iqtidar arasında həmrəylik olmalıdır. Hakimiyyət özbaşına belə addım atarsa, bunun müqabilində ölkəyə ciddi ziyan dəyə bilər.

Üzeyir Cəfərov: «Hakimiyyət ölkə daxilindəki narazılıqları azaltmaq üçün də Qarabağda müəyyən addımlar ata bilər»

Hərbi ekspert Üzeyir Cəfərov da belə bir hücumun gözlənilmədiyini deyir. Lakin ekspert Azərbaycanın belə planının olduğunu da qeyd etdi: “Azərbaycanda belə plan var. Sadəcə olaraq, o hücum olmayacaq. Çünki rəsmi Bakı birmənalı şəkildə üzərinə öhdəlik götürüb ki, məsələ danışıqlar yolu ilə həll olunacaq.
Ekspertin sözlərinə görə, hazırda münaqişə ətrafında vəziyyət onsuz da gərgindir. Beynəlxalq qurumlar bilərəkdən, ya bilməyərəkdən gərginliyin yaranmasına şərait yaradır. Azərbaycanın keçirdiyi təlimlər də səbəbsiz deyil. Lakin hazırda heç bir müharibə əhval-ruhiyyəsi yoxdur. Sadəcə qısa, razılaşdırılmış toqquşmalar baş verə bilər. Bu da beynəlxalq qurumlara bir mesaj olacaq.
Ü.Cəfərovun fikrincə, hakimiyyət ölkə daxilindəki narazılıqları azaltmaq üçün də Qarabağda müəyyən addımlar ata bilər: “Azərbaycanın siyasi rəhbərliyi ölkə daxilindəki narazılıqlara cavab olaraq düşmənə müəyyən əzələ nümayişini də gündəmə gətirə bilər. Bu məsələ də çox uzaqda deyil”.

Related Articles

Back to top button