“Bu müxalifətin məhvinə aparıb çıxara bilər” – Müsahibə
29 İyun 2012
Bakı. Ramil Məmmədli – APA. AXCP sədrinin müavini Razi Nurullayev APA-ya müsahibəsi
– İctimai Palatanın blok formatında prezident seçkisində iştirakını necə dəyərləndirirsiniz?
– Əlbəttə ki, bu mümkündür. Amma eyni zamanda İctimai Palatanın missiyası preizdent seçkilərində iştirak etmək deyil. Bu qurum 2010-cu ildə yaradılan zaman parlement seçkilərinin nəticələrinin ləğvi, eyni zamanda alternativ fikir və düşüncə mərkəzi kimi formalaşıb. İndiyə qədər də uğurlu fəaliyyət həyata keçirib. Ən azından İctimai Palata beynəlxalq aləm tərəfindən qəbul olunub və Azərbaycanda da güc mərkəzidir. Amma burada cəmiyyətin müxtəlif təbəqə və spektrləri iştirak etdiyindən düşüncə və beyin mərkəzi kimi qalmalıdır. Amma bunu artıq prezident seçkiləri ilə bağlı vahid namizədə bağlamaq, onu dağıtmaq və müxalifətin ən uğurlu birliklərindən birini məhvə aparmaq Azərbaycan müxalifətinin məhvinə aparıb çıxara bilər.
– İctimai Palatanın prezident seçkilərində vahid namizəd məsələsi ilə bağlı fikirlərində müxtəlif yanaşmalar mövcuddur. Bu məsələnin həllini mümkün hesab edirsinizmi?
– Bu məsələdə həqiqəti demək lazımdır. İctimai Palatada vahid namizəd mübarizəsi və ya danışıqlar AXCP ilə Müsavat Partiyası arasında ola bilər. Çünki ən iddialı partiyalar bunlardır. Bu partiyalar öz aralarında razılığa gələrək vahid namizəd ortaya çıxararlarsa, o zaman artıq mənə belə gəlir ki, digər söhbətlərə ehtiyac qalmayacaq. Amma bu gün həmin məsələ ilə bağlı fikirlər həddindən artıq çoxdur. Açığı, bizim partiyamızın da prezident seçkilərində iştirak etmək niyyəti var. AXCP sədri Əli Kərimli çox qətiyyətlidir ki, o bu seçkilərdə iştirak etməlidir. Müsavat Partiyası haqda da eyni fikri söyləmək istəyirəm. Belə görünür ki, artıq bu partiyalar arasında vahid namizəd məsələsi öz həllini tapmayacaq. Mən isə onun tərəfdarıyam ki, vahid namizəd məsələsi ancaq İctimai Palata çərçivəsində həll olunmamalıdır və bundan faciə düzəltmək lazım deyil. Əgər İctimai Palata doğrudan da vahid namizəd müəyyən etmək istəmirsə, buna görə İctimai Palatanı dağıtmaq Azərbaycan müxalifətinə və xalqına ziyan vurmaq deməkdir. Bu gün hər bir namizədin seçkidə iştirak etmək haqqı var. Bu günə qədər də bizim partiya üzvlərinin fikri budur ki, Əli Kərimli prezident seçkilərində heç vaxt iştirak etməyib və bu səbəbdən də bu seçkiyə qatılmalıdır. Amma bütün bunlara baxmayaraq, AXCP bu məsələ ilə bağlı müəyyən danışıqlara və təkliflərə hazırdır. Bununla bərabər ictimai rəy də önəmli rol oynamalıdır. Ümumiyyətlə isə indidən vahid namizəd məsələsini ortaya atmaq və bununla da İctimai Palatanı zəiflətmək meylləri görməkdəyəm. AXCP-nin isə fikri İctimai Palatanın beyin və düşüncə mərkəzi kimi qorunub saxlanmasıdır. Bu gün ortaya konkret ideyalar atmaq və bunu şişirtmək məncə, müxalifətin özünə qarşı təxribatdır.
– Müsavat Partiyası tərəfindən İctimai Palatada vahid namizəd məsələsi həll olunmadığı təqdirdə qurumun funksiyasını dayandırması ilə bağlı təkliflər səslənir.
– AXCP bu kimi fikirləri qətiyyətlə bölüşmür. İctimai Palatanı dağıtmaq müxalifətə ən böyük zərbə ola bilər. Bu, Azərbaycan müxalifətinin xarici əlaqələrinə də təsir göstərə bilər. İctimai Palatanın dağılması müxalifətin birliyi haqda onların illüziyalarının məhv edilməsi deməkdir. Hesab edirik ki, İctimai Palatada vahid namizəd məsələsinin ortaya atılması bir separatizmə, dağıntılığa aparıb çıxara bilər.
– Belə olan təqdirdə vahid namizəd məsələsinin müəyyənləşdirilməsi ilə bağlı müzakirələrin nə zaman başlanmasını istərdiniz?
– Bilirsiniz, İctimai Palata AXCP və Müsavat Partiyasının birliyi deyil. Orada təmsil olunan tanınmış ziyalıların, vətəndaş cəmiyyəti təşkilatının üzvlərinin mövqelərinə niyə hörmətsizlik edilməlidir? Əgər bu iki partiya İctimai Palatanın dağılmasına gətirib çıxara biləcək addım atsa, digər müxalifət partiyalarının liderlərinin “İctimai Palata AXCP və Müsavat Partiyasından ibarətdir” fikrini təsdiq etmiş oluruq. Qurumun siyasi hərəkata çevrilməsinə, ziyalıların alət kimi istifadə edib dağıdılmasına imkan vermək olmaz. Bunlara görə kim cavab verəcək? İctimai Palata AXCP və Müsavatın təbii monopoliyasında olsa da, bundan sui istifadə edərək, həmin insanlara qarşı ədalətsizlik etmək düzgün deyil. Çünki yenidən bu insanları bir çətir altına toplamaq çox çətin olacaq. Digər tərəfdən “vahid namizəd” fikri demokratiyası oturşmamış ölkələrdə meydana gəlir. Başqa ölkələrdə onlarla namizəd ola bilər. Azərbaycan reallığında isə bu təbii ehtiyaclardan doğan məsələyə çevrilib. Reallıqlara uyğun olaraq, yeni taktikalar üzərində də işləmək olar. Vahid namizəd olmadı deyə, bədbinliyə qapılmaq olmaz. Hər bir halda AXCP İctimai Palatanın qorunub saxlanması üçün əlindən gələni edəcək.
– Vahid namizəd məsələsi AXCP üzvləri arasında necə qavranılır?
– Partiyada aşağıdan gələn ciddi tələb var. Əli Kərimli prezidentliyə namizəd olmalıdır. Bu cür daxili təzyiq var. Əlbəttə bu məsələdə İsa Qəmbəri də Əli Kərimlini də anlamaq olar. Hər bir halda İctimai Palatanın dağıdılmasına ehtiyac yoxdur.
http://az.apa.az/news.php?id=265170