ArticlesRazi Nurullayev

İndiyə kimi Qarabağa aid nə iş görülüb? – Araşdırma

Razi Nurullayev

24.06.2011 | 12:18

Kiçik tarix

Ermənistan Azərbaycan ərazisinin 20 faizini – Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. 1988-ci ildən başlayan işğal nəticəsində 1991-ci ilin dekabrınadək, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93- cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağ ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün 1992-ci ildə ATƏT çərçivəsində 10-a yaxın ölkənin iştirakı ilə Minsk qrupu yaradılıb; 1997-ci ildən Minsk qrupunda üç ölkə – ABŞ, Rusiya və Fransa təmsilçilərindən ibarət həmsədrlər fəaliyyət göstərirlər. 

Amma hələ də, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb. Bəs məsuliyyəti kim daşımaılıdır? Əlbəttə, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün və məcburu köçkünlərin yurd-yuvalarına qayıtması ilk məsuliyyət hakim partiyanın – iqtidarın üzərinə düşür. İnkar etmək olmaz ki, münaqişənin həlli çox çətindir. Amma, gəlin görək DQ münaqişəsinin həlli üçün hansı hüquqi baza var və bu bazadan hazrıkı hakimiyyət yararlanıbmı?
Beynəlxalq münasibət Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq qanunların Azərbaycanın tərəfində olduğu heç kimə sirr deyil. Lakin, bu qanunların effektiv və yerli-yerində Azərbaycan diplomatiyası tərəfindən istifadə olunduğunu deyə bilmərik. Məlumdur ki, əksər xarici diplomatlar vurğulayır ki, Ermənistan və Azərbaycan cəmiyyətlərində kök salmış stereotiplər var, məhz, onlar münaqişənin həllinə maneçilik törədir. Çıxış yolunu isə daha çox kompromisdə görürlər. Digər tərəfdən isə, haqlı olaraq vurğulayırlar ki, həm də Qarabağ münaqişəsinin həlli yolunda ilk öncə siyasi iradə də olmalıdır.

Beynəlxalq Qanunlar Azərbaycanın tərəfində

BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi (30 aprel 1993)
BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsi (29 iyul 1993)
BMT Təhlükəsizlik Şurasının 874 saylı qətnaməsi (14 oktyabr 1993)
BMT Təhlükəsizlik Şurasının 884 saylı qətnaməsi (12 noyabr 1993)
1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurası Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 saylı dörd qətnamə qəbul edərək Azərbaycanın ərazi toxunulmazlığını təsdiqlədi, işğalçı qüvvələrin tutduqları torpaqlardan qeyd-şərtsiz çıxmasını tələb etdi. Lakin həmin sənədlərdə başlıca məqam – bu işğalın konkret olaraq Ermənistan dövləti tərəfindən həyata keçirilməsi faktı gözardı edilmişdi.

Bir faktı qeyd etmək istərdim ki, BMT Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü ildə Kəlbəcərin işğalı ilə bağlı qəbul etdiyi 822 saylı qətnaməsi o zamankı AXCP hakimiyyətinin düzgün və məntiqli xarici siyasəti sayəsində əldə olunmuşdu. Məhz, birinci qətnamədən sonar digər 3 qətnamə də məntiqi sonluq kimi qəbul olunmalı idi.

BMT

BMT Nizamnaməsinin 2-ci maddəsində yazılıb ki, təşkilata üzv dövlətlərin bir-birinin suverenliyinə, sərhəd toxunulmazlığına qəsd etməsi yolverilməzdir. 6-cı maddədə isə yazılıb ki, BMT Nizamnaməsinin prinsiplərini sistematik olaraq pozan ölkə Təhlükəsizlik Şurasının təqdimatı və Baş Assambleyanın qərarı ilə təşkilatdan xaric edilə bilər. Nəhayət, BMT Nizamnaməsinin 51-ci maddəsinə görə, Azərbaycana məruz qaldığı işğala son qoymaq üçün hərbi gücə əl atmaq hüququna malikdir.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 9 dekabr 1948-ci il tarixdə qəbul olunmuş “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında Konvensiya” əsasında Xocalı soyqırımı ilə bağlı Ermənistanın başını daima ağrıda bilər. Lakin, Azərbaycanın bunu etməsi üçün Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) üzv olması vacibdir. Nə Azərbaycan, nə də Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyillər. BCM-ə üzv olmaq üçün ölkələr «Roma statusu» deyilən sənədi imzalamalıdırlar. Bu sənədin ratifakasiya edilməməsinin əsas səbəbi ondan ibarətdir ki, münaqişə tərəfləri arasında müharibə ehtimalı yüksəkdir və hərbi əməliyyatlar başlayarsa, o zaman həm hərbçilər, həm də hökumətlər cinayətə cəlb oluna bilərlər.

Azərbaycan hərbçiləri, bilgimə görə, heç bir hərbi cinayət törətməyib. Amma, erməni hərbçilərinin cinayətləri ilə bağlı ortada kifayət qədər faktlar var. Bunu əlində əsas tutaraq, Azərbaycan BCM-nə üzvlüyə müraciət etməlidir. Bu yolla, Dağlıq Qarabağ separatçılarını, hərbi cinayətlər törətmiş şəxsləri müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etmək olar. Ermənistan üzv olmasa da, cinayətdə adları çəkilən fərdlərin cinayətə cəlb olunması çox asanlaşar.

Digər tərəfdən, Azərbaycanın müharibə başlayarsa, hərbi müharibə cinayətləri törədəcəyinə inanmaq istəməzdim. İstər-istəməz, böyük və kiçikliyindən asılı olmayaraq, cinayətkərlar gec-tez məhkəmə qarşısında dayanırlar. Bu baxımdan, indiki iqtidarın BCM-nə üzv olmamasını başa düçmək çətindir və bunu xarici siyasətdə boşluq kimi dəyərləndirirəm. Çünki, Azərbaycan hökuməti Xocalı soyqırımı ilə bağlı Ermənistan dövlətinin cinayət törətmiş şəxslərini fərdi qaydada Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa məhkəməsi) verə bilər

Beynəlxalq Ədalət Məhkəməsi — BMT Nizamnaməsinin 92-ci maddəsinə görə Birləşmiş Millətlər Təşkilatının ali məhkəmə orqanıdır. Xocalı soyqırımı ilə bağlı bu məhkəməyə müraciət edilə bilər.

ATƏT-in Helsinki Yekun Aktı

Azərbaycan demək olar ki, Helsinki Yekun Aktının bütün prinsiplərini yerinə yetirir, Ermənistan isə əksinə, bu Aktda təsbit olunaraq 8-ci bənddə əksini tapmış xalqların öz müqəddəratını təyinetmə hüququnu əsas gətirərək ona qarşı çıxır. Lakin, Helsinki yekun Aktında açıq-aşkar bildirilir ki, öz müqəddəratını təyinetmə hüququ yalnız BMT Nizamnaməsi, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü çərçivəsində reallaşdırıla bilər. Bu sənədin 2-ci bəndində deyilir ki, Helsinki Yekun Aktının heç bir iştirakçısı digərinə qarşı gücdən istifadə etməməlidir. Helsinki Aktının 4-cü bəndində dövlətlərin ərazi bütövlüyünün qorunmasından bəhs olunur. Heç bir iştirakçı dövlət digərinin ərazi bütövlüyünə şübhə ilə yanaşmamalı və ona qarşı fəaliyyət göstərməməlidir.
Azərbaycan və Ermənistan prezidentləri bir daha Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı, həmçinin prezidentlər Dmitri Medvedyev, Nikola Sarkozi və Barak Obamanın 10 iyul 2009-cu ildə Akvilldə, 26 iyun 2010-cu ildə Muskokada verdikləri bəyanat əsasında birdəfəlik nizamlanmasına nail olmaq barədə öhdəliklərini təsdiqləyiblər.
26 may 2011-ci ildə həmsədr ölkə başçılarının Dovildə verdikləri bəyanata dair isə, nə Azərbaycan, nə də Ermənistan qəbul edib-etməməkləri barədə fikir bildirməyiblər. Münasibətin 24 iyunda Rusiya prezidentinin vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin Kazan görüşündə aydınlaşması gözlənilir.

Cenevrə Konvensiyaları

Cenevrə konvensiyalarının 1949-cu ildə imzalanmış 4 konvensiysı hərbi münaqişələr vaxtı mülki şəxslər, əsirlər, yaralılar və hümanitar işçilərin qorunması, müdafiəsi nəzərdə tutulur. Bu konvensiyaların müdafiəçisi Beynəlxalq Qırmızı Xaç Komitəsidir.
4-cü Cenevrə Konvensiyasının 33-cü maddəsi işğal olunmuş ərazilərdə kütləvi cəzaları müharibə cinayətləri kimi qələmə verir. Bu maddə ilə də Ermənistandan şikayət verilə bilər.
Bu konvensiyanın 53-cü maddəsi Azərbaycan ərazilərində aparılan dağıdıcılıq, əmlakın talan edilməsi də Ermənistanı pis vəziyyətə qoya bilər.
Evlərin sökülməsi və sakinlərin qovulması 4-cü Cenevrə konvensiyasının 49-cu maddəsinin kobud şəkildə pozulmasıdır.

Nəticə

Bu kiçik araşdırmada əsas hüquqi sənədləri sadaladım və mahiyyətini açmağa çalışdım. Indi sual ortaya çıxır? Niyə Azərbaycan iqtidarı bu vaxta kimi Ermənistanla hüquqi müstəvidə də müabrizə aparmayıb? Yaxud hüquqi müstəvidə Ermənistanı cəzəlandırmaq üçün dörd bir tərəfə səpələnən neft pulları ilı güclü beynəlxalq hüquqşünasları bu işə cəlb etməyib? Cavabını, pis-yaxşı bilirik. Amma, bizi “radikal müxalifət” adlandıranlar, bunu da radikal mövqeyimiz kimi qələmə verəcəklər. Radikallıqdan uzaq mövqeyi isə qoy onlar sərgiləsinlər. Cavabınızı gözləyirəm…

Related Articles

Back to top button