Rusiya protokolların ratifikasiyasında maraqlıdırmı?
02/02/2010
Politoloqlar rusların siyasətini ikiüzlü hesab edirlər
“Biz Türkiyənin Qafqazda sülhün əldə edilməsi istiqamətində səylərini dəstəkləyirik və regionda baş verənləri diqqətlə izləyirik… Heç kimin protokolları şübhə altına almağa və riskə atmağa ixtiyarı yoxdur”. Bu fikirləri Rusiya prezidenti Dmitrii Medvedyev Türkiyə prezidenti Abdulla Güllə telefon danışığında bildirib. Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığında Rusiya prezidenti Dmitri Medvedyevə cavab olaraq Abdulla Gül Ermənistan Konstitusiya Məhkəməsinin qərarından narahatlığını onun diqqətinə çatdırıb. O deyib ki, protokollara bəzi əlavələr və düzəlişlər edir, bu isə iki ölkə arasında münasibətlərin normallaşmasına dair əldə edilən anlaşmalara ziddir. Bununla belə, Türkiyə prezidenti ölkəsinin Ermənistanla münasibətləri normallaşdırmaqda qərarlı olduğunu ifadə edib: «Biz Ermənistan Konstitusiya Məhkəməsinin qərarının protokollara məhdudiyyət yaradıb-yaratmayacağına dair izahat almaq istəyirik”.
Politoloq Razi Nurullayev Rusiyanın protokolların ratifikasiyasının gecikməsindən narahatlığını ikiüzlü siyasət adlandırıb. «Dağlıq Qarabağ münaqişəsinin həllinə daimi əngəl olduğu halda özünü vasitəçi kimi qələmə verdiyi kimi burada da eyni rolu oynayır. Nə qədər ki, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür və tam olaraq Rusiyanın maraqlarına cavab vermir, Rusiya Dağlıq Qarabağ probleminin həll olunmasına imkan verməyəcək». Protokollar məsələsində Rusiyanın tutduğu mövqeyi şərh edən politoloq son proseslərdən bəzi nəticələr çıxdığını bildirir: «Rusiya Türkiyənin regionda güclənməsini heç cür qəbul edə bilmir. Lakin Türkiyə ilə kifayət qədər ticari və digər əlaqələri olduğu üçün ona düşmən mövqedən də çıxış edə bilmir. Ona görə də bu cür bəyanatlarla guya protokolların ratifikasiya edilməsinin tərəfdarı kimi çıxış edir».
Politoloq Ərəstun Oruclu da hesab edir ki, Rusiya Türkiyəyə qarşı bu cür mövqe tutmasıyla bir neçə məqsəd güdür: «Rusiya görüntü yaratmaq istəyir ki, guya bütün geosiyasi məsələlərdə onun mövqeyi dünya birliyiylə üst-üstə düşür. Amma əslində belə deyil. Elə o cümlədən də Sürix protokolları məsələsində. Ermənistan Konstitusiya Məhkəməsinin qərarında Rusiyanın rolu olduğu sübut olunmasa da, hamımız yaxşı bilirik ki, Ermənistanın bütün hakimiyyət qanadları Rusiyanın nəzarəti altındadır».
Qızılgül