ArticlesPublic speaking

Baş verən son terror hadisəsi terrora olan baxış bucağını 180 dərəcə dəyişdi

Bir neçə gün öncə Norveçdə dəhşətli terror hadisəsi baş verdi. Bu hadisəni törədən isə Norveç əsilli Andres Breyvik idi. Bütün bunların fonunda əsas diqqət çəkən məsələ isə hadisəni şərh edən zaman istifadə edilən ritorika idi. Belə ki, hər hansı terror hadisəsində müsəlman adına danışan bir şəxsin izi olurdusa, o zaman bütün müsəlmanlara terroçu adı qoyulurdu. Lakin Osloda baş verən hadisə zamanı isə hadisəni törədən norveçliyə ən yaxşı halda ekstrimist adı verildi. Bu açıq-aşkar ikili ritorikanın təzahürünün göstəricisidir.

Bu barədə “Deyerler.org”a danışan AXCP sədrinin müavini Razi Nurullayev də bu fikirdədir: “Mənə elə gəlir ki, Norveçdə baş verən hadisə ekstrimist deyil, terror hadisəsidir. Bunun adını terror olaraq adlandırmaq lazımdır. Çünki bu hadisəni törədən şəxs son məlum olan məlumata görə, 75 nəfəri terror edərək öldürüb. Bilirsiniz ki, terror uzun müddət hazırlanmış bir əməliyyatdır. Həmin bu hadisəni törədən şəxs də 3 tona qədər gübrədən partlayıcı maddə hazırlayaraq insanları qətlə yetirib. Buna başqa ad vermək də olmaz. Hesab edirəm ki, Avropa müəyyən mənada şok yaşadı və yaşamağa davam edəcək. Burada iki məqamı qeyd etmək istərdim: Avropada müsəlmanlara qarşı müəyyən ədalətsizliklər olub. Müsəlmanların adları daim terrorla birgə hallanıb, İslamın terroru təşviq etdiyi bildirilib və bu vaxta kimi bütün terroçuların müsəlmanların içindən çıxdığı bildirilirdi. Məhz bu ideyanı yaşatmaq üçün bəzən Qərb mətbuatı həmin şəxsi terrorçu kimi qələmə vermək istəmir. Digər məqam isə bundan ibarətdir ki, Avropada sanki müsəlman-xristian qarşıdurması var. Bunun nəticəsində Norveç kimi demokratik ölkədə yaşayan bir insan illərlə qəlbində gəzdirdiyi nifrəti öz soydaşlarını öldürməklə insanların nəzərinə çatdırmaq istəyir. Hesab edirəm ki, baş verən son terror hadisəsi terrora olan baxış bucağını 180 dərəcə dəyişdi”.

Related Articles

Back to top button