Interviews

Rusiyanın Qafqaz maraqları tükənən deyil

Vladimir Putin: “Qafqaz xalqları müstəqil yaşaya bilməz”

Razi Nurullayev: “Bu I Piyotrdan əvvəl və onun dövründə güclənən Rusiya imperiyasının açıq təzahürüdür”

Rusiyanın baş naziri Vladimir Putin rəsmi Kremlin dəstəklədiyi ilk çeçen prezidenti Əhməd Kadırovun 60 illik yubileyi ilə əlaqədar açıqlama verərkən siyasi dillə ölkəsinin məkrli planlarını açıqlayıb. O, bildirib ki, Qafqaz xalqları müstəqil yaşaya bilməyəcəklər. Putinin sözlərinə görə, bəzi dövlətlər iqtisadi və siyasi baxımdan işğal etdikləri ölkələrdən Rusiyanı zəiflətmək üçün istifadə edirlər. Çeçenistan prezidenti Ramzan Kadırovun işini yaxşı yerinə yetirdiyini və onun etibarlı bir adam olduğunu deyən baş nazir Çeçenistanın Rusiyadan ayrılmasını istəyənlərin nə dediklərini bilməməkdə ittiham edib. (Lent.az)

Maraqlıdır, V.Putin Qafqaz xalqlarının müstəqil yaşaya bilmədiklərini deyərkən nəyi nəzərdə tutur. Çünki Qafqazın Şimalı Rusiya Federasiyasına daxildirsə, Cənubunda olan dövlətlərdə ikisi – Gürcüstan və Azərbaycan müstəqildir. Həm də bu müstəqilliyini 20 ildir davam etdirir. Düzdü, rəsmi sənəd üzərində Cənubi Qafqazın üçüncü dövləti – Ermənistan da müstəqil dövlət kimi göstərilir. Lakin, bu dövlətin de-fakto Rusiyanın forpostu olması heç kimə sirr deyil.

Təbii ki, Putinin açıqlamasına və Rusiyanın xarici siyasətinə diqqət yetirdikdə nə demək istədiyini açıq şəkildə görmək mümkündür. Belə ki, o, bu açıqlama ilə Gürcüstan və Azərbaycanı yenidən işğal etmək istədiyini, bütün dünyanın da bu işğalı tanımağa hazır olmalarının mesajını verir.

Politoloq Razi Nurullayev isə dedi ki, bunu iki prizmadan dəyərləndirir. “Birincisi, burada tarixə baxmaq lazımdır. Tarix də ondan ibarətdir ki, I Piyotrdan əvvəl və onun dövründə güclənən Rusiya imperiyasının açıq şəkildə təzahürüdür. Çünki Rusiya həmin dövrdən başlayaraq Qafqaz xalqlarını müstəmləkə halına salmağa başlayıb. Rusiya gözəl bilir ki, Qafqaz olmadan onun strateji sərhədlərə və xətlərə çıxışı bağlana bilər ki, bununla da strateji layihələrinin təhlükə altında qalması baş verə bilər. Eyni zamanda Qafqazda başlanan müstəqillik təlatümü və istəkləri Rusiyanın digər bölgələrinə də atıla bilər. Demək olar ki, Rusiya imperiya ambisiyası üzərində qurulan bir dövlətdir. Uzaq Şərqdən başlayaraq Qərb hissələrinə qədər çox xalqları assimilyasiya edərək ruslaşdırıb.  Amma onlarda oyanma hisləri baş qaldırıb. İkinci mesaj isə bundan ibarətdir ki, heç bir halda Qafqaz xalqları müstəqil ola və yaşaya bilməz. Onlar Rusiyasız yaşaya bilməz deməklə, birinci dediyim məsələ – I Piyotrdan başlayan əsarət, müstəmləkəçilik, ikinci isə Rusiyanın onlara heç bir müstəqillik verməyəcəyinin bəyanatıdır”.

“Bu bəyanatı Azərbaycan və Gürcüstana “gec-tez Rusiyanın tərkibinə daxil olacaqsınız” mesajı kimi qiymətləndirmək olar”, sualına cavabında R.Nurullayev dedi ki, Rusiyada bu cür düşünən insanlar var. “Ola bilsin ki. Rusiyanın iqtisadi gücü tam təmərküzləşəndən sonra və Rusiyada siyasi sistem tam oturuşandan sonra Rusiya bu iddiaya düşsün. İddia da bundan ibarətdir ki, İddia da bundan ibarətdir ki, MDB məkanının keçmiş SSRİ məkanına çevirsin. Bu bəyanatı bu cür də qiymətləndirmək olar. Bilirsiniz ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu yeni Osmançılıq ideyasını ortaya atdı. Bu gün də Türkiyə bunun sayəsində qlobal oyunçuya çevrilib. Rusiya da düşünür ki, mədəni və digər əlaqələr, yardımlar, diplomatiya vasitəsi ilə SSRİ-dən ayrılan xalqları inandıraraq yenidən SSRİ kimi bir qurum yarada bilərlər. Gələcəkdə də belə bir təşəbbüs olacaq. Düzdü zorla olmayacaq. Ola bilsin ki, müəyyən iqtisadi blok vasitəsi ilə onları bu blokda birləşdirməyə çalışsın. Amma məsələnin ikinci tərəfi də ondan ibarətdir ki, rusların özlərinin də çox gözəl bildiyi başqa istiqamət də inkişaf etməkdədir. Bu ondan ibarətdir ki, Rusiyanın özü yaxın 10 ildə parçalana bilər. Bu da onunla əlaqədardır ki, Rusiya ərazisində yaşayan xalqların milli oyanışının oyanması ilə əlaqədardır. Bu cəhətdən Rusiyanın tərkibində olan bir çox dövlətlər Federasiyadan ayrılaraq müstəqil dövlət olduqlarını elan edə bilərlər. Və yaxud da bunun üçün proses başlaya bilər. Lakin mən əminəm ki, bir çox Rusiyanın tərkibinə daxil olan bir çox xalqlar belə düşünən quruplara malikdirlər və məqam gözləyirlər. Bu ola bilsin ki, Rusiyanın imperialist planlarının qarşısını almağa yardımçı olsun”.

Məhərrəm

Oxucu.info

Related Articles

Back to top button