Interviews

Azərbaycanlıların ikiyə bölünmüş ürəyini cərrahiyyə əməliyyatı edib birləşdirsinlər

Razi müəllim, İranla bağlı dünya birliyi qətiyyət nümayiş etdirir. Sizcə bu sonda nə ilə nəticələnəcək?

Sonu bilmək Allaha məxsusdur. Mən isə bilim adamı və siyasətçi kimi düşüncələrimi və analizlərimi bölüşmək istərdim. Artıq İran bir neçə həftədir ki, bütün dünyaya hərbi gücünü nümayiş etdirir. Iki hərbi gəmisi Suveyş kanalını keçərək Aralıq dənizinə daxil olub və Suriyanın Tartus portunda lövbər salıb. Bu o deməkdir ki, İran Suriya məsələsində qətiyyət göstərəcək və Bəşər rejimini də müdafiə edəcək. İran heç də gücsüz dövlət deyil və dünya ictimaiyyəti də bunu bilməmiş deyildir.

İran ordusu quru qoşunlarına daxil olan 350,000 əsgərdən və 220,000 hərbi çağırışçıdan, 1600 ədəd zirehli texnikadan, 52,000 nəfərlik hərbi-hava qüvvələrindən, 300 yaxın döyüş təyyarəsindən, 23,000 dəniz matrosundan (3 sualtı qayıqda xidmət keçən matroslar) və raketdən müdafiə qurğularından ibarətdir.

Daimi ordu ilə paralel olaraq, İran İnqilabı Keşikçiləri dəstəsi də fəaliyyət göstərir. Bura quru qoşunları, hava və dəniz qüvvələri, o cümlədən xüsusi təyinatlı qüvvələr daxildir. Bu qüvvələr Iran İnqilabının başçısına tabedirlər.  Hal-hazırda,  İran İnqilabı Keşikçiləri dəstəsində 230,000 əsgər, 125,000 peşəkar hərbçi və 100,000 çox texniki işçilər, hərbi mühəndislər və alimlər vardır.

Şah rejimi vaxtında İranın hərbi donanması ən yaxşılardan biri hesab edilirdi. Amma, İrakla aparılan üzücü müharibə onun hərbi donanmasını tam sıradan çıxardı. Buna baxmayaraq, İranın 100-150 km mənzilli yer-dəniz tipli raketləri təhlükə törətmək gücündədir. Hörmüz boğazının eni 200 km-dən azdır. Digər tərəfdən, İranın kiçik qabaritli hərbi gəmiləri yüksək manevr qabiliyyətinə malikdir və onlar 5-10 km radiusa malik raketlərlə təchiz olunublar. Bu gəmilər, müharibə başlayarsa ciddi təhlükə mənbəyidir.

Amma, əlbəttə, İran ordusu hücum tipli ordu deyildir. Onlar müdafiə olunmağı daha yaxşı bacarırlar. Buna baxmayaraq, deməliyik ki, İsrail, ABŞ və digər NATO dövlətləri daha dəqiq və müasir silahlarla təchiz olunublar. İranın raketdən müdafiə sistemini də ideal hesab etmək olmaz.  Tehran artıq neçə illər çalışırdı ki, Rusiya istehsalı olan C-300 raket kompleksləri alsın. Amma, BMT-nin Təhlükəsizlik Şurasının 1929 saylı qətnaməsinə uyğun olaraq, 2010-cu ildə Rusiya prezidenti Dmitriy Medvedev 2007-ci ildə Tehranla bağlanan müqaviləni dondurmağa vadar oldu.

Bir məsələni qeyd etməliyəm ki, müharibənin başlayacağı təqdirdə İran, əlbəttə, baş ağrısı yarada biləcək, amma müharibəni uduzacaq. İranın bütün dünyaya meydan oxuması, daha çox psixoloji təzyiq göstərməkdir və eyni zamanda, daxili auditoriyanın döyüş ruhunun saxlanmasına və İran xalqının təmərküzləşməsinə yönəlib.

Iranın nüvə silahına malik olma haqqı yoxdurmu? Axı, əslində, İranı müharibə ilə hədələyən dövlətlərin nüvə silahı var. Digər tərəfdən, niyə İran hərtərəfli təzyiq obyektidir? Və nədən İran güc nümayiş etdirməyi sevir?

Dediyiniz suala bir neçə rakursdan yanaşma tərəfdarıyam.

Birincisi, digər dövlətlər kimi İran İslam Respublikasının da dinc nüvə layihəsi həyata keçirmə haqqı var. Lakin, problem ondadır ki, İranın nüvə layihəsi şübhəli məqamlarla doludur.  Fevralın ortalarında İran prezidenti Əhmədinecad Natanza şəhərində dördüncü nəsil sentrifuqun əldə edilməsini mümkün edən zavodun açılışında iştirak etdi. Bu o deməkdir ki, İran uranın zənginləşdirilməsini çox sürətlə davam etdirir. Dünya ictimaiyyəti çox narahat oldu. Israil düşünür ki, bir gün də İran artıq nüvə silahına malik olduğunu bəyan edəcək. Məsələ burasındadır ki, artıq ortada ciddi şübhələr var ki, İranın MAQATE nüvə agentliyinin əməkdaşlarına göstərdiyi nüvə zavod və qurğularından başqa yeraltı digər güclü zavodları da var. Bu narahatlıqlar boş yerdən yarana bilməz. Zavodun açılışından sonra, Rusiya da sanki, ayıldı. XİN Lavrov İranı MAQATE ilə əməkdaşlığa çağırdı. İran da bu məsələdə çox meydan oxuduğunun sanki mahiyyətinə vardı və fevralın 18-də İran XİN Əli Əkbər Salehi MAQATE nümayəndələrini İrana dəvət etdi.

15 fevralda Tehran nüvə silahının əldə edilməsində irəliləyişə nail olduğunu deyəndən sonra Rusiyanın XİN beynəlxalq aləmə tövsiyyə etdi ki, onlar İranla ciddi danışsınlar. Rusiyanın da marağında deyil ki, qulağının dibində bir dövlət nüvə silahına malik olsun və Rusiyadan asılılığı aradan qalxsın. Zənnimcə, Rusiyanın əlində faktlar var ki, İran atom bombası yaratmağa gözlənildiyindən daha sürətlə yaxınlaşmaqdadır.

Indi baxaq məsələnin mahiyyətinə. İranın nüvə silahına malik olmamasını tələb edən ölkələr də bu sahədə yetərli addım atmırlar. Onlar nüvə silahının azaldılması və tədricən bu təhlükəli arsenalın ləğv edilməsini nəzərdən keçirsələr də praktik addımlar yoxdur. Özlərinə rəva gördüklərini başqalarına niyə rəva görmürlər? İran dövlətinin də əlində olan bəhanə budur. İran deyir ki, niyə İsrailin nüvə silahı olsun, amma mənim yox? Burada haqq kimin tərəfindədir? İran dövlətinin rəyinə görə haqq onların tərəfindədir. Burada məntiq də var.

Iran artıq 4 ildir ki, nüvə silahı ilə bağlı manevrlər etməkdədir. Tehran nüvə silahının dinc məqsədlər üçün istifadə edəcəyini deyir. Amma, ABŞ və İsrail İranın bu vədinə inanmır. Kəşfiyyat məlumatlarına görə, İran 2013-cü ildə nüvə silahına malik ola bilər. Hal-hazırda, Tehran uranı 20% qədər zənginləşdirə bilib. 90% qədər zənginləşdirə bilsə, artıq o nüvə başlıqları hazırlaya bilər.

Lakin, İranın nüvə silahına malik olması da İsrailin bir dövlət kimi təhlükə içərisində yaşaması deməkdir. Mənə belə gəlir ki, danışıqlar yolu ən dürüst yoldur. Israil ilə İran arasında birbaşa danışıqların aparılması dünyanın xeyrinədir və yaxşı olardı ki, İran İsrail dövlətini tanısın. Israil üçün isə yaxşı olardı ki, dünya ictimaiyyətinin rəyinə məhəl qoysun və Fələstinin işğal etdiyi torpaqlarından çıxsın və sülh davam etdirilsin.

Digər problem nüvə silahının bəşəriyyəti məhv etmə təhlükəsidir. Bu ölümcül silah İranın nəyinə lazımdır, axı. Məgər, Azərbaycan, Türkiyə, qonşu Ərəb dövlətləri razıdırmı ki, İranın nüvə silahı olsun? Yox. Çünki, qəzalar olan zaman bizim dövlət kimi yer üzündən silinmə təhlükəmiz yaranır. Yaponiyada baş verən zəlzələdən sonra yaranan təhlükə nə tez yaddan çıxdı? ABŞ-ın Nikosima və Xiroşima şəhərlərinə atdığı nüvə bombasının öldürücü təsirini nə tez unutduq?

Ikincisi, insan hüquqları və demokratiya universal bir dəyərdir. Iranda bu dəyərlərin inkişaf etdirilməsinə böyük bir ehtiyac var. Bu dəyərlərə əməl olunmaması, müxalif səsin boğulması, dinin ölkənin həyatında aldığı əsas yer, dinlə siyasətin vəhdəti və s. kimi problemlər İranı daim təzyiq altında saxlayacaq. Dünya İranın beynəlxalq dəyər kimi qəbul edilən meyarlardan kənar bir cəmiyyət formalaşdırmasına daha dözməyəcək. Nəinki İran, bu sahədə problemləri olan bütün dövlətlər dəyişməli olacaqlar. Onlar dəyişməsələr, onları zorla dəyişəcəklər. Buna görə də İran ciddi demokratiya açılışı etməli və dinlə siyasətin yerini ayırmalıdır.

Üçüncüsü, İranın güc nümayişi tarixi keçmişdən qaynaqlanan təkəbbürlükdür. Azərbaycan türklərinin də yer aldığı və yönətdiyi, Fars imperiyası tarixi bir gerçəklikdir və ən güclü imperiyalardan biri olmuşdur. Persiya bu regionda həmişə söz sahibi olub və qonşu imperiya və dövlətlərlə yarış şəraitində imperialist siyasətini həyata keçirib. Onunla daim hesablaşıblar. Bu gün də İran tarixin ona verdiyi şansın hələ də boynundan asıldığı iddiasındadır. Amma, artıq tarix çox dəyişib. Indi silah, güc və hədələrlə heç nəyə nail olmaq mümkün deyil.

Dördüncüsü, İranın Neft Sənayesi Nazirliyi artıq Britaniya və Fransa şirkətlərinə neft satmağı dayandırıb. İran neftindən asılı olan və təxminən Avropa Birliyinin 18% neft ehtiyacını ödəyən İranın əsas ixracı Yunanıstan, İtaliya, Portuqaliya və Hollandiyaya düşürdü. Yaxınlarda, həmin ölkələrə də neft ixracatı dayandırılacaq. AB İran neftinin nəqlinə 2012-ci ilin iyul ayının biirindən embarqo qoyur. Amma, İran artıq sübut edə bilir ki, İran AB-ni embarqoya məruz qoya bilər. Çünki, İran öz neftini Çin və Hindistana nəql etməkdə problem görmür və həmin ölkələr də İran neftini qəbul etməkdə çox maraqlı görünürlər.

2. İrana qarşı başlayacaq hər hənsı müharibə Azərbaycana nə vəd verir?

Ermənistan kartını unutmaq olmaz. Rusiya da bundan yararlanacaq. İranla müharibənin olması Azərbaycana yaxşı heç nə vəd etmir. Bir az ayıq başla düşünmək lazımdır. Əminəm ki, İranla müharibə başlasa, Ermənistan da Rusiyanın və İranın köməkliyi ilə Dağlıq-Qarabağda münaqişəni bərpa edəcək. Bunun üçün kifayət qədər bəhanələr tapılar. Ikincisi, inanmıram ki, beynəlxalq aləm Azərbaycanın birləşməsinə razı olsun. Qərb maraqlı ola bilməz ki, Iran parçalansın və xaos içində olan bir dövlətə çevrilsin. Onlar İranla ona görə müharibə aparmaq istəmirlər ki, biz Azərbaycanlıların ikiyə bölünmüş ürəyini cərrahiyyə əməliyyatı edib birləşdirsinlər. Əgər, müharibə olacaqsa, müttəfiqlər İranda siyasi rejimin dəyişməsinə çalışacaq və dövlətin digər atributlarına isə toxuna bilməyəcək. Biz, sadəlövhcəsinə inana bilmərik ki, İran dini dövlət quruluşundan dünyəvi dövlət quruluşuna keçəcək. Əksinə, müharibə nəticəsində bu meyllər güclənə də bilər. Sübut kimi, Ərəb Baharının demokratiya qurbanına çevrilən Liviya, Tunis və Misir gözümüz önündədir. Demokratik olmaq, universal dəyərlərə hörmət etmək və s. dinsizlik anlamına gəlməməlidir.

Azərbaycanla İran arasında gərginlik hökm sürsə də, ölkəmizin İrana hücüm edilməsinin tərəfdarı olmasını istəməzdim və düşünmürəm ki, iqtidar da belə senariyə razı olsun. Bununla bərabər, İranın nüvə başlıqlarına malik olması da yolverilməzdir. Bu bizim hamımızın təhlükəsizliyimiz üçündür. Iranlı qardaş və bacılarımızın təhlükəsizliyi üçündür. Nüvə silahından hələ heç kimə fayda gəlməyib.

 

ABŞ-ın İranı vurmasında Gürcüstanın potensialından istifadə məsələsini necə dəyərləndirirsiniz?

Zənnimcə, yaxın zamanlarda İsrail ABŞ-ın razılığını alıb İranı vura bilər. Bu sadəcə vaxt məsələsidir. Çünki, İranın nüvə silahına malik olması İsrailin bir dövlət kimi təhlükə içində yaşaması deməkdir. Buna görə də, Tehran da çox gözəl bilir ki, bu tarix yaşanacaq və ona görə də sürətlə silahlanmaqdadır. Əgər, İran İsrailin hücumunu gözləyirsə, məntiqlə İranın da sürətlə silahlanmasını tənqid edə bilmərik. İranın da özünü və dövlətini qoruma instinkti və haqqı var. Bunları nəzərə alaraq, İran da qonşularını nəzərdən keçirir və potensial təhlükənin haradan gəldiyini bilən kimi, savaş başlasa, o ölkələri də vuracaq. Saysıs-hesabsız terror səhnələrinin şahidi ola bilərik. Məhz, bu məntiqlə Gürcüstanın öz ərazisindən platsdarm kimi istifadə olunmasına razılıq verəcəyinə inana bilmərəm. Sizcə, Rusiya burnunun dibində bu reallıqla barışarmı? Xeyr! İnanın ki, Rusiya Gürcüstanı işğal edər. Buna şübhəm yoxdur. Azərbaycan fərqli vəziyyətə malik olsa da, amma bizim İran dövləti ilə tarixi bağlılığımızı nəzərə alaraq, belə bir ölkəyə çevrilməmiz də mümkünsüz görünür. Türkiyə də buna getməyəcək.

Ona görə də, müharibə başlayarsa, bu əsasən, Fars körfəzində və ərəb dövlətlərində yerləşən ABŞ hərbi bazalarından idarə ediləcək. Hörmüz boğazı müharibə meydanına çevriləcək.

Qələbə hansı tərəfdədir? Yəni İran fars molla rejiminin caynağından qurtula biləcək?

Müharibə varsa, birmənalı qələbə olmur. Faktdır ki, İran təkbaşına birləşmiş NATO qüvvələrinin hücumuna tab gətirə bilməz. Amma, İran da müttəfiqsiz deyil. Rusiya, Çin və Hindistanın bu məsələdə mövqeyi nəzərə alınmazsa, müharibə uzana da bilər. Nəticədə, “qaş qayırmaq yerinə, vurub gözü də çıxararlar”. Yəqin ki, bu həqiqətləri də ABŞ və İsrail nəzərə alır. ABŞ imkan versə, İsrail dərhal hərbi əməliyyatlara başlayar. Amma, bir şərtlə ki, ABŞ onun arxasında dayansın. ABŞ İsrailin arxasından çəkilən an, İsrail bütün gücünü qeyb edə bilər. Türkiyə, ABŞ-ın iştirakı olmadan İsrailin İranı vurmasına razı olmayacaq, amma bəlkə də ABŞ-la bu sahədə dil tapa bilər. İsrailin isə Türkiyənin üzərindən İranı cəzalandırmaq istəməsi, Türkiyənin ayağını tapdamaqdır. Buna görə də, qələbədən danışmaq yersizdir. Digər tərəfdən, bu tip məsələlərdə dövlətlər tərəfindən “qələbə” sözünü işlətmək belə qıcıqlandırıcıdır.

Molla rejimi isə İranın siyasi həqiqətləridir. Iran xalqı buna qərar verməlidir. Bu qərar üçün isə İranın dini və siyasi hakimiyyətinin demokratiya açılımı etməsi İran dövlətinin və xalqının xeyrinədir.

Related Articles

Back to top button