Interviews

İlham Əliyev, Donald Tramp, Vladimir Putin və Yeni Parlament

YAP tərəfindən parlamentin buraxılması nə qədər ürəklərə su səpib.

Sevinənlər də çoxdur, sanki gedənlərin yerinə onlar gələcək və yaxud bununla da xalqın sosial və siyasi problemləri çözüləcək. Bu, həqiqət də, yanlış da ola bilər. Səbəblər isə deputatların missiyasının cəmiyyət tərəfindən doğru anlaşılmaması və yaxud bu cür təbliğat nəticəsində stereotiplərin yaranmasıdır. Məgər deputat yol salan, abadlıq aparan, kanalizasiya və su xətləri çəkəndir, yoxsa xeyriyyəçi? Dövlət içində öz kiçik müstəqil dövlətini qurmağa çalışanlara yardımçılar da, hər şeyi bu etmiş kimi öz təbliğatını aparanlar da var. Kölgəsində yatdığı ağacın kəsilməsinə göz yumanlar da az deyil. Bu barədə altbaşlıqda daha ətraflı fikir bildirəcəyəm. 

Reallığı və hazırki vəziyyəti real dərk edərək, heç də kimsənin vəzifəsindən getməsini, səlahiyyətlərindən məhrum olmasını bayram edənlərdən deyiləm. İstisnalar da var, bu da xalqdan oğurlayan, xalqa yuxarıdan aşağı baxan, özünü kiçik padşahlar kimi aparan və telefonlara cavab verməyi belə özünə sığışdırmayan əhli-keflər, əqidəsiz, mədəniyyətsiz, özbaşına və az qala quldura çevrilən vəzifə və səlahiyyət sahibləridir. Onlar nəinki getməlidir, həm də həbs olunaraq oğurladıqları əllərindən alınmalıdır. 

Artıq parlament buraxılmaq ərəfəsindədir, səbəbləri təhlil etmək və fikir bildirməyə ehtiyac var.  

Azərbaycan nədir, İlham Əliyev, yoxsa?..

Amerikada dollar zəifləyirsə, günahkar Donald Trampdır, dollar güclənirsə, buna nail olan Donald Trampdır. Bir Amerika əsgəri ölürsə, gözlər Trampa dikilir, Amerika əsgəri Bağdadini öldürür, komandan, tarix yazan və qəhrəman Donald Trampdır. Dünyanın ən güclü raketini yaradan Vladimir Putindir, Rusiyanı sanksiyalara məruz qoyan da odur. Çıxan nəticə isə budur: 

Bu gün Azərbaycanın yaxşısı da, pisi də İlham Əliyev deməkdir. Yazılmamış qanunlara və insan baxışlarına görə, Azərbaycan elə İlham Əliyev deməkdir. Bu hakimiyyətdə təmsil olunanların hər bir mənfi və müsbət hərəkətlərinin, ifadələrinin, davranışlarının birbaşa İlham Əliyevə aidiyyatı var. Ya onu tənqidə, ya da tərifə məruz qoyurlar.

Əgər bir dövlət yetkilisi, vəzifəli şəxsi xalqı incidirsə, qəbul etməyib qapısında gözlədirsə, sonra isə gizli qapıdan çıxıb yeyib-içməyə gedirsə, bu, birbaşa tutduğu yola, dövlət başçısına və xalqa xəyanətdir. Bir vəzifəli şəxs üzərinə düşən vəzifəni yerinə yetirmək üçün rüşvət tələb edirsə, biznesmenlərin işinə özünü şərik pərçimləyirsə, onlardan qanunsuz ödənişlər tələb edirsə, bu, xalqa və Prezidentə xəyanətdir. Təyin olunan bir vəzifəli şəxs özbaşınalıq edirsə, büdcə vəsaitlərini oğurlayıb biznes qurursa, qeyri-qanuni yollarla az qala oliqarxa çevrilirsə və bu yerə haradan, necə gəldiyini unudaraq, az qala özünü, nəslini xilaskar görürsə, bu, artıq Yəhuda İskariot xəyanətidir. 

Bir təyinatlı, vəzifəli şəxs vətəndaşın problemini həll edirsə, birinin qolundan tutub qaldırırsa, vəzifəsini doğru-dürüst icra edirsə, yenə də bu, dövlət başçısı İlham Əliyevin adına yazılır, əksi də həmçinin.

Bu, bütün dünyada belədir. Biz Amerika və Rusiyadan danışanda orada nə nazir, nə icra başçısı, nə də deputat gözümüzün önünə gəlir. Pisi və yaxşıları ilə gözümüz önündə canlanan kəs ölkənin birinci şəxsləridir: Donald Tramp və Vladimir Putin. Azərbaycan deyiləndə də gözlər önünə İlham Əliyev gəlir. İlham Əliyev adının müsbət və mənfi anlamda gözlər önünə gəlməsi isə təyin etdiyi vəzifəli şəxslərdən, seçilməsi üçün imkanlar yaradılan deputatlardan və onun kölgəsində özünə cənnətlər yaradan kəslərdəndir. 

Görünən budur ki, kölgəsində yatdığı ağacın kəsilməsinə müqavimət göstərməyənlər, silkələnən ağacdan isə hələ də çəkinmədən və “elə belə də olmalıdır” düşüncəsi ilə əl uzadıb bar dərənlər bağışlanmayacaq. Demək ki, parlamentdə bu cür şəxslər da var idi və onlar yola salınır! 

Siyasi partiya idarəçiliyi və tabeçilik

Siyasi partiya mühərrikli, vintli, boltlu, qaykalı, əyləcli və idarəetmə rulu olan bir maşındır. Sükan kimin əlindədirsə, adı çəkilən bütün digər yardımçı mexanizmlər də ona tabedir. Əyləc sıradan çıxanda qəza olur, bolt, qayka boşalanda, təkər yerindən çıxır. Əfsuslar olsun ki, əksər partiyalarda –  iqtidar, iqtidaryönlü və müxalifət partiyalarında bu mexanizm normal qurula bilmir. Hələ də demokratiyanı anarxiya kimi qəbul edirlər. Hələ də sərhədsiz insan azadlığını liberalizm və demokratya kimi düşünürlər. Sərhədsiz, çərçivəsiz azadlıq varmı? Hər bir azadlığın, hər bir idarəçiliyin sərhədləri var və kənara çıxanlar cəzalandırılır. 

Siyasi partiyada olanlar verilən qərarlara hörmət və riayət etmirsə, artıq onlar maşını xarab etməyə namizəd detala çevrilirlər. Bu, həqiqətən də belədir. Çoxluq qərar qəbul edirsə, digərləri buna əməl etməlidir. Verilən qərarlar, atılan addımlar kiminsə xoşuna gəlmirsə, razılaşmırsa, sözünü deyir, sonra isə ya istefa verir, ya da çoxluğun iradəsinə tabe olub nizamnamə qaydalarına əməl edir. 

Təəssüflər olsun ki, hər iki tərəfdə razılaşmayanlar və etiraz edənlər var, amma çoxluğun iradəsinə tabe olub qaydalara əməl etməyənlər də var. Bununla yanaşı, yenə siyasi partiyada qalıb yararlanmaq istəkləri də onları tərk etmir. 

Amma çalxalanma, silkələnmə və ələnmə prosesi hər iki tərəfdə gedir. YAP ilk olaraq dözümsüzlüyünü ortaya qoyur və güzəşt dövrünün bitdiyini elan edir. Parlamentin buraxılmasını labüdləşdirən şərtlərdən də biri bu oldu!

Parlamentdən olan gözlənti və reallıq

Parlamentin Prezident və ailəsini söyüş və təhqirlərdən qorumağa gücü çatmadı. Əgər az qala bütün dünyanın qanunverici orqanları ilə işbirliyində, əlaqədə, dostluqda, şəxsi tanışlıqda olan parlament dövlətin birincisini və ətrafını qoruya bilmirsə, yaxud seyrçi mövqedə durursa, o lazımdırmı? Yəqin ki, dövlətin birinci şəxsi üçün bunu düşünənlər sonunda qərar verməli oldular ki, xeyr, lazım deyil. 

Hansı bir normal dövlətçiliyi olan ölkədə dövlət başçısı və ailəsi yeri, yurdu, şəxsiyyəti bəlli olan kəs tərəfindən təhqir olunar, amma dövlət onları həmin ölkələrin qanunları ilə məsuliyyətə cəlb etməyə acizlik göstər bilər? Məgər bu qədər dövlət yetkilisinin, bu qədər deputat korpusunun, bu qədər dövlətlərarası dostluq komitələrinin bu məsələni həmin dövlətin yetkililəri ilə həll etmək bacarığı olmadı? Bəlkə bunu istəmədilər, hətta ola bilsin istisna olaraq bəziləri ürəklərində həmin tənqid və söyüşlərə bəraət də qazandırdılar?

Başqa bir ölkənin vətəndaşının Azərbaycanda oturub digər ölkənin birinci şəxsini təhqir etməsinə göz yumula bilərmi? Həmin ölkələr anındaca həmin şəxsin qanunlar çərçivəsində həbs və deportasiya olunmasına nail olmazmı? Əgər Avropa ölkələrində terrorizmə, baş kəsməyə, öldürməyə, qan tökməyə aylarla, illərlə çağırış edənlər varsa və onları həmin ölkələrin qanunları ilə cəzalandırmağa nail ola bilmirlərsə, daha nədən danışmaq olar?

Başqa bir həqiqət də var. Bəzi millət vəkillərinin davranış və çıxışları birbaşa Prezidenti “nokauta” salırdı və bunun sonu da görünmürdü. Çünki dediyimiz kimi, deputatlar arasında kim nə edirsə etsin, nə deyirsə desin, şərhlər və tənqidlər birbaşa Prezidentə ünvanlanırdı. İnsanlar çaş-baş qalmışdı ki, bunlar Prezidenti doğrUdan da bilərəkdən və ya bilməyərəkdən zərbə altına qoyurlar?

Sonuc o oldu ki, parlament Prezident və ailəsini, dövlətçiliyi, insanların rifahını tam olaraq müdafiə etməkdə iflas etdi. Nəticəsi də bu!

Yeni parlament necə olmalı

Birinci növbədə steoreotiplər dəyişməlidir. Deputat yol çəkən deyil. Şəhid ailəsinə ev alıb bağışlayan deyil. Su, qaz, kanalizasiya çəkən deyil. Xeyriyyəçi deyil. Bu işlər dövlətin və onun yaratdığı strukturların büdcədən ayrılan vəsaitlər hesabına vəzifə borclarıdır. Heç bir vəzifəli şəxsin vətəndaşların verdiyi vergi ilə, yaxud xalqın sərvəti olan neft – qazdan gələn vəsaitlə formalaşan büdcədən ayrılan və oğurladığı pullarla xalqın nümayəndələrinə minnət qoymasına yol verilməz. Qanunla deputat biznesmen olmamalıdır. Vəzifəli şəxs biznes strukturu yaradıb ona rəhbərlik edə bilməz. Özləri qanun pozanlar necə normal qanunlar yarada bilər? 

Deputatın vəzifəsi gözəl qanunlar hazırlamaq, qanun təşəbbüsləri ilə çıxış etmək, vətəndaşların narahatlıq və problemlərini dilə gətirmək, o cümlədən dövlətçiliyin keşiyində durmaqdır. Onlar qanun hazırlayanda, səs verəndə şəxsi bizneslərini göz qabağına gətirirsə, yaxud hansısa vəzifəli şəxsin biznes maraqlarına qulluq edirsə, xalqı gözardı edirsə, xalq razı qala, Prezident narahat olmaya bilməzdi. Parlamentin qəbul etdiyi hansı qanuna yetərincə əməl olunur və ya nəzarət edilir? Sadə bir misal: Siqaret mafiyasına boyun əyildi, qapalı yerlərdə papiros çəkmək qadağasına əməl olunmadı. Əgər parlamentin qəbul etdiyi qanunun üzərinə “asqıran” yoxdursa, o, kimə və nəyə lazım idi?

Digər bir məsələ. Birmənalı olaraq “daxili resurslar hesabına” parlamentin və üzvlərinin, nazirliklərin, komitələrin, bütün dövlət qurumlarının aidiyyatı olmadan yol çəkməsi, köməklik göstərməsi, xeyriyyəçilik etməsinə yol verilməməlidir. Daxili resurs haradan formalaşır? Daxili resurs büdcə vəsaitlərinin talan olunan, oğurlanan və xərcləri şişirdilən hissəsidir. 

Yeni parlament mədəni, dünyagörüşlü, dövlətini, millətini təmənnasız sevən, dövlətinə sahib çıxan, hər bir çətinliyin, təhlükənin önünə sənəsini gərən, xalq üçün çalışan və qanunlarla işləyən kontingent olmalıdır. 

Razi Nurullayev,
AXCP sədri

Related Articles

Back to top button