Vizanın ləğvi avtoritarizmin ləğvi deməkdir
AXCP sədrinin müavini, politoloq Razi Nurullayev Polşanın “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində birliyə daxil olan ölkələrdə viza rejiminin ləğv olunması təklifi ilə çıxış etməsinə münasibət bildirib. O, “Qafqazinfo”ya təqdim etdiyi açıqlamasında bildirib ki, Avropa İttifaqının xarici işlər nazirlərinin Polşanın Sopot şəhərində keçirilmiş iclasında Polşa “Şərq tərəfdaşlığı” ölkələri üçün tam iqtisadi inteqrasiya təşəbbüsü və proqrama daxil olunmuş altı ölkəyə viza rejiminin tamamilə ləğv olunması təklifini irəli sürüb:
Razi Nurullayev maraqlı bir məsələyə də toxunub: “Əslində Avropa İttifaqı bu gün də hazırdır ki, vizanı sadələşdirsin və ya təmamilə aradan qaldırsın. Amma, Gürcüstandan başqa heç hansı bir dövlət buna hazır deyil. Çünki, ölkələr düşünürlər ki, Avropa İttifaqı ilə razılaşmaq həm də hakimiyyəti bölüşmək, demokratik seçkilər keçirmək və iqtisadiyyatın liberallaşdırılması deməkdir. Hakimiyyətlər içərisində, əsasən, iqtisadiyyatın liberallaşdırılmasına qarşı çıxanlar çoxdur. İqtisadiyyatın liberallaşdırılması, demokratiyanın bərqərar olmasına ilkin işarədir. Azərbaycanda liberallaşmaya qarşı çıxan ciddi qüvvələr var, o cümlədən də vizanın sadələşdirilməsini istəməyənlər də çoxdur. Avropa İttifaqı ilə yaxından dostluq və qardaşlıq, avtoritarizmi yox etmək gücündədir” .