Interviews

İrana qarşı sanksiyalara Azərbaycan qoşulacaqmı?

31 January, 2010,

Azərbaycan dünya ictimaiyyətinin qəbul etdiyi qərara qarşı çıxmağa cürət etməyəcək

Elxan Poluxov: «İndi nəsə demək çətindir»

Razi Nurullayev: «Əgər qazla bağlı sanksiya qəbul olunarsa, Azərbaycan birtərəfli qaydada bu əlaqələri kəsəcək və Iranla iqtisadi əməkdaşlığı dayandıracaq»

Amerika senatı Irana qarşı yeni sanksiyaları təsdiqləyib. Sanksiyalara görə, Irana benzin satan xarici şirkətlərə ABŞ-da biznes fəaliyyəti qurmaq, bu ölkənin şirkətləri ilə əməkdaşlıq etmək qadağan ediləcək. Xatırladaq ki, Irana benzin satan şirkətlər arasında ARDNŞ də var. Gələcəkdə bu cür sanksiyaların qaz satan şirkətlərə də tətbiq ediləcəyini ehtimal etmək olar. Belə olan halda Irana benzin və qaz satan Azərbaycanın mövqeyi necə olmalıdır?
Xarici Işlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov Azərbaycan şirkətlərinə qarşı sanksiyaların tətbiq olunmasına dair məlumatsızlığını deyərək atılacaq addımlar barədə danışmağın tez olduğunu bildirdi: “Bəlkə də sankisya var, ancaq Azərbaycan şirkətlərinə tətbiq olunmasına dair məlumat yoxdur. Sanksiyalar öz yerini tapsa, onda münasibət bildirmək olar. Indi hələ ki, bu baş vermədiyi halda nəsə demək çətindir”.

Politoloq Razi Nurullayev isə Azərbaycanın dünya ictimaiyyətinin qəbul etdiyi qərara qarşı çıxmağa cürət etməyəcəyini bildirsə də, istənilən halda Iranla da hazırki münasibətlərin status-kvo vəziyyətində saxlanmasında israrlı olacağını vurğuladı: “Müxtəlif yollarla bu əməkdaşlığını davam etdirməyə səy göstərəcək. Amma birbaşa ABŞ-ın sanksiya tətbiq etdiyi məsələlərə qarşı gedə bilməyəcək. Çünki belə etmək birbaşa ABŞ-a meydan oxumaq kimi qiymətləndirilə bilər”.
Ekspertin sözlərinə görə, Azərbaycanın bu sanksiyalara qarşı çıxması onun Iranın uranın zənginləşdirilməsi səylərini dəstəkləməsi kimi qəbul edilə bilər. Belə olan halda Azərbaycan üçün ən doğru yol dünya ictimaiyyətinin qəbul etdiyi və ABŞ-ın tətbiq etdiyi sanksiyaları nəzərə alıb Iranla bu sahələrdə əməkdaşlığı dayandırmaqdır. Əks halda ABŞ-la münasibətlər korlana bilər: “Bu da Dağlıq Qarabağla bağlı ABŞ-ın mövqeyinin dəyişməsinə, sərtləşməsinə gətirib çıxaracaq. Hökumətimiz də bunu yaxşı başa düşür. Ona görə də benzinlə bağlı qadağalar qüvvəyə minəndən sonra Azərbaycan Iranla bu sahədə əməkdaşlığını dayandıracaq. Əgər qazla bağlı sanksiya qəbul olunarsa, Azərbaycan birtərəfli qaydada bu əlaqələri kəsəcək və Iranla iqtisadi əməkdaşlığı dayandıracaq”.
Fizzə

http://azadliq.az/?p=46350

Related Articles

Back to top button