Biz fərqli siyasi qüvvə olaraq nə istəyirik – Birinci hissə

Posted by on 5 October, 2015
This post was filed in Analizlər, Çıxışlar and has no comments yet
0

trend_razi_nurullayev_240215Biz siyasi qüvvə olaraq nə üzərində fokuslaşırıq, onları hörməti oxucuların nəzərinə çatdırmaq istəyirəm.

Icbari tibbi sığorta

Hökumətin tibbi icbari sığortanın 2016-cı ilin dövlət büdcəsinə salmaması vətəndaşlarımız üçün çox üzücüdür. Sığorta ilə bağlı prezident fərmanının 1999-cu ildə verilməsinə baxmayaraq 17 ildir ki, bu məsəslə ölü nöqtədən tərpənmir. Bu gün elə insanlar var ki, dərman almağa pulu yoxdur. Bəlkə də hər ay yüzlərlə xəstə imkansızlıq ucbatından dünyasını dəyişir.

Əgər, hökumət düşünürsə ki, tibbi xidmət dövlət xəstəxanalarında deyildiyi kimi pulsuzdur, o zaman səmimilik etmir. Dövlət xəstəxanalarında bütün xidmətlərin adı pulsuz, praktika da isə pulludur. Çox zaman isə, dövlət xəstəxanalarında müalicə olunmaq özəl xəstəxanlardan daha bahadır. Cərrahiyyə əməliyyatları barədə isə danışmağa dəyməz. Cərrahiyyə əməliyyatları özəl xəstəxanalarda daha ucuz başa gəlir. 

Əfsus ki, dövlət xəstəxanalarında, doğum evlərində bir körpə belə rüşvətsiz dünyaya gəlmir. Belə nümunə yoxdur. İnsan öləndə də rüşvətlə torpağa basdırılır. Quran oxutmaq üçün də mollaya rüşvət verilir. Məntiq budur. Rüşvətlə dünyaya göz açırıq və rüşvətlə də torpağa tapşırılırıq.

Bu məsələ ən ağrılı sosial məsələdir ki, həllini gözləyir. Hökumətin isə bu problemin həllini uzatması vətəndaşlar arasında çox ciddi və haqlı narazılıq doğurur. Hökumət, bu məsələ ilə bağlı tezliklə müsbət qərar verməlidir. Dövlətin vətəndaşına qayğısı və hörməti elə o elə dünyaya ilk dəfə gözünü açdığı gündən başlamalıdır. Hökumətin onilliklərlə icbari tibbi sığortanı tətbiq edərək vətəndaşların həyatını yüngülləşdirməməsinə çox böyük təəssüf hissi keçiririk.

Bizim bu il və gələn il üçün əsas hədəflərimizdən biri bu olacaq və hökumətə təzyiqləri artan xətt üzrə inkişaf etdirəcəyik.

Avropaya inteqrasiya

Azərbaycanın siyasi hakimiyyətinin Avropaya inteqrasiya məsələlərində ciddi tərəddüdləri, dövlət başçısının dövlət məmurlarına bu barədə danışmaqdan imtina etməyə dəvət etməsi, ATƏT-in ölkədən çıxarılması, Avropa Parlamentinə, Avropa Birliyinə və Avropa Şurasına qarşı sərgilədiyi münasibət ölkənin gələcək müqəddaratının etibarlı olmasına şübhələr yaradır. Mütərəqqi dünya Avropa Birliyinə inteqrasiya üçün çalışmaqdadır. Bu gün Avropa qanunları daha kübar və daha sivildir. Avropada ciddi iqtisadi inkişaf, şaffaflıq, azad sözə hörmət, insan hüquq və azadlıqlarının toxunulmazlığı var. Miqrantlara qarşı sərgilənən qeyri-insani münasibətə görə isə Avropa Birliyinin birmənalı olaraq günahlandırılması da düzgün deyildir. Miqrantların Avropada daha yaxşı münasibət görmək haqqı var və hesab edirik ki, nəhayət, Avropa Birliyi miqrantların öz ölkələrində siyasi stabillik və iqtisadi inkişaf üçün daha ciddi addımlar atacaqdır.

Azərbaycan insanına, Azərbaycan dövlətçiliyinə və Azərbaycanın siyasi gələcəyinə Avropa Birliyində münasibət fərqlidir. Azərbaycan tam olaraq Avropanın bir parçası olmalıdır. Bunun üçün daha dərin inteqrasiya və daha istəkli əməkdaşlıq lazımdır.

Bu gün minlərlə Azərbaycna vətəndaşı Avropa Birliyi ölkələrində təhsil almaq istəyir, orada müalicə olunmaq üçün imkanlar axtarışındadır, hətta orada sığınacaq almaq üçün erməni olmaqdan və hətta bəzən heç bir əsası olmayan yalanlar belə uydurmaqdan çəkinmirlər.

Azərbaycanın bütün qonşuları ilə yaxşı və qarşılqılı hörmətə dayanan münasibətlərin olmasının tərəfdarıyam. Amma, Azərbaycanın gələcəyini və inkişafını Avropa Birliyində görürəm. Bizim İran, Rusiya, Gürcüstan və Türkiyə ilə daha yaxın və daha dost münasibətlər qurmağımızda problem yoxdur. Ermənistan ilə əməkdaşlıq isə torpaqların işğaldan tam azad edilməsindən sonra mümkündür.  Ölkəmizin gələcəyi Avropaya daha dərin inteqrasiyadan keçir.

Türkiyə modeli – Avropa kübarlığı

Azərbaycanda Türkiyə modelinə söykənən iqtidar-müxalifət münasibətlərinin və seçki sonrası Avropa siyasi kübarlığının tərəfdarıyıq. Türkiyədə müxalifət iqtidar yetgililəri ilə dialoqa gedən zaman satqın adlandırılmır. Görüşdən sonra, tərəflər mətbuata açıqlama verir və bir-birlərini yenə də ən sərt sözlərlə tənqid edirlər. Əslində, düzgün yanaşmadır. Görüşlər və dialoq olmasa, qarşı tərəfin bu və ya digər məsələ barədə baxışlarını necə öyrənmək olar? Bu məqsədə nail olmaq üçün Azərbaycan siyasi müstəvisində olan illərlə bir və ya bir neçə nəfərə xidmət edən steorotipləri qırmaq lazımdır və biz bununla ciddi məşğul oluruq.

Normal iqtidar-müxalifət münasibətlərinin olmasını, iqtidarın müxalifətə hörmət qoymasını istəyirik. Prinsip belə olmalı: iqtidar yaxşıdırsa, müxalifət də yaxşıdır, müxalifət pisdirsə, iqtidar da pisdir. Çünki, cəmiyyətdə münasibətlərin formalaşması hər iki tərəfə sıx bağlıdır.

Müxalifətin üzərindən demaqoq və qaragüruh adının götürülməsi

Müxalifət bu gün ac-yalavac, miskin, işsiz, polis tərəfindən döyülən, demaqoq, satqın, əxlaqsız, savadsız və qaragüruh kimi təqdim edilir və əslində bu artıq xalq üçün də bir silinməz steorotipə çevrilib. Amma, müxalifət içində də savadlı və dəyərli kadrlar çoxdur. Müxalifətin qaragüruh və barışmaz, hər şeyi ağ və qara görməsini istəyən qüvvvələr var. Bu steorotipin qırılmasını və müxalifətin savadlı, dünyagörüşlü və dünyada mövcud olan rəngləri də çox yaxşı gördüyünü sübut etmək niyyətindəyik.

Müxalifət dəyərli və sevgidəyər bir vətəndaşdır. Iqtidarın, beynəlxalq aləmin və xalqın müxalifətə münasibətinin normal olmasına nail olmaq əzmindəyik.

Yeni simalar

Müxalifətdə yeni simalara ehtiyac var. 25 ildir ki, siyasi səhnədə olan və uğursuz siyasət aparan siyasətçilər geri çəkilməlidir. Onların geri çəkilməsi üçün yeni simaların ortaya çıxmasına ehtiyac var. Bunun üzərində cidd olaraq işləyirik və artıq cəmiyyətə yeni dəyərli simalar təqdim etmişik. Siyasi səhnədə kültürlü, dünyagörüşlü, savadlı və dözümlü siyasətçilər parlamaldır. O siyasətçilər ki, ölkəyə müsbət dəyişiklik gətirmək iqtidarında olacaqlar. Bu siyastçilər sözçülüklə yox, işlə məşğul olacaqlar.

Dövlətçilik

Biz dövlətlə iqtidarın ayrı-ayrı konseptlər olduğunun fərqindəyik. Bu gün beyinlərə dövlətlə iqtidarın eyni olduğu yeridilib. Bu yanlışdır. Dövlət həmişə var. Iqtidar isə hökumətdir. O tez-tez dəyişə bilər. Dəyişməyən isə dövlətçilikdir. Ərəb baharından sonra Liviya və Suriya ona görə dağılır ki, dövlətçilik yox idi. Iqtidar var idi. Biz dərin dövlətimizi otuşdurmalıyıq. Iqtidarlar dövləti dəyişmək gücündə malik olmamalıdır. Bu gün acı həqiqət ondan ibarətdir ki, iqtidarlar gələn zaman dövləti də dəyişirlər. Elə buna görə də, Azərbaycanın hər zaman başı problemlərdən açılmayıb. Sabah YAP iqtidarı dəyişərsə, gələn iqtidar dövlətçiliyi də öz maraqlarına uyğun qurmağa çalışacaq. Bu yolverilməzdir.

Dövlət birdir və qalmalıdır. Onu gizli və görünməyən əllər idarə etməlidir. Bu əllər isə xalqın ümumi əhalisinin gücü ilə dövlətin arxasında var gücü ilə dayanmalıdır. Biz elə bir dövlətçilik yaratmaq istəyirik ki, heç bir gözlənilməz kataklizm zamanı ölkə zərər görməsin. Türkiyə Osmanlı İmperiyasından sonra ona görə yaşadı ki, dövlətçilik var idi. Dövlətə, bayrağa, himninə və ordusuna hörmət var idi. Dövlətçilik bayraq, ordu, himn, gerb və torpağa sevgi üzərində qurulur. Bunlara sevgi olmazsa, dövlətçilik də yoxdur.

Biz Azərbaycanda dövlətçiliyin olmasının tərəfdarıyıq. Bunun üçün çalışırıq və İnşallah, buna nail də olacağıq.

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment