Interviews

Lukaşenko Azərbaycandan pul ala biləcəkmi?

Razi Nurullayev

«Belarus baş nazirinin Azərbaycana pul üçün gəlməsi çox təhlükəli tendensiyadır»

Razi Nurullayev: «Rusiya anlayır ki, beynəlxalq aləmdə söz sahibi olmaq üçün diktatorların, avtoritar rejimlərin yanında olmalı deyil»

Iqtisadi böhranla üzləşən Belarus növbəti dəfə kömək üçün Azərbaycana üz tutur. Ötən il 200 milyon dollarlıq borcuna görə bu ölkəyə qaz nəqlini dayandıran Rusiya indi də Lukaşenkonu işıq borcuna görə sıxışdırır. Qərbin sanksiyaları ilə üz-üzə qalan və böhrandan çıxmaq imkanları məhdud olan Belarus yeganə ümid yeri kimi Azərbaycanı görür. Bu məqsədlə də ölkənin baş naziri gələn ayın əvvəllərində Bakıya gələcək. Maraqlıdır ki, Rusiya vaxtilə yaxın müttəfiq olduğu ölkəyə qətiyyən güzəştə getmək niyyətində deyil. Bu da Rusiyanın siyasətində müəyyən dəyişiklik kimi qiymətləndirilir. Belə ki, Moskva Suriyaya da dəstəkdən boyun qaçırır. Hər zaman diktatorların dayağı kimi tanınan Rusiya, görünür, fərqli yol tutmaq niyyətindədir. Belə olan halda, Moskvanı özünə arxa bilən rəsmi Bakı Rusiyanın üz döndərdiyi Lukaşenkoya yardım etməklə özünü pis duruma sala bilərmi? Məsələ ilə bağlı AXCP sədrinin müavini, politoloq Razi Nurullayevin fikirləri ilə tanış olduq.

– Rusiya niyə birdən birə diktatorları müdafiə etməkdən imtina edir?

– Bu, birbaşa Medvedevin siyasətidir. Rusiya həmişə imperialist siyasət yürüdür, hədə-qorxu dili ilə danışır. Amma artıq hədə-qorxu keçmir. Diplomatik şəkildə danışmaq daha çox fayda verir. Hazırda Rusiya anlayır ki, beynəlxalq aləmdə söz sahibi olmaq üçün diktatorların, avtoritar rejimlərin yanında olmalı deyil. Bu yanaşma onu göstərir ki, Rusiya Medvedev dönəmində tam demokratikləşmə yolunu tutub. Rusiya Suriyanın arxasından çəkiləcək. Yəqin ki, BMT Təhlükəsizlik Şurasında Suriyaya qarşı qətnamənin qəbul olunmasına və güc işlədilməsində səs verəcək. Ola bilsin bu məsələlərdə Çinə də təsir etsin. Azərbaycanla Rusiyanın münasibətləri qalsa da, əvvəlki rakursda inkişaf edə bilməyəcək. Bunun üçün də Azərbaycanın müəyyən demokratik addımlara meylləri olmalıdır. Buna getməsə, indiki formasında Azərbaycanda hakimiyyət heç bir il də qala bilməz.

– Ilham Əliyev bir dəfə Belarusa maddi yardım edib. Sanksiyalarla üz-üzə qalan ölkəyə bu dəfə də yardım edilməsi nə dərəcədə doğru hesab edilə bilər?

– Belarus baş nazirinin Azərbaycana pul üçün gəlməsi çox təhlükəli tendensiyadır. Bundan öncə də Azərbaycan Belarusa 200 milyon dollar pul verib. Bu, dövlətin borcu sayılır və qaytarılacaq. Ancaq Azərbaycanın belə məsələlərdə Belarusa yardım göstərməsi düzgün deyil. Çünki hazırda Belarusda baş verən tənəzzülün arxasında Avropa Birliyini, Rusiyanı görürəm. Belarusa həmin tənəzzüldən çıxmağa yardım etmək onlara qarşı çıxmaqdır. Beynəlxalq aləm Azərbaycanın bu addımını adekvat, mənfi şəkildə dəyərləndirəcək. Bunun üçün də Azərbaycan bu addıma getməməlidir. Çünki bu, ölkəmiz üçün mənfi nəticələnə bilər.

– Rusiyanın diktatorların arxasından qaçması Azərbaycana bir siqnal ola bilərmi? Moskva Azərbaycan hakimiyyətini də tək qoya bilərmi?

– Hər şey mümkündür. Düzdür, Rusiya birbaşa Azərbaycanın arxasından çəkilməsə də, bəzi məsələlərlə bağlı ciddi təpkilər göstərə bilər. Azərbaycan burda çox pis vəziyyətə düşə, iqtisadi cəhətdən bir çox iri layihələri uduza, investisiyalar azala bilər. Eyni zamanda Azərbaycan özü enerji resurslarını xaricə ötürmək üçün müxtəlif vasitələrdən məhrum ola bilər. Çünki əgər Rusiya Azərbaycanın arxasında dayanacaqsa, bunun müqabilində Azərbaycandan iqtisadi faydalar görəcək. Azərbaycan qazının Avropaya ötürülməsinə, ümumiyyətlə, ölkənin enerji resurslarına nəzarəti ələ keçirmək istəyəcək. Hakimiyyət buna razılaşsa, bu, xalq, müstəqillik, dövlətçilik üçün böyük təhdiddir. Azərbaycanı belə təhlükələr gözləyə bilər.

Azadlıq qəzeti, Cümə axşamı, 30 June 2011

Related Articles

Back to top button