Rusiyanın “idarə olunan” Demokratiyası

Posted by on 5 December, 2011
This post was filed in Razi Nurullayev, Yazılar and has no comments yet

2

Razi Nurullayev

Dünən dekabrın 4-də Dövlət Dumasına keçirilən seçkilər 2007-ci illə müqayisədə heç nəyi dəyişmədi. Rusiyanın Putin-Medvedev tandemi “idarə olunan demokratiya” məsələsində daha da irəliyə gedərək, beynəlxalq aləmin gözlədiyi demokratik Rusiya ab-havasını yaratmağa çalışdı. Amma, çalışdı, yerinə yetirmədi!

İstənilən halda, Putinin nüfuzuna kifayət qədər zərbə dəydi. O artıq, əvvəlki qədər ötkəm danışmaqda və dünyaya demokratiya dərsi keçməkdə sərbəst olmayacaq. Putinin “idarə etdiyi demokratiya”nı Medvedev alt-üst etdi. Məsələ burasındadır ki, Rusiya dövlətçiliyi ilə “şəxsi obyekt” tipində danışan və onu bir-birinə ötürmək istəyən tandem kənardan çox qıcıqlandırıcı və gülməli görünürdü.

Rusiya xalqı tandemə münasibətini sərt bildirdi. Seçici sözünü dedi. Seçicinin sözü Putinin “idarə edilən demokratiya”sından yorulmaq anlamına gəldi. Nəticə özünü çox gözlətməyəcək. Rusiyada siyasi fəallıq artan xətt üzrə gedərək, 2012-ci ilin mart ayına planlaşdırılan prezident seçkilərində pik nöqtəsinə çatacaq. Putini ciddi sınaqlar gözləyir və o artıq əvvəlki kimi idarə edə bilməyəcəkdir.

2007 və 2011

“Vahid Rusiya” partiyası 2007-ci ildə keçirilən Duma seçkilərində 64,30% (315 deputat), Kommunist Partiyası 11,7% (57 deputat), Liberal-Demokrat Partiyası 8,14% (40 deputat) və “Ədalətli Rusiya” 7,74% (38 deputat) səs qazanmışdı. 2011-ci ildə isə 90% səslərin sayılmasından sonra “Vahid Rusiya” 49% yarımdan çox, Kommunistlər 19%-dən bir az artıq, “Ədalətli Rusiya” 13%-dən azacıq çox, Liberal-Demokratlar isə 11% yarımdan çox səs toplayıblar. 2007-ci illə müqayisədə partiyaların deputat saylarının artımı baş verib. “Yabloko” isə 3%-dən bir az artıq səs toplayaraq 7%-lik baryeri keçə bilməyib.

“Yabloko” bloku kifayət qədər səs alsa da ona baryeri keçməyə icazə verilməyib. Moskvada 2637 saylı məntəqədə Kommunistlərin müşahidəçisi olan  Natalya Yarıqina deyib ki, onlara təklif edilib ki, “Yabloko”nun səslərinin Vahid Rusiya, Kommunist Partiyası, Liberal-demokratlar və Ədalətli Rusiya arasında bölüşdürülməsinə razılaşsınlar.

Amma, yenə də həmişəki kimi, “katolikdən çox katolik olmaq” istəyən regionlar da olub.

Mordaviya Respublikasında “Vahid Rusiya” partiyası 98%-dən çox səs toplayıb. Digər partiyalar isə heç 1% belə toplaya bilməyiblər. Mordaviya Respublikasında 2007-ci ildə bəzi yerlərdə “Vahid Rusiya” partiyası 104% və hətta bir məntəqədə 109% səs almışdı.

Çeçenistan Respublikasında görünməmiş fəallıq – az qala 100% seçici səs verib. Demək olar ki, 100% səs də “Vahid Rusiya” partiyasına verilib. Regionun lideri Ramzan Kadırov deyib ki, “bu seçki deyildi, bir bayram idi”.

Bütün bunlar Rusiya böyüklükdə dövlətin anormallığı idi!

Rusiyanın Acınacaqlı Mənzərəsi

Acınacaqlı mənzərədir! Rusiyada demokratiya irəliyə heç bir addım atmayıb. Daha doğrusu, Putin-Medvedev tandemi “idarə olunan demokratiya” məsələsində yeniliklər ediblər və bu da onların düşüncəsinə görə Rusiyaya demokratik imic qazandırmaqda kömək edəcək.

Amma yox. Mümkün deyil. Çünki, yerləri iqtidar partiyası özü paylaşdırıb. Nə kommunistlər, nə liberal-demokratlar, nə də ədalətli rusiyaçılar həqiqi demokratiyanın təmsilçiləri deyillər. Onlar Putinin “idarə olunan demokratiya” maşınının hissələridir. Bu partiyalar Putini yaşadan və hakimiyyətini uzadan bir rupora çevrilmişdilər. Amma, artıq vəziyyət dəyişə də bilər. Onlar, Putinin “maşın”ının rolunda oturmaq uğrunda mübarizəyə qatılacaqlar. Onlar da hiss etdi ki, Putinin təhlükəsizlik kəmərini daha da sıx bağlamaqdadır və “maşın”da olan yeri get-gedə daralmaqdadır.

Amma, zənnimcə, kommunistlər, Liberal-Demokratlar və Ədalətli Rusiyaçılar xalqla axırıncı oyununu oynadılar. Rusiyada siyasi fəallıq artdıqca, onlar “maşın”ın idarəsini itirəcəklər. Rusiya xalqı başa düşüb ki, ona yeni “maşın” lazımdır.

Azərbaycan və Rusiya seçkilərinin oxşarlığı – bənzər senari

Kim kimdən öyrənir? Azərbaycan Rusiyadan, yoxsa, Rusiya Azərbaycandan?

Azərbaycanda da “idarə olunan demokratiya” var. Bu tip demokratiya Rusiya və Azərbaycanda çox oxşardır. Amma, insaf naminə demək lazımdır ki, Rusiyanın “idarə olunan demokratiya”sı Azərbaycan analoqundan daha çox səxavətlidir.

“Idarə olunan demokratiya” demokratiya deyil. Sadəcə ölkədəki siyasi prosesləri idarə etmək və beynəlxalq aləmə də görüntü yaratmaqdır. Əsl demokratiya xalqın hakimiyyətini bərqərar edir. Demək ki, bu xalqın hakimiyyəti deyil. Rusiya xalqı bu seçkilərin nəticəsini tanımayacaq. Ola bilər ki, bu seçkilərdən sonra hakimiyyətlə idarə olunan demokratiyaya razılaşdığına görə ədalətli rusiyaçılar və kommunistlər gözdən düşsünlər. LDPR isə özünün stabil seçiciləri olan partiyadır.

 

Demokratik qüvvələr və beynəlxalq aləmin məsuliyyəti

Digər tərəfdən demokratik qüvvələrin də zəif tərəfləri çoxdur. Onlar 90-cı illərin əvvəllərində liderlərə çevrilsələr də köhnə metod və vərdişlərindən əl çəkməyiblər. Bu da onlara problem yaradır. Digər tərəfdən Qərb ölkələri Rusiyanın demokratik qüvvələrinə dəstək göstərmirlər. Rusiyanın “dəmir yumruqlu” lideri olan Putunin dönəmi neft və qaz faktorunu çəkərək demokratiyanın ucuna pərçimlədi. Yeltsin dövründə Rusiyanın demokratik qüvvələrinə göstərilən diqqət bu gün artıq yoxdur. “Yabloko” kimi liberal və dözümlü bir partiyanın sıradan çıxarılmasına Qərb göz yummaqla Rusiyanı daha da şirnikləndirdi.

Enerji resurslarına Avropanın olan ehtiyacı da Putinlə əməkdaşlıq strategiyası üzərində quruldu. Əlbəttə, bu tip əməkdaşlıq artıq mümkün olmayacaq. Bunu, Putinin özünün də bilməsi aydındır. Çünki, keçən əsrin əvvəllərində Vladimir İliç Leninin dediyi sözlər təzədən həyatımıza daxil olmaqdadır: “Yuxarılar əvvəlki kimi idarə edə bilmirlər, aşağılar da əvvəlki kimi yaşamaq istəmirlər”. Bu isə, müasir dövrümüzdə bu anlama gəlir: Qərb daha əvvəlki kimi diktator və rejimlərin başçıları ilə əməkdaşlıq edə bilmir, çünki, onların taleyi tükdən asılı qalıb. Xalqlar da bu cür yanaşmanı onlara daha bağışlamaq istəmir. Buna görə də Qərb xalqlarla işləməyə israrlıdır. Bu baxımdan, Putinin demokratiya yaratmaq istəyi də ortaya çıxa bilər. Tarixdə adını yaxşı saxlamaq üçün! Bu seçim isə bütün diktatorların, avtoritar rejimlərin və “idarə olunan demokratiya” sahiblərinin qarşısındadır.

0
You can follow any responses to this entry through the RSS 2.0 feed. You can leave a response, or trackback from your own site.

Leave a Comment