Articles

Müxalifətin qələbə imkanları

Razi Nurullayev,
AXCP sədrinin xarici əlaqələr üzrə müavini
raznur@aol.com

19 mart 2010

Azərbaycanda siyasi aktivliyin, demokratik dəyişikliyin baş verməsi üçün növbəti şans yaranıb. Bu şansın fərqindəyik. Müxalifətin birliyilə bağlı, hətta bir sıra güzəştlərə getmək qarşılığında, irəli sürdüyümüz təşəbbüs və təkliflərimiz elə bu şansın dəyərləndirilməsinin məntiqi nəticəsidir. Mövqeyimiz aydın və səmimi əsaslara söykənir.
Ölkənin aparıcı, real müxalifət partiyalarının qarşıdan gələn parlament seçkilərinə vahid blokda, ciddi siyahı ilə getməsi artıq sosial sifarişə çevrilib. Bu birlik formatını AXCP sədri Əli Kərimli 25 yanvar 2010-cu il tarixdə “Müxalifətin birlik formatını necəÿ görürəm?” başlıqlı yazısında açıq-aydın göstərib. (http://akarimli.wordpress.com/category/yazilar/page/2/).
Yazıdan bir sitat: “Müxalifətin real kəsiminin birliyinə nail olsaq, ilk növbədə vətəndaşlarımızın siyasətə marağını, öləzimiş ümüdlərini bərpa edərik. Nüfuzlu ictimai xadimləri, ziyalıları, müstəqil və gənc yazarları, partiya seçimi etməmiş fəal gəncləri, bir sözlə bütün demokratik qüvvələriÿ hər hansı partiya deyil, məhz real müxalifətin seçki bloku öz ətrafında birləşdirə bilər. Biz müxalifətin birliyini təmin etməklə vətəndaşlarımıza sadə seçim təklif etmiş olacağıq: Bir tərəfdə hakimiyyətin korrupsiya komandası, əks tərəfdə də birləşmiş müxalifətin seçki bloku. Sizcə bu halda xalq kimi seçəcək?”
Bu yazıdan sonra bu ideyanın müxtəlif tərzdə yozulması, intepretasiyası və söz oyunu baş verdi. Amma, mahiyyət dəyişmədi. Mahiyyət isə, müxalifətin birlik formatıdır. Birlik formatı ilə yanaşı strategiya və taktikalar üzərində də işlər davam etməlidir. Bu yöndə AXCP-də ciddi işlər getməkdədir.
Müxalifət düşərgəsinin hüdudları ilə yanaşı hədəfləri də aydın olmalıdır. Biz nə uğrunda mübarizə apardığımızı açıq deməliyik. Parlamentdə 5-6 yerə sahib çıxmaqla kifayətlənmək, yoxsa daha böyük qələbələrə imza atmaq?
Müxalifət liderləri – Əli Kərimli, Isa Qəmbər, Mirmahmud Mirəlioğlu, Lalə xanım və digərlərinin birliklə bağlı təşəbbüsləri, ortaya qoyduqları iradəni yaxın siyasi tariximizin uğurlu halı kimi qəbul etmək olar. Amma bu təşəbbüslər real birliklə nəticələnərsə…
Hədəfləri, məqsədləri eyni olan digər qüvvələr də sosial bazası, kadr potensialı, beynəlxalq əlaqələri nəzərə alınmaqla prosesə cəlb olunmalıdır. Illərdir ki, birgə addımladığımız dostların sonadək bizimlə olmaq haqlarına və istəklərinə hörmətlə yanaşırıq. Iddiaları imkanları ilə uzlaşmayan siyasi partiyaların bu prosesdə demokratik düşərgənin aparıcı qüvvələrinə dəstək verməsi vacibdir.
Bu günə qədər müxalifəti məhv etmək, sıradan çıxarmaq planı üzrə hərəkət edən hakimiyyətdə bir növ arxayınlıq yaranıb. Düşünürlər ki, dağınıq vəziyyətdə olan müxalifət partiyaları seçkilərə daxili intriqalarla, çəkişmələrlə qatılacaqlar.
Əslində, bəzi müxalif qüvvələr qəsdən və ya bilməyərəkdən  hakimiyyətin bu planına dəstək verirlər. Birləşmə(mə)k üçün qeyri-real şərtlər irəli sürən, ümumi marağa söykənməyən formatlar hazırlayan partiyaların umacaqları, məqsədləri şəxsən mənə aydın deyil. Dünənə qədər əl-ələ yapışıb, qol-qola girib mitinqlərdə meydana girən, birgə addımlayan kəslərin bu gün bir-birilərini ləkələməsi, hədəfə götürməsi birliyə mane olur. Yaxud da, özlərini Müsavat Partiyası, AXCP, KXCP, Liberal Partiyası və bir sıra digər partiyalar ilə eyni potensialda, eyni gücdə hesab edərək seçkilərdə bərabərhüquqlu iştirak niyyətlərinin üzərində israrla dayanan kiçik partiyalarla səmimi danışmağın vaxtı gəlib çatıb.
Onların parlament seçkilərində iştirak etmək və parlamentə düşmək üçün neçə potensial kadrı, üzvü, tərəfdarı var? Onların namizədlərinin nüfuzu, şansları hansı səviyyədədir?
2005-ci il parlament seçkilərinin təcrübəsi göstərir ki, bəzi namizədlər şəxsi deyil, daha çox müxalifətin nüfuzu hesabına səs toplaya bilmişdilər. Namizədlər siyahısı kifayət qədər ciddi və real olmalıdır.
Beləliklə, hər bir siyasi partiya və lider iddiasından və aralarında olan şəxsi münasibətlərdən xalq və millət naminə bir neçə addım geri çəkilərsə, beynəlxalq dəstəyi də qazanmaq bir o qədər asan olar.
Xırda partiyalar və təşkilatlar AXCP, Müsavat, KXCP və Liberal Partiyası ilə paritet əsasda təmsil olunmaq üçün can atmasınlar və iddialarından bir neçə addım yox, onlarla addım geri çəkilsinlər. Potensial və real müxalifət hər dairə üzrə namizədlərini müəyyənləşdirsin və reallığı əks etdirən siyahıda hər hansı partiyanın üstünlüyü önə çıxarsa, bu məsələyə qısqanclıqla yanaşılmasın. Siyahı cəmiyyətin bütün təbəqələrini əhatə etsin (vətəndaş cəmiyyəti, ziyalı, həkim, jurnalist və s.).
Bu siyahının yaxın vaxtlarda müəyyən edilməsi və sonra beynəlxalq təşkilatlarla müzakirələrə başlanılması, çoxdan gözlədiyimiz beynəlxalq dəstəyi də qazandıra bilər.
Hazırda siyasi kuluarlarda seçkilərlə bağlı müzakirə olunan iki əsas məsələ var. Müxalifətin birliyi və beynəlxalq dəstək.
Müxalifətin birliyi heç də beynəlxalq dəstəkdən asılı deyil. Əksinə, birlik əldə olunsa, o zaman beynəlxalq ictimaiyyət gözlədiyimiz dəstəyi verə bilər. Mən buna beynəlxalq missiyalarla keçirdiyim görüşlərdə şahid olmuşam. Kimsə bizim əvəzimizə hakimiyyətlə mübarizə aparası deyil. Beynəlxalq təşkilatlardan Azərbaycan hakimiyyətilə mübarizə aparmağı ummaq və seçkilərdə açıq dəstək istəmək çıxış yolu olmamaqla bərabər, reallaşması mümkün deyildir.
Aparıcı müxalifət partiyalarının birliyi yaransa, demokratik düşərgənin hüdudları da aydınlaşacaq. O zaman ictimaiyyətin fərasətli psevdomüxalifətçilərə qarşı münasibəti də formalaşar. Daha heç kəs – hakimiyyət tərəfindən yaradılmış yalançı müxalifətçilər Azərbaycanda müxalifət adına iddia edə bilməz.
Istər Azərbaycan hakimiyyətinə, istər beynəlxalq təşkilatlara və istərsə də, cəmiyyətdəki protest elektoratına “real müxalifət hansıdır” sualına cavabı asanlaşdırmalıyıq. Onlara seçimdə “kömək” etməliyik.
Dostlarımız həm də sual verirlər ki, kim zəmanət verə bilər ki, 2005-ci il parlament seçkilərindəki vəziyyət təkrarlanmayacaq. Əlavə edirlər ki, birlik yaradılsa da, seçkilər hakimiyyət tərəfindən saxtalaşdırılacaq, seçkinin nəticələrindən asılı olaraq birlik növbəti dəfə pozulacaq, kimsə kiməsə xəyanət edəcək və s. Hətta bizi qınayanlar da olur.
Təşəbbüs irəli sürülməzdən öncə bütün təkliflər, variantlar saf-çürük edilib, götür-qoy olunub. Təəssüf ki, bizim birləşməkdən başqa çıxış yolumuz yoxdur. Nəyin necə olacağını indidən söyləmək çətindir. Müxalifətin birliyinə xəyanət edənləri cəzalandırmağı cəmiyyətin öz öhdəsinə buraxırıq.

Related Articles

Back to top button