Interviews

Xırda problemlərlə məşğul oluruq, böyük problemlər kənarda qalır

Razi Nurullayev, "Region" Beynəlxalq Analitik Mərkəzin sədri
Razi Nurullayev, “Region” Beynəlxalq Analitik Mərkəzin sədri

Yeni Müsavat qəzeti politoloq Razi Nurullayev ilə müsahibəni təqdim edir.

YAYIM TARİXİ: 9 Dekabr 2013 08:00

Razi Nurullayev: “Müxalifət bir çox məsələlərə çox ciddi diqqət verir, halbuki ona diqqət ayırmalı deyil”

Son günlər Milli Şura ətrafında mübahisə və müzakirələrin yeni dalğası başlayıb. Bəlkə də indiki situasiyada daha doğrusu o olardı ki, Milli Şura seçki prosesində nail olduqları barədə cəmiyyət hesabat verdikdən sonra missiyasını bitmiş sayıb özünü buraxaydı, sağlam ayrılma prosesi baş verəydi. Təəssüf ki, müxalif düşərgədə formalaşan birliklərin sonunu adətən məhz qarşılıqlı ittihamlar gətirir və analoji situasiyanın müşahidəçisiyik.

– Əslində çox yaralı bir məsələyə toxundunuz. Çox təəssüfedici haldır ki, yaradılan böyük birliklərin dağılması da gözümüzün önündə baş verir. Bu, ötən illərdə dəfələrlə təkrarlanıb. Milli Şura bir az fərqli platformada yaradılmışdı və o zaman da Rüstəm İbrahimbəyovun hamı tərəfindən qəbul olunması baş verdi. Sonradan onun vahid namizədliyi alınmayandan sonra Cəmil Həsənlinin ətrafında birləşmə baş verdi. Demək olar ki, Azərbaycanda ilk dəfə olaraq bütün siyasi partiyalar və siyasi liderlər iddialarını kənara qoyaraq ziyalının ətrafında birləşməyi bacardılar. Bu, beynəlxalq aləm tərəfindən də müsbət dəyərləndirilmişdi. Elə bu səbəbdən də Azərbaycanda bu cür birliklərin yaradılması həmişə arzuedilən olub və buna sosial sifariş də olub. Ətraf da, xalq da, gənclər təşkilatları da, ümumən Azərbaycan seçicilərə də Milli Şuraya çox nikbin notla baxdılar və bu qurumdan çox şey gözləyirdilər. Onun üçün də belə bir qurumun seçkidən sonra dağıdılması düzgün olmazdı. Amma Rüstəm İbrahimbəyov Azərbaycana dönə bilmədi və sədrlikdən də könüllü olaraq getdi. Milli Şura üzvləri, o cümlədən bizim partiya belə hesab etdi ki, Rüstəm İbrahimbəyovun qarşısında bir mənəvi borcumuz var. O cəhətdən biz onun fəxri sədr olmasını istədik və Müsavatla AXCP arasında bu yöndə çox ciddi fikir ayrılığı yarandı. İstənilən halda əlbəttə, arzuolunmaz haldır ki, neçə illik müttəfiq olan və hər bir siyasi təşkilatın, koalisiyanın aparıcı qüvvəsi olan iki təşkilat arasında belə bir fikirayrılığı yaransın. 

– Müsavat Partiyasının Milli Şuradan gedəcəyi gözləntisi var və bunu şərtləndirən amillər də sadalanmaqdadır. Ancaq bəzi dairələr hesab edir ki, Müsavat qurumu tərk etsə belə, Milli Şura öz gücünü, qüvvəsini qoruyub saxlayacaq. Obyektiv yanaşanda belədirmi? 

– Xeyr. Müsavat Azərbaycanın ən böyük və güclü partiyalarından biridir. Ona görə də Müsavat Partiyasının Milli Şuradan getməsi Milli Şuranın fəaliyyətində də təbii ki, özünü göstərəcək. İstənilən halda Müsavat Partiyasında kifayət qədər müdrik insanlar var və partiyanın başqanı İsa Qəmbər kifayət qədər təcrübəli siyasətçidir. Milli Şuradan getmək qərarını vermək də Müsavat üçün asan olmayacaq. Çünki həm ictimai rəy məsələsi nəzərə alınacaq, həm Müsavatın özünün ətrafında yaranan dedi-qodular təsir edə bilər. Təbii ki, Müsavatın verdiyi təklifin həyata keçməməsi partiya başqanını və partiya üzvlərini acıqlandırıb, onların hisslərini daha həssas vəziyyətə gətirib. Amma hesab edirəm ki, Müsavat həmişə son məqamlarda, ən çətin anlarda daha düzgün qərar verməyi bacaran partiya olub. Bu gün yenə də Müsavat belə bir seçim qarşısındadır. Mən partiyanın gedişini heç cür istəməzdim. Müsavat Partiyası ilə AXCP-nin də arasında hansısa narazılıq toxumunun səpilməyəcəyini gözləyirəm. Çünki bu iki partiya həmişə dost, qardaş partiya olub. Bu münasibətlərin davam etməsi bu partiyalar və bizim üzvlərimiz üçün ola bilsin o qədər lazım və vacib deyil, amma Azərbaycan xalqı, cəmiyyəti üçün çox vacibdir.

– Müsavat başqanının “Azadlıq” Radiosunda çox açıq bir söhbəti oldu. Həmin söhbətdə vurğulanan tezislərdən biri də Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olması və bu səbəbdən Milli Şuraya rəhbərlik etməsinin düzgün olmaması ilə bağlı idi. Bu gün postsovet məkanında “Rusiya, yoxsa Avropa” seçiminin getdiyi bir məqamda Azərbaycan demokratik qüvvələrinin yaratdığı təsisatın başında Rusiya vətəndaşının durması nə dərəcədə normaldır və buna Avropanın baxışı necə olar?

– Açığı, mən Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşı olmasında elə bir problem görmürəm. Çünki biz Rüstəm İbrahimbəyovu elə Rusiya vətəndaşı ola-ola vahid namizəd görmək istədik.

– Amma o, Rusiya vətəndaşlığından imtina edəcəyini bəyan etmişdi…

– Bəli. İmtina edəcəkdi, amma etmədi. Bu gün Qərblə Rusiya arasında seçim məsələsi dartışma mövzusu olarsa… Bir məqamı qeyd edim, Rüstəm İbrahimbəyovun vahid namizəd irəli sürülməsi zamanı “Azadlıq” və “Amerikanın səsi”ndə çox ciddi bir araşdırma aparılmışdı. Həmin araşdırmalarda Amerikanın çox nüfuzlu bir siyasətşünası demişdi ki, Rüstəm İbrahimbəyov həm Avropaya, həm ABŞ-a, həm də Rusiyaya sərf edən bir namizəddir. O baxımdan hesab etmirəm ki, Qərb Rüstəm İbrahimbəyovun timsalında Rusiyaya inteqrasiyanı görə bilər. İkinci tərəfdən təbii ki, Rüstəm İbrahimbəyov fəxri sədr seçilməsindən özü də xoşhal oldu. Amma axı fəxri sədr hansısa siyasi qərarların qəbul edilməsinə təsir göstərə bilməz. Fəxri sədrin yəqin ki, hüquqları müəyyənləşəcək. Amma Milli Şuranın siyasi fəaliyyəti, gündəmi barədə qərarları Müsavat Partiyası, başqan da daxil olmaqla Milli Şura verəcək. Burada Rüstəm İbrahimbəyovun çox ciddi təsir imkanlarının olduğuna, yaxud bunun üçün ciddi çaba göstərəcəyinə inanmıram. Hər halda bir yol tapıb bunu həzm edib prosesi daha düzgün istiqamətdə apara bilərdik. Düzgün istiqamət deyəndə onu nəzərdə tuturam ki, biz hərdən əsas hədəfimizdən yayınıb, müxalifətdaxili məsələlərə çox aludə oluruq, bu da kənardan, xalq tərəfindən yaxşı qarşılanmır.

   – Gələn il Azərbaycanda bələdiyyə, o biri ilsə parlament seçkiləri keçiriləcək. Hakim partiya əlində böyük resursların olmasına baxmayaraq seçkilərə bir il öncədən hazırlaşdığı halda müxalifət hətta seçki ərəfəsində də enerjisini daha çox daxili mübarizəyə sərf edir. Son seçkidə də vahid namizəd Cəmil Həsənlinin imzalarının mütləq əksəriyyətini iki partiya topladısa, süni şəkildə böyük birliyin yaradılmasının, yaxud birlik təşkilatının qorunmasının nə anlamı var? 

– Bu, haqlı sualdır. Belə suallar vaxtaşırı səslənir ki, əgər doğrudan da Müsavat və AXCP bütün imzaları toplaya, prosesin önündə gedə, digər partiyaların dəstəyi olmadan da prosesi idarə edə bilirsə, hansısa birliyə nə ehtiyac var. Amma digər tərəfdən, ictimai rəy də var. Azərbaycanda kifayət qədər qəzetlər, həmçinin onlayn, sosial media mövcuddur və orada gedən müzakirələr, neytral insanlar, müstəqil siyasətçilərin, politoloqların fikirləri də yüz minlərlə seçiciyə təsir etmək imkanına malik olur. Həmin o insanlar digərlərindən fərqli fikir formalaşdırmağa nail ola bilirlər ki, Azərbaycan müxalifətində birlik yoxdur, bu partiyalar birlik istəmir. Xalqın da bu cür fikirlərə inanmaq meylləri həmişə güclü olur. Bu baxımdan bütün siyasi qüvvələrin bir yerdə olması xalqda, seçicidə inam yaratmaq məqsədi güdür. Xalq inanır ki, artıq müxalifət bir yerdədir, biz də gedək onların yanında dayanaq. Odur ki, bu, çox vacib amildir.

– Amma seçkisonrakı aksiyalardakı say tərkibi göstərdi ki, müxalifətin aparıcı qüvvələri və şəxslərinin bir çətir altında birləşməsi də cəmiyyətin hərəkətə gətirilməsi üçün açar rolunu oynamır…

– Razıyam. Ümumiyyətlə, siyasi partiya təmsilçiləri olaraq, partiya qarşısında öhdəliyi olan insan kimi ciddi öhdəliyimiz olduğundan bəzən ürəyimizdən keçənlərin hamısını tam deyə, açıqlaya bilmirik. Mən də özümü o vəziyyətdən xali hesab etmirəm. Fikrimcə, Azərbaycan müxalifəti bir çox məsələlərə çox ciddi diqqət verir, hansı ki, ona diqqət ayırmalı deyil, çox xırdalıqların üzərində işləyir, çox detalları müzakirə edir. Çox xırdalıqlar o qədər böyük problemlərə çevrilib ki, biz axırda həmin xırda problemlərlə məşğul oluruq, böyük problemlər qalır. Siyasət elə bir peşədir ki, orada bəzən riskə getmək lazım gəlir. Biz hər bir şeyi çox üfürə-üfürə, o qədər ehtiyatla hərəkət edirik ki, çox irəli gedə bilmirik. Mən ümumiyyətlə, bir sıra məsələlərdə riskə getməyin, siyasətin nəzəriyyəsinə qarşı çıxmağın tərəfdarı olmuşam. Yenə də bunun tərəfdarıyam. Bəzi məsələlərdə risk etmək olar. Məsələn, risk etmək olar ki, hansısa partiya ümumiyyətlə, təkbaşına mübarizə aparsın. Elə etmək olar ki, digər insanların önə çıxmasına və xalqın önündə getməsinə şərait yaradılsın. Həmçinin qeyri-populyar məsələlərin önündə getmək, onlara şərait yaratmaq olar. Amma əfsus ki, hələlik bütün bu məsələlər reallaşmır.

– Bəlkə elə siyasət aləmində bu cür kristallaşmış baxışların mövcudluğunun nəticəsidir ki, hətta müstəqil bir qəzetin baş redaktorunun ölkə başçısı ilə görüşüb çap mediasının problemlərini qaldırması belə bəzi çevrələrdə sərt təpki doğurur, hətta etik çərçivəni aşan münasibətin şahidi oluruq. Konkret olaraq Rauf Arifoğlunun nümunəsində biz bunun şahidi olduq. 

– Əfsus ki, Azərbaycanda ciddi və siyasət qanun-qaydalarına tabe olan meydan yoxdur. Hər kəs, hər partiya siyasətə öz prizmasından yanaşır. Siyasətdə qəbul olunan ümumi prinsipləri əfsus ki, Azərbaycanda işləmir. Bunun da səbəbi odur ki, ümumiyyətlə, Azərbaycanda seçki, görüşlər ölkənin taleyini həll etmir, bəyanatlar ciddi rol oynamır və s. Üstəlik, ictimai rəy tamamilə yanlış mövqedə inkişaf edir. Mən buna bu prizmadan baxıram. Hesab etmirəm ki, kimisə baxışlarına, fərqli yanaşmalarına görə qamçılamaq lazımdır, bu, yolverilməzdir. Siyasi mübarizə siyasi etika və siyasi mədəniyyət çərçivəsində aparılmalıdır. Təmsil etdiyim AXCP bunun tərəfdarıdır. Rauf Arifoğlu ilə bağlı baş verən hadisədə şəxsən mən özüm də bir çox çabalar göstərdim. Yaxşı ki, bu məsələ sülh yolu ilə, dostcasına həll olundu və bu məsələdə rol alan insan da partiya tərəfindən cəzalandırıldı. Məncə, bu, eyni zamanda digər partiyalar, cəmiyyət üçün də xoş bir hal, gözəl nümunə yaratdı ki, istənilən halda mübarizələr siyasi etika çərçivəsində aparılmalıdır. Bu, ciddi örnək və nümunə oldu. Ümid edirəm ki, artıq belə şeylər bir daha baş verməyəcək.

– İndiki situasiyada müxalifətdaxili müharibə vəziyyətindən imtina edib konkret hansı istiqamətdə addımlar atmağı təklif edərdiniz?

– Açığı, mən bəzən öz-özümə düşünürəm ki, sosial medianı, facebook-u oxumayım. Oxumayım ki, Azərbaycan haqqında real düşüncəyə malik olum. Çünki orada baş verən hadisələr, yazılan proseslər həmişə tam olaraq ədaləti əks etdirmir. Yəni bu, insana cəmiyyəti, dövrü, insanların özünü qiymətləndirmək baxımından nəinki kömək edir, bəzən maneçilik törədir. Məni hər dəfə müxalifət daxilində baş verən narazılıqları, partiya təmsilçiləri, rəhbər şəxsləri arasındakı didişməni oxumaq və izləmək çox yorur, incidir. Hesab edirəm ki, müxalifət partiyaları belə hallardan çox uzaq dayanmalı, doğrudan da bir birlik yaranmalıdır. Əgər birlik yoxdursa, hər kəs öz bildiyi yolla gedib nə isə etməyə çalışmalıdır. İki partiyanın arasında hansısa narazılıq olanda biz problemləri çözüb yenidən bir araya gələ bilirik. Amma Azərbaycanda kifayət qədər siyasi təşkilatlar var ki, mövqelərinə baxırsan, daim kimisə günahlandırırlar. “Filankəs niyə bu mövqedən çıxış edib”, “Milli Şura dağılacaq”, “bu, birlik deyil”, “İctimai Palata düzgün qurulmamışdı” kimi mövqelərin şahidi oluruq. Daim kimsə kimisə ittiham edir, kiminsə haqqında xoşagəlməz fikirlər işlədir, sosial şəbəkələrdə böhtan xarakterli fəaliyyətin təşkilatçısına çevrilir. Ola bilsin ki, biz proseslərin içərisində olduğumuzdan bütün bunların ziyanını görə bilmirik. Amma kənardan xalq bu vəziyyəti yaxşı görür, dəyərləndirir və bütün bunlarla bağlı xoş düşünmür. Mən istərdim ki, 2014-cü ildə tamamilə bu məsələlərdən uzaq olaq. Bu kimi məsələlər partiyamızda dəfələrlə müzakirə olunub. Bizim partiya üzvünün facebook-da qeyri-etik ifadə işlətməsinə görə təəssüfümü bir daha bildirirəm. Partiya sədri belə bir mövqe ortaya qoyub ki, biz söyülsək də, döyülsək də, tənqid olunsaq da, heç bir zaman müxalifətdaxili məsələlərə münasibət bildirməməliyik. Bizim işimiz, mübarizəmiz müxalifətlə, ayrı-ayrı şəxslərlə, yaxud özünü müxalifət kimi təmsil edən insanlarla deyil, biz haqq bildiyimiz öz yolumuzla gedək. Əfsus ki, hələlik buna nail ola bilmirik.

Elşad Paşasoy

Related Articles

Check Also
Close
Back to top button