Statements

Müxalifətdə kimin 1-ci, 2-ci, kimin həqiqi, yalan olması və natamamlıq kompleksi

Razi Nurullayev, AXCP sədri

Müxalifətçilik inhisara alına bilməz. Müxalifətçilik etməyin düsturu və meyarları da qanunla müəyyən edilmir. Hər kəsin, hər təşkilatın fərqli yanaşmasının olması mümkündür. Bir təşkilat mitinqin tərəfdarı, o biri əleyhdarı olursa, sonuncunu satqın elan etmək savadsızlıq və səbatsızlıqdır.

Bir neçə partiyanın da “anti-böhran koalisiya”sı yaratmasında da problemli və gülməli bir şey görmürəm. Əslində, təşkilatların təmərküzləşməsi, inteqrasiya etməsi, bu və ya digər məsələlər ətrafında müzakirə açması, proqram hazırlaması çox yaxşı haldır. Oturub gözləməkdənsə, dərvişi-libas olub tənqidi şeir deməkdənsə, özündən başqa kimsəni bəyənməməkdənsə, digərlərinə don biçməkdənsə, çaba göstərib nələrsə etmək daha yaxşıdır.

Bu gün müxalifətdə kimin birinci, kimin ikinci, kimin üçüncü, kimin güclü, kimin zəif olduğunu müzakirə etmək, kimin həqiqi, kimin yalan olduğunu bəyan etmək natamamlıq kompleksidir.

İşləmək və nəticə göstərmək tələb olunur. Həyatını sərt tənqidlərə həsr etmək, rəngləri görməkdən imtina etmək, özündən başqa heç kimi görməmək, kəndinə vurulmaq, cibində ayna gəzdirib tez-tez camalına baxmaq xəstəlik əlamətidir.

Qəhrəmanlıq tənqid etməklə olmur. Bir boksçu böyük-böyük danışa-danışa, “kəsəcəm”, “öldürəcəm”, “dağıdacam”, “çənəsini sındıracam” deyə-deyə, lopa-lopa sağına-soluna tüpürə-tüpürə rinqə çıxır. Təvəzökar görünən rəqibi isə bir zərbə ilə onu nokauta salır. Bu gün özündən razıları, elə o bəyənmədikləri və gücünə inanmadıqları kəslər komaya salacaqlar.

Related Articles

Back to top button