Səfəvilər İmperiyası ilə bağlı tarixi serial
Anti-böhran təkliflər paketini AXCP olaraq hissə-hissə ictimaiyyətin və hökumətin diqqətinə çatdırmışıq.
Bu gün vətənpərvərlik ruhunun qaldırılması üçün müxtəlif nazirliklər tərəfindən böyük vəsaitlər xərclənir. Amma, irəliləyiş yoxdur və olmayacaqda.
Milyonlarla kitab dərc et, broşura hazırla və yay, plakatlar çap et, roliklər hazırla, xeyri yoxdur. Nə oxuyan var, nə də maraqlanan. Kitab və broşürlər qalaq-qalaq otaqların küncündə yatıb qalıb.
Amma, filmə, seriala baxacaqlar. Bu gün ölkə çətin durumdadır. Ayaq üstə qalmağı bacarmalıdır millət, qəhrəmanlıq nümunəsi görməlidir, ruhlanmalı və torpağına sahib çıxmalıdır. Rüşvət almasından, qanunsuzluq etməsindən, vəzifəsindən sui-istifadə edərək xalqın qanını sormasından utanmalıdır.
Təklifimiz də buna hesablanıb.
Partiya olaraq Səfəvilərlə bağlı tarixi televiziya serialının çəkilməsini təklif edirik.
“Azərbaycanda milli dövlətçiliyin inkişafı, möhkəmləndirilməsi və qorunması həm də xalqımızın tarixini bilməsindən və ona bağlılığından keçir. Tarixə qayıdış, ulu babalarımızla, onların yaratdığı dövlətlərlə fəxr etməyimiz dövlətçiliyimizin möhkəmlənməsi və müstəqilliyimizin əbədi olmasının təməl prinsiplərindəndir. Dövləti keçmişinə bağlı olan xalq qoruya bilir” deyə partiyadan bildirilib.
AXCP 5 min illik dövlətçilik tarixi olan Azərbaycan xalqının dövlətçilik tarixinin 1918-ci ildən – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasından götürülməyə başlandığını diqqətə çatdırıb: “Bu, xalqımızın böyük bir hissəsində natamamlıq kompleksi yaradıb. Ona görə ki, Azərbaycan dövlətçiliyinin müxtəlif imperiyalar adı altında tarixi çox qədimləri əhatə edir. Bizim bu tarixə sahib çıxmamağımız tariximizin özgəninkiləşdirilməsinə imkan yaradır. Nəticədə dövlətçilik tariximiz saxtalaşdırılıb və xüsusən də farslaşdırılıb. Bu da tariximizdə Azərbaycan adının keçməməsi, dövlətçiliyimizin olmaması kimi başa düşülüb. Sovet ideologiyasına xidmət edən tarixçilərimiz isə xalqımızın dövlətçilik tarixini sanki unudub və bununla da Azərbaycan tarixini məhv ediblər.
İkinci müstəqilliyimiz dövründən isə yeni tarix yazmağa başlayan tarixçilər saxtalaşdırılmış tarix kitablarından istifadə edərək, növbəti saxtakarlığa imza atıblar. Halbuki, tariximizlə bağlı da dolğun və dürüst məlumatlar İran, Türkiyə, Gürcüstan, Rusiya və digər ölkələrin arxivlərində var.
28 may 1918-ci il Azərbaycan tarixində ilk respublika quruluşunun tarixidir. Azərbaycanın müstəqil dövlətçilik tarixi isə daha qədimdir.
Azərbaycan ərazisində ilk dövlətin qurulduğu tarix eramızdan əvvəl III minillikdir. İlk dövlətimizin adı tarixdə Aratta kimi keçir. Sonralar Azərbaycan ərazisində bir çox dövlətlər (Manna, Midiya, Atropatena, Qafqaz Albaniyası) formalaşıb. İslamdan sonrakı dövr Azərbaycan tarixi barədə isə çoxsaylı bəlgələr mövcuddur. Ərəb işğalından sonra qurulmuş ilk dövlətimiz Sacoğulları dövlətidir. Oğuz türklərindən olan Sacoğlu Yusifin yaratdığı dövlətin Azərbaycan tarixində xüsusi yeri var. Azərbaycan xalqının Böyük Səlcuq İmperiyasının inkişafında böyük rolu olub. Atabəylər, Şirvanşahlar, Qaraqoyunlu və Ağqoyunlu dövlətləri və nəhayət, qürur yerimiz olan Səfəvilər İmperiyası olub.
Bu gün həmin tarixi dövlətlərə hələ də Sovet ideologiyasının təsiri altında yanaşırıq. Bu dövlətlərin əksəriyyəti “İran dövləti” kimi qələmə verilir. Tarixi şəxsiyyətlərimizin çoxuna “bölücü”, “barbar”, “qəddar”, “despot” kimi yanaşılır. Təbii ki, Azərbaycan dövlətçiliyinin daxilində olan farsların iştirakını və idarəçiliyini inkar edə bilmərik. Lakin, imperiyanın ən çiçəklənən dövrlərində bütün padşahlar Azərbaycan türkləri olmuşdur.
Bu sırada əsas diqqət yetirilməli məsələlərdən biri əsası Şah İsmayıl Xətai tərəfindən qoyulan Səfəvilər imperiyasıdır. Türk dilinin ilk dəfə dövlət dili səviyyəsinə qaldırmasında, Azərbaycan dövlətinin formalaşmasında və Azərbaycan istilahının dünyanın siyasi xəritəsində dayanıqlı bir mövqeyə çevrilməsində 236 illik Səfəvilər imperiyasının özünəməxsus yeri vardır. Səfəvilər imperiyası Azərbaycanda təkcə dini-fəlsəfi cərəyanların, ədəbiyyatın inkişafında deyil, eyni zamanda böyük sənətkarlıq nümunələri, mədəniyyət yaradılmasında da xüsusi önəm daşıyır. Səfəvilər dövlətinin Azərbaycan tarixindəki yeri və rolunun ictimai təbliğatının aparılması ilə Azərbaycan xalqının qürur mənbəyinə çevrilməsinin təşkili zərurətdir.
Azərbaycanın tarixi dövlətləri və şəxsiyyətləri haqqında serial və filmlərin çəkilməsinin millətin stimul yeri və qürurlanması, öz dövlətçilik tarixini mənimsəməsi və milli hisslərin güclənməsi yolunda əvəzsiz bir xidmət olacağına inanırıq.
Gənclərimiz bu dövlətlərimizi və dövlət xadimlərimizi hələ də “İran dövləti” və ya “İran şahları” kimi tanıyır. Çünki dərsliklərdə təqdimat belədir. Halbuki, onların qurduqları türk-müsəlman Azərbaycan dövlətləri idi.
Osmanlı dövlətinin 12-ci hökmdarı, 46 il hakimiyyətdə olmuş Süleyman Qanuniyə həsr olunmuş, Türkiyə kinematoqrafçılarının çəkdiyi “Möhtəşəm yüzil” televiziya serialı geniş tamaşaçı kütləsində böyük maraq doğurdu. Yüksək keyfiyyətlə çəkilmiş bu serial Azərbaycan tamaşaçısının da marağına səbəb oldu. Bəzən həsəd, bəzən qibtə dolu suallar yaranırdı: Bizim belə şanlı tariximiz olmayıbmı? Tarixdə bizim də belə hökmdarlarımız yoxdurmu? Təbii ki, var. Sadəcə, onların həyat və fəalliyyətini işıqlandıran, dövlət dəstəyi ilə ərsəyə gələn tarixi serialların və filmlərin çəkilməsinə ehtiyac var.
Səvəfi xanədanının yaddaşlarda əbədiləşdirilməsinin toplumda milli bütövlük şüurunun yaranmasına, möhkəmlənməsinə səbəb olacağını düşünürük.
Gənclərin vətənpərvərlik tərbiyəsinə malik olmasını, onlarda milli mənlik şüurunun dərinləşməsini təmin etmək üçün Səfəvi – Azərbaycan xanədanının tarixinin ekranlaşdırılması zərurətdir.
“Səfəvilər” adlı çoxseriyalı tarixi televiziya serialının çəkilməsi
Milli və vətənpərvərlik ruhunu yüksəltmək, xalqın keçmişinə etibarını qaytarmaq, tarixini, dövlətçilik ənənələrini, babalarının ləyaqətli davranış və hərəkətlərini təbliğ etmək, tarixdə mövcud olan hazırki Azərbaycan dövlətçiliyinin yaratdığı və idarə etdiyi imperiyaları tanıtmaq, sosial, mədəni və siyasi həyatımızda olan mənfi hallara qarşı ictimai mübarizə aparmaq, rüşvətxorluq, korrupsiya, dövlət malını oğurlamaq kimi vərdişləri zəiflətmək, dövlətçiliyə hörməti bərpa etmək, dövlət atributlarına müqəddəs yanaşmaq, xalqın başını dik tutmasını təmin etmək, millətin davranışına, yaşayışına, həyat tərzinə təsir edən tarixi natamamalıq kompleksini aradan qaldırmaq və ali dövlətçiliyin keşiyində durmaq kimi vətənpərvərlik hisslərini oyatmaq məqsədilə “Səfəvilər” adlı televiziya serialının çəkilməsini təklif edirik.
İnanırıq ki, bu serialın çəkilməsi ölkəmizə olduqca vacibdir. Bu ideyanın da hazırda həyata keçirilən anti-böhran tədbirləri siyahısına daxil olunması bir zərurətdir. Tarixin bu səhifələrinin yaddaşlara hopması xaosun qarşısının alınması, dövlətçilik sütununun bərkidilməsi, düşmən qüvvələrin Azərbaycana qarşı xalq üsyanı ilə müşayət oluna biləcək məkrli, qanlı inqilablar ehtimalını heçə endirmək qədər böyük bir stimulverici hadisə ola bilər.
AXCP olaraq “Səfəvilər” adlı çoxseriyalı televiziya serialının çəkilməsi üçün aşağıdakıları təklif edirik:
-Azərbaycan Prezidentinin Ehtiyat Fondundan “Səfəvilər” adlı çoxseriyalı televiziya serialının çəkilməsi üçün ssenarinin yazılmasına vəsait ayrılmasını və ssenarinin yazılması üçün yaşlı və cavan nəsil tarixçilər, ssenaristlər, arxivçilər, Türkiyə və İran ekspertlərindən ibarət komanda formalaşdırılmasını;
-Serialın çəkilməsi üçün şəxsi, özəl və dövlət qurumlarının təşəbbüsü ilə ötən illərdə Səfəvi xanədanı ilə bağlı ssenarilər yazan, rejissorluq edən, tarixi əsərlər, romanlar, pyeslər yazan mədəniyyət və incəsənət xadimlərinin, o cümlədən Səfəvi xanədanı ilə bağlı araşdırmaçıların mütləq şəkildə bu prosesə cəlb edilməsini;
-Serialın daha çox xarici tamaşaçıya da çatdırılması üçün onun bir çox dövlətlərlə – Türkiyə, İran, Rusiya, Gürcüstan və ABŞ kino şirkətləri ilə müştərək çəkilməsinin təşkilini;
-Serialın keyfiyyətli çəkilməsi üçün böyük vəsait tələb olunduğunu və hazırki iqtisadi durumun çətinliyini nəzərə alaraq dövlət səviyyəsində iş adamlarına müraciət olunmasını.
Hesab edirik ki, bu reallaşarsa, Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və qorunması, tariximizin gənclərə aşılanması baxımından tarixi bir hadisəyə çevriləcəkdir.
AXCP olaraq hesab edirik ki, növbəti mərhələlərdə Azərbaycanın qədim keçmişini, qədim dövlətlərini və dövlət quruluşlarını, o cümlədən ərəb istilasına kimi olan dövrü özündə ehtiva edən serial və sənədli filmlər, eyni zamanda ərəb işğalından sonrakı dövlət qruluşlarını təcəssüm etdirən Sacoğulları, Şirvanşahlar, Ağqoyunlu və Qaraqoyunlu xanədanları ilə bağlı da serial və bədii filmlər çəkilməlidir.
AXCP hesab edir ki, bu dövlətçilik tarixi millətimizin qan yaddaşıdır. Hər kəs tarix kitabını oxumur, amma bu filmlər və seriallar geniş auditoriya tərəfindən izləniləcəkdir.