ArticlesProposalsRazi Nurullayev

Azərbaycanda Soyqırım Parkının yaradılması zərurəti – Xocalı

Azərbaycanda Soyqırım Parkının yaradılması ilə bağlı təklif (3 ildir ki, bu təklifi edirəm)

Qətliam tarixi

XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı hələ də tam hüquqi qiymətini almamışdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiya hərbi birləşmələrinin birbaşa iştirakı ilə Ermənistan silahlı qüvvələri Azərbaycanın Xocalı şəhərini işğal etmiş, azərbaycanlılara qarşı dəhşətli soyqırım törətmişdir.
Həmin gün Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal edib.
2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.

Mövqe

31 Mart Azərbaycanlılara qarşı törədilmiş qətliam və Xocalı Soyqırımını ümummilli faciə və azərbaycanlılara qarşı əsrin ən böyük cinayəti hesab edirəm. Bu qətliamın tanıdılmasında və bütün dünyada hüquqi qiymətini almasında mövqeyindən asılı olmayaraq hər bir siyasi təşkilatı, o cümlədən ayrı-ayrı şəxsləri, ziyalıları hökumətlə əməkdaşlığa çağırıram.

“Xocalıya Ədalət” kampaniyasını hakimiyyətin ən uğurlu təşəbbüslərindən biri sayıram. Təbliğat nəticəsində dünyanın bir çox ölkələrində Xocalı faciəsi anılır, xaricdə yaşayan azərbaycanlılar bu prosesə cəlb edilir, müxtəlif dünya ölkələrində təbliğat xarakterli tədbirlər – filmlər, sərgilər nümayiş etdirilir, erməni cinayətkarlarının iç üzü açılır. Bununla bərabər, xarici ölkələrdə də Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılır, o cümlədən bu günə qədər bir sıra beynəlxalq təşkilatların, bir sıra dövlətlərin Xocalı qətliamının soyqırımı kimi tanınmasına nail olunub.

Hesab edirəm ki, Azərbayanlıların qətliamı və Xocalı soyqırımı ilə bağlı aşağıdakı təkliflərin də həyata keçirilməsi zəruridir:

1. 1992-ci ildə Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti zamanı Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün Bakının Xətai rayonu ərazisində “Ana harayı” abidəsi ucaldılıb. Sonrakı illərdə hakimiyyət tərəfindən abidə abadlaşdırılıb. Hər il 26 fevralda yüz minlərlə azərbaycanlı bu xatirə kompleksini ziyarət edir və dəhşətli soyqırımı həmrəyliklə qeyd edir.

Lakin, “Ana harayı” abidə kompleksi Xocalı Soyqırımının bütün dəhşətlərini tam olaraq ehtiva edə bilmir. Buna görə də Soyqırım Parkının yaradılması təklifini irəli sürürük. Təklif edirik ki, böyük bir ərazidə Xocalı qətliamını və 31 Mart Azərbaycanlıların Soyqırımını əks etdirən Soyqırım Parkı yaradılsın.

Təklif edirəm ki, bu Parkda Xocalıda 613 nəfər soyqırıma məruz qalmış şəxslərin, o cümlədən Azərbaycan ərazisində ermənilər tərəfindən törədilmiş qətliamları əks etdirən abidələr ucaldılsın. Bu parkı ziyarət edən hər bir qonaq, xarici missiya, beynəlxalq təşkilatlar qətliamın təsiri altından uzun müddət çıxa bilməyəcəklər.

Xocalı, Soyqırım parkı, Xocali

Təklif edirəm ki, abidələr mövcud video-görüntülər və əldə olan fotolar vasitəsilə şəkilləndirilsin. Əlavə olaraq, Xocalı Qətliam Parkı turizm bülletenlərinə və turizm informasiya kitabçalarına əlavə edilsin. Bununla yanaşı, daha üç abidənin – 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini və 130 uşağın valideynlərindən birini itirməsini təcəssüm etdirən abidələrin qoyulmasının da bura daxil edilməsini zəruri hesab edirəm.

2. Xocalı faciəsinin tamamını özündə əks etdirən və dünyaca məşhur şirkətlərin və kino ulduzların iştirakı ilə bədii filmin çəkilməsini zəruru hesab edirəm. Bu filmin ərsəyə gəlməsi Azərbaycanlıların qətliamı və Xocalı soyqırımın dünyada tanınmasına və təbliğatına əvəzsiz töhvələr verməsi mütləqdir.

Related Articles

Back to top button