Interviews

Avropa Birliyi dediyini etsə…

2010-06-17

«Iranın daxilində narazılıq artacaq və müxalifətin mövqeyi güclənəcək»

Razi Nurullayev: «Iran sanksiyalardan qaçmağa çalışsa və uranın zənginləşdirilməsinə davam etsə, onun qarşısını almaq üçün hərbi əməliyyatlar başlaya bilər»

Irana qarşı nəzərdə tutulan iqtisadi sanksiyaların miqyası artmaqdadır. Avropa Birliyi xüsusi olaraq enerji, ticarət, nəqliyyat və bank sistemini əhatə edəcək əlavə embarqoların tətbiqini planlaşdırır. Bu tədbirlərin həyata keçirilməsi nələri vəd edir və Iran iqtisadi embarqoların qarşısında geri çəkiləcəkmi?

Politoloq Razi Nurullayevin fikrincə, sanksiyalar Iranın iqtisadiyyatının çökməsinə səbəb olacaq. Bu da Iranda əhali arasında narazılığa gətirib çıxaracaq. Eyni zamanda Iranla iqtisadi-ticarət əlaqələri olan ölkələrin iqtisadiyyatında da müəyyən rol oynayacaq. Iran bu sanksiyalardan sonra özünün hərbi-siyasi quruluşunda müəyyən dəyişiklik etməyə məcbur olacaq.
Ekspertin fikrincə, sanksiyaları tətbiq edən tərəfin, ABŞ və Avropa Birliyinin əsas məqsədi də məhz buna nail olmaqdır: “Bu zaman artıq Iranın daxilində narazılıq artacaq və müxalifətin mövqeyi güclənəcək. Bu da Əhmədinejad iqtidarına yetərincə böyük problemlər yaradacaq. Onun vaxtından əvvəl hakimiyyətdən getməsinə səbəb ola bilər. Başqa tərəfdən, bu sanksiyalar Iranın müstəqil şəkildə nüvə silahını istehsal etməsinə əngəllər törədəcək”.

R.Nurullayevin sözlərinə görə, Iran danışıqlara razılıq verməsə, sanksiyaların miqyası arta bilər. Hətta bəzi dövlətlər, o cümlədən Türkiyə sanksiyalara qoşulmasa və Irana iqtisadi yardım etsə, bu, daha ağır nəticələrə gətirib çıxara bilər: “Iran digər yollarla yenidən bu sanksiyalardan qaçmağa çalışsa və uranın zənginləşdirilməsini davam etdirib nüvə silahına sahib olmaq istəsə, bu zaman onun qarşısını almaq üçün hərbi əməliyyatlar başlaya bilər. Ilk növbədə Israil ABŞ-ın dəstəyi ilə Iranın hərbi obyektlərinə zərbə endirər. Bu da artıq müharibənin başlanması deməkdir”.

http://azadliq.info/dunya/1501.html

Related Articles

Back to top button