Elçibəy nə qədər böyük şəxsiyyətdir ki, milyonlarla sevəni var
AXCP sədri Razi Nurullayevin Versus.Az-a müsahibəsi
– Razi bəy, bu gün Elçibəyin adı bu və ya digər formada hallanmaqdadır. Sizcə nə baş verir?
– Görün Elçibəy nə qədər böyük şəxsiyyətdir ki, milyonlarla sevəni var, Azərbaycan xalqı onu unutmur, daim onun ideyalarını, böyük, təkrarsız şəxsiyyətini təbliğ, tərənnüm edirlər. Düşmənləri, zamanında bəyin kölgəsində gəzənlər, bu gün sabun köpüyü kimi yox olan bəziləri isə indi gündəmə gəlmək, özlərini təqdim etmək üçün Elçibəyin adından istifadə edirlər, ona qarşı heç bir əsası olmayan, absurd ittihamlar səsləndirirlər. Elçibəy birləşdirici fiqur idi. Hətta o, bu gün də, ölümündən sonra da birləşdiricilik missiyasını yerinə yetirir. Elçibəy hər kəsin qəbul etdiyi siyasətçi olub. Sadəcə bəzi nankorlar, qara qüvvələr bu gün onun adından müxalifətə, müxalifətçiliyə, xalqın maraqlarına zərbə vurmaq üçün istifadə edirlər.
Birmənalı deyim ki, Elçibəyi haqsız və qərəzlə tənqid və təhqir edənlər xalqımızın yaxşılığını, ölkədə demokratiyanın olmasını istəməyənlər, YAP hakimiyyətinin ömrünü uzatmaq istəyənlərdir. O cümlədən, Elçibəyin şəklini başının üstündən asıb da onu ürəklə, davamlı müdafiə etməyənlər, yalnız ictimai qınaq qarşısında geri çəkilib bir atımlıq barıt kimi danışıb susanlar da xalqın maraqlarına zərbə vuranlardır. Bu siyahıya özünü ən çox Elçibəyçi və onun yaratdığı təşkilatın davamçısı kimi qələmə verən “Yurd” sədri Əli Kərimlini də aid edirəm.
Dediyim fikirlərə bir cümlə ilə nöqtə qoyuram: Elçibəyə çamur atanlar, bu iyrəncliyə dəstək verənlər və özünü müxalifətçi adlandırıb onun müdafiəsinə qalxmayanlar xalqın adamı ola bilməzlər və deyillər.
– Siyasi durğunluq yaranmış bir görüntü var, sizcə tufandan əvvəlki sakitlikdir, yoxsa yay istirahəti?
– Siyasi aləmdə heç bir tufan yoxdur və heç zaman da olmayıb. Buna əmin ola bilərsiniz. Müxalifətçilər arasında nə qədər ki, didişmə, gözügötürməzlik, mənəm-mənəmlik, məntiqsizlik və əlaqəsizlik var, bu belə də davam edəcək. Bunu hakim partiya savadlı şəkildə qurur və idarə edir. Meydanda olan xeyli insan var ki, onlar da bu dəyirmanı su ilə təmin edirlər. Müxalifətçilik adı altında fəaliyyət göstərən, insanlara dərs keçmək istəyən o qədər “siyasi” var ki, damarlarında qan əvəzinə kanalizasiya axır. Bu kanalizasiya onların tərəfdarlarına da sirayət edir. Onlar növbəyə durublar ki, qanlarını özlərindən öndə gedən təxribatçıların və yarıtmaz siyasətbazların kanalizasiya kimi axan qanları ilə əvəz etsinlər. Nəfəslərindən, dillərindən, çıxışlarından, yazılarından, rəylərindən və statuslarından üfunət iyi gəlir. Onlar cəmiyyəti qarşıdurmaya, vətəndaş itaətsizliyinə və bir-birinin kitabını oxumamağa sövq edirlər.
Tufan isə var. Bu tufan, bu qasırğa və tornado xalqın içində yetişməkdədir. Cəmiyyətin böyük bir qismi yaşayışından, sosial statusundan, qazancından, aldığı əmək haqqından, müavinətindən, yarıtmaz, rüşvətə bulaşmış səhiyyəsindən, keyfiyyətsiz, rüşvət və korrupsiya yuvasına çevrilən təhsilindən, aldığı dövlət xidmətlərindən, ona xidmət edəcək dövlətin vəzifəli adamlarından, Xəzər dənizini çəpərləyib gözdağına çevirənlərdən, neft ölkəsi olub, nefti baha almaq “zövq”ündən, qaz ölkəsi olub, qazı limitlə, o cümlədən yararsız, keyfiyyətsiz halda almaqdan, bazarda tüğyan edən bahaçılıqdan, öz ölkəsinin hava limanını qoyub 600 km. məsafə qət edib Tiflis şəhərindən xaricə uçmaqdan, öz ölkəsinin istirahət mərkəzlərində qaz kimi soyulmaqdan qorxub qonşu ölkələrə üz tutmaqdan, ölüsünü basdırmaq üçün iki kvadrat yer tapmayıb rüşvət ödəməkdən, xaricdə beş min dollara avtomobil alıb, öz ölkəsində əlavə 10 min dollar verməkdən çox narazıdır…
– Tez-tez şəhid ailələri ilə görüşləriniz olur. Onların problemlərini aidiyyəti orqanlarda qaldırıb həllinə nail ola bilirsinizmi?
– Siz elə bilirsiniz ki, kimsə kimsənin kitabını oxuyur? Mənim qapım hər kəsin üzünə açıqdır. Hər kəs – kənar, tanımadığım adamlar belə sərbəst girib, sərbəst çıxa bilir. Amma bir icra başçısının, bir bələdiyyə sədrinin, bir JEK müdirinin, bir referentin qəbuluna düşmək üçün gərək qapıda gözləyəsən. Dövlət vəzifəsini özünün sipərinə və qolgücünə çevirən heç kimin qapısında gözləmərəm, fikirlərimi, təkliflərimi mətbuat vasitəsilə deyirəm və bir sıra hallarda telefon əlaqəsi yaradıram. Elə olur ki, telefona belə müxtəlif bəhanələrlə cavab vermirlər. Hər bir siyasətçinin qara siyahısı var, mənim də var. Hər kəsin taleyini böyük Allah yazıb. Kimin kim olacağını, kimin var, kimin yox olacağını da bilən o böyük yaradandır. Vay mənim qara siyahıma düşənlərin halına.
A.Zeynallı
Versus.Az