Pulunu sandıqda gizləyən on minlərlə adam var
Hazırda ən böyük problem işsizlikdir. Işsizlik fonunda isə qiymətlər artan xətt üzrə gedir. Nəyinsə, ucuzlaşmasını görmək mümkün deyildir. Yalnız siqaretlərin bəzi növləri ucuzlaşır. Elə bil acığa ucuzlaşır ki, dərdlilər çəkib qəmlərini unutsunlar.
İş yerlərinin itirilməsi və yenilərinin açılmaması hər gün yüzlərlə ailəni yaşam imtahanı ilə üz-üzə qoymaqdadır. Sosial Müdafiə Nazirliyinin Məşğulluq idarələrinin önündə 1992-ci ildə əhalinin çörək növbəsinə dayandığı abi-hava var.
Hökumətin əl-qolunu sallayıb seyr etdiyini demək də düz olmaz. Lakin, görülən işlər nəticəsiz qalacaqdır. Çünki, pafosla, istəklə, arzuyla nə iş yeri açılandır, nə də fabrik və zavod tikiləndir. Büdcə vəsaiti ilə bunu tam həll etmək mümkün deyildir. Zatən, büdcə də pul da yoxdur.
Bununla bərabər, pulunu sandığda gizləyən minlərlə adam var ki, onlar yatırım qoyub qazanc götürmək istəyərlər. Amma, hələ də biznes üçün əlverişli şərait yoxdur. Hələ də pul sahibi pulunun qorunacağına ümid etmir və elə ona görə də ya sandıqda saxlayır, ya da əmlak yatırır. Halbuki, 10 min manatı olan da 2-3 iş yeri yarada bilər. Qorxur, əlində olanı da yandırmaqdan, itirməkdən qorxur.
Biznes Azərbaycanda düşüncəmə görə heç 20% də azad deyil. Hələ də onlar haqqa oturdulur və talan edilir.
İş yerlərinin açılması üçün biznes tam azad olmalıdır. O anlamalıdır ki, pulu qorunur, malı qorunur, canı qorunur. Türkiyədə, Rusiyada və digər ölkələrdə milyonları olan həmyerlilərimiz var ki, onlar Azərbaycana yatırımlar qoymaq istəyirlər. Amma, qorxurlar. Illərlə yığdıqlarını bir gündə itirməkdən qorxurlar. Buna görə də biznesin toxunulmazlığı və sığortalılığı ölkənin Konstitutsiyası qədər toxunulmaz olmalıdır. Bu olmadıqca, prezident sərəncamlar verəcək, çoxu isə kağız üzərində qalacaqdır. Indiyə qədər qaldığı kimi.
İnam yaratmaq da vacibdir. Inamın yaradılması üçün isə, talan edilmiş, oğurlanmış, qəsb edilmiş, zorla alınmış bizneslərin sahiblərinə qaytarılması zərurətdir. Əgər zəbt edilmiş, oğurlanmış bizneslər sahiblərinə qaytarılarsa və onların zərəri ödənərsə, o zaman bir il ərzində ölkəyə ən azı 4-5 milyard vəsait axını baş verər. Bəlkə də daha çox.
Sahibkar malının, mülkünün, canının toxunulmazlığına inanacaqsa, yatırım edəcək. Başqa cür mümkün deyil.