Saakaşvili yeni Gürcüstan qura bildi, amma yeni dönüşü…
Xanım Salome Zurabişvilinin Qafqaz regionu tarixində ilk qadın prezident olaraq seçilməsi Gürcüstan üçün fəxrdir və onlar üçün bu fakt dünya miqyasında daha geniş siyasi və iqtisadi imkanlar açacaq. Azərbaycan siyasətçiləri olaraq bizim də görüb-götürməyimiz yaxşı olar və bu əslində bizim ölkə üçün də önəmli haldır.
Azərbaycan siyasi və iqtisadi islahatları daha da genişləndirməli və liberal cəmiyyət qurulması üçün konkret işlər görməlidir.
Gürcüstan dünyaya demokratik cəmiyyət quruculuğunu və deyərdim ki, Baltikyanı ölkələr nümunəsini yaradır. Bu o anlama gəlir ki, Gürcüstanda insanların rifah halı yaxın bir neçə il ərzində sürətlə dəyişəcək və onlar bizdən onilliklərlə önə çıxa biləcəklər.
Düşünürəm ki, bu seçkilərdən sonra Gürcüstan iqtisadiyyatına xarici yatırımlar ən azı iki dəfə artım göstərəcək. Avropa Birliyi və ABŞ Gürcüstanın bütün yönlərdə inkişafı üçün proqramlar təqdim edəcəklər. Bunun təzahürləri var. Azərbaycan regional mərkəz rolunu itirmək təhlükəsi ilə üz-üzədir. Beynəlxalq təşkilatlar, sərmayəçilər, banklar və maliyyə institutları Tiflisdə yerləşməyə üstünlük verəcəklər. Bunun ilk işartısını da Norveç səfirliyinin timsalında gördük.
Gürcülər doğru yoldadır və bu yolda onlara uğurlar arzulayıram. Saakaşviliyə münasibətim heç zaman pis olmayıb, amma geriyə dönüş doğru olmaz. Hər siyasətçinin bir zamanı var, o sürəni doldurdusa və getdisə, yenidən geri qayıtmaq cəhdi ölkəni təlatümlərə sürükləmək anlamına gəlir. Saakaşvili yeni Gürcüstan qura bildi. Amma, ondan sonra gələnlər onu yeni mərhələyə daşıya bildilər. Bu gözəldir, daha siaysi təlatümlər yaratmağa ehtiyac yoxdur.
İnanıram ki, Gürcüstan sabitlik və vətəndaş həmrəyliyi ilə çətinlikləri yola verəcək və Azərbaycanla münasibətləri daha da dərinləşdirəcək. Münasibətlərimizdə müəyyən çatışmazlıqlar var və bu Gürcüstan tərəfindən qaynaqlanır. Azərbaycan hər zaman Gürcüstanın yanında olub, dar günündə qardaş əlini uzadıb. Gürcüstan xalqının və siyasi elitasının bunu daha yüksək səviyyədə dəyərləndirməsini istərdim.
Mən xanım Salome Zurabishvilini qələbə münasibətilə səmimi qəlbdən təbrik edirəm və inanmaq istəyirəm ki, regionda ədalətli sülhün yaranması üçün Azərbaycan və digər ölkələrlə birlikdə çox işlər görəcək.