Interviews

Xalq müxalifətarası dedi-qodudan, özünü gözə soxmaq, özünü birinci görmək kimi bəyanatlardan yorulub

Müsahibə / Tarix 21 / 09 / 2012 Saat 19:12

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Razi Nurullayev Publika.Az-ın suallarını cavablandırıb:

– Mətbuatda İctimai Palata daxilində problemlərin olması ilə bağlı açıqlamalar verilir. Söhbət hansı problemlərdən gedir?
– Bu gün İctimai Palatada problem yoxdur. Bütün siyasi təşkilatlarda və cəmiyyətin özündə olduğu kimi İctimai Palatada da müəyyən polemikalar var. Bu polemikalar siyasətin qurulması, müxtəlif məsələlərə münasibətlər üzərində qurulur. Bu siyasətdə təbiidir.

– Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu hesab edir ki, İctimai Palatada ciddi problemlər var və onların həll edilməsi yollarından biri də İctimai Palatanın buraxılması və yeni qurumun yaradılmasıdır…
– Bir çox siyasətçilər ümumiyyətlə, hədəf kimi İctimai Palatanı götürüblər və İctimai Palataya problemli bir qurum kimi baxırlar. Qurumun çox gücsüz və dağılma ərəfəsində olduğunu söyləyirlər. Bütün bu ittihamlar 2010-cu ildə İctimai Palatanın yarandığı gündən davam edir, hətta İctimai Palatanın dağılması ilə bağlı gün də təyin olunub. Amma İctimai Palata ayaq üstündə qalmaqdadır.  Qurum zəifdirsə, daxilində problemlər varsa, nədən bu vaxta kimi ayaq üstündə qala bildi, nədən bu qədər zəif bir qurumu “ciddi qurumlar” bu qədər müzakirə edirlər. Gücü olmayan bir qurum haqqında nədən bu qədər danışırlar? İctimai Palatadan öncə də Azərbaycanda kifayət qədər ciddi siyasi qurumlar yaranıb. Onların bəziləri də dağılıb. Həmin qurumlarda təmsil olunan təşkilatlar yeni qurumların təşkil olunmasını irəli sürürlər. Ola bilsin ki, həmin qurumlar sözügedən təşkilatların səyi nəticəsində dağılıb. Eyni təşklatlar bir qurumu dağıdıb başqa bir qurum yaradırlar. Burada nə dəyişir ki? Yeni bir qurum yaradılacaqsa, tamamilə yeni qüvvələr ortada olmalıdır. Məşvərət Məclisi, Müqavimət Hərəkatı, eyni zamanda ADP-nin təmsil olunduğu qurum var. Nədən bunlar dağıdılmalı və yenisi yaradılmalıdır? Belə çıxır ki, bu oyunlar AXCP və Müsavatın başındadır. “AXCP və Müsavatın birliyi dağıdılmalıdır ki, yeni qurum yaradılsın” fikri nə dərəcədə mütərəqqi bir fikir ola bilər? Bu gün İctimai Palata ayaqda dura bilirsə, nədən perspektivi məlum olmayan bir qurum yaradılmalıdır? Yeni bir qurumun yaradılması üçün sosial sifariş yoxdur.

– Avropa Parlamentinə müraciəti imzalayan Müsavat və AXCP-nin bu addımına İctimai Palatada qiymət verilməsi düzgün idimi?
– İctimai Palatada ona görə münasibət bildirilib ki, müraciəti imzalayan AXCP və Müsavat bu qurumda təmsil olunur. Bu baxımdan İctimai Palatanın Koordinasiya Şurasında təmsil olunan insanların da haqları var ki, həm AXCP, həm də Müsavat ilə polemika aparıb öz fikirlərini bildirsinlər. Onlar da İctimai Palatanın taleyi ilə bağlı müəyyən qərarlarda iştirak və vaxtlarını sərf edirlər.

– Ümid Partiyasının sədri İqbal Ağazadə müxalifətin əhəmiyyətli hissəsinin seçkidə iştirak etməyəcəyini deyərkən, AXCP-nin də adını çəkib…
– Hazırda bu cür hökm vermək düzgün deyil. Seçkiyə bir ildən də çox vaxt qalıb. Bu baxımdan bir çox məsələlər aydınlaşacaq. “Heç kəs öz ayranına turş deməz” məsələsini nəzərdən keçirsək, bir çox ayranlar turşuyacaq və yaxud şirinləşəcək. İndidən bu cür münasibətin sərgilənməsi məncə, doğru deyil. Bir il müddətində bir çox məsələlərin aydınlaşacağına görə, ola bilsin ki, İctimai Palatada daha mütərəqqi və cəmiyyət üçün vacib olan qərarlar qəbul olunsun. Bu qərarların əsasında seçkilərdə iştirak və seçkiləri qələbə ilə başa vurmaq missiyası dayanacaq. AXCP və Müsavat seçkilərə hazırlaşdıqlarını bəyan ediblər. Amma sonra İctimai Palata və bu partiyalar ictimai polemika əsasında yəqin ki, vahid namizəd məsələsini də həll etməyə hazır olacaqlar. Hazırda bu problem yoxdur, İctimai Palata seçkiöncəsi vəziyyətin dəyişdirilməsi üçün çalışır. Ola bilsin ki, İqbal Ağazadənin dediyi məsələ ondan qaynaqlanıb ki, İctimai Palata hazırda vahid namizəd məsələsini müzakirə etmək istəmir.

– Ümumiyyətlə, seçkiləri boykot edən partiyaların olması gözləniləndirmi?  
– İnanmıram ki, seçkiləri boykot edən qüvvələr olsun. Siyasətdə müəyyən canlanma gedir, 2008-ci il ilə müqayisə aparsaq, siyasi spektrin yüz faiz dəyişdiyini deyə bilərik. 2013-cü ilə qədər də siyasi aktivlik artan xətt üzrə davam edəcək. Belə vəziyyətdə heç bir partiya arxada qalmaq istəməz.

– İqbal Ağazadə hesab edir ki, 2013-cü il seçkilərində əsas mübarizə Ümid Partiyası ilə hakimiyyət arasında gedəcək. Siz necə düşünürsünüz?
– Ümumiyyətlə, tərəfdarı deyiləm ki, hansı qüvvənin öndə olacağı, hansı partiyanın iqtidar partiyası ilə rəqabət apara biləcəyini danışaq. Xalq müxalifətarası dedi-qodudan, özünü gözə soxmaq, özünü birinci görmək kimi bəyanatlardan yorulub. Bu baxımdan suala birmənalı cavab verməyəcəm. Xalqın gözü tərəzidir. Azərbaycanın siyasi spektrində kimin güclü olub-olmadığını hər hansı bir siyasi partiya liderinin sözü, özünü lider elan etməsi müəyyənləşdirmir. O gücü ziyalı təbəqəsi görməlidir, o gücü seçicilər, xalq, beynəlxalq aləm görməlidir. Güc vizual olmalıdır. Əgər güc ancaq danışmaq və özünü birinci elan etməkdən ibarətdirsə, buna heç kim inanmır. Mən heç vaxt deməzdim ki, AXCP bir nömrəli partiyadır, AXCP-dən başqa partiya yoxdur. Biz partiya olaraq bu cür dedi-qodulardan uzaq durmağa çalışırıq. Müxalifətin bir-birinə öz gücünü sübut etməyə ehtiyac yoxdur. Bu cür məsələlərin şişirdilməsi müxalifətin ziyanına işləyir.

– Müxalifət birliklə bağlı qərar verməkdə gecikmirmi?
– Azərbaycan siyasətçilərinin A-dan Z-yə qədər bir yerdə olması 2013-cü il seçkilərinin taleyini həll edəcəksə, sizinlə razılaşa bilərəm. Hesab etmirəm ki, əsas məsələlərdən biri də budur. Azərbaycanın səmimi və ürəyi xalqla bir döyünən qüvvələri son anda bir yerdə olmağı bacarırlar. İctimai Palatada bir çox partiyalar var, ola bilsin ki, seçki öncəsi quruma maraq da artsın, yaxud da kənar bir qurumun İctimai Palata ilə əməkdaşlığı baş tutsun. Azərbaycanda elə siyasi partiya sədrləri var ki, onların adlarını adlı-sanlı siyasətçilər belə tanımır. Onların olmaması birliyin pozulması kimi təqdim olunursa, bununla razılaşa bilmərəm. Azərbaycanın söz sahibi olan partiyaları son anda həmişə birləşməyi bacarıblar. Hesab etmirəm ki, müxalifətin birlik problemi var. Əsas məsələ bu deyil. Partiya sədrləri bir yerdə oturub müzakirələr apara bilirlərsə, bir-biri ilə açıq və gizli polemikalara qatıla bilirlərsə, bunun özü artıq birlik mesajıdır.

Ömər Əmirov

http://publika.az/index.php?action=static_detail&static_id=19304

Related Articles

Back to top button