Public speaking

Parlamentdə çıxış – müharibə dayanmayacaq!

Hörmətli sədr və deputatlar,

Bir ölkə nə qədər güclü olsa da yenə də dəstəyə ehtiyac duyur. Azərbaycan da bu gün qardaş köməyinə ehtiyac duyur. Amerika super gücdür, amma İraqda, Əfqanistanda və digər ölkələrdə döyüşmək üçün az qala dünyanın yarısını əməkdaşlığa cəlb etdi.  

Azərbaycanda hər il islam həmrəyliyinə, türk qardaşlığına həsr edilmiş bir neçə tədbir keçirilir. Iştirakçı dövlətlər pafosla islam həmrəyliyindən ağızdolusu danışır. Indi onlar haradadır? Biz yalnız qardaş Türkiyəni, Pakistanı və Əfqanistanı görür və onlara təşəkkür edirik. Islam birliyi, qardaşlığı məscidlərimizdə donuz saxlayan Ermənistanla əməkdaşlıq etməklə alınmır. Eyni cür namaz qıldığımız, dəstəmaz aldığımız, adət-ənənəyə, tarixi köklərə malik olduğumuz, 30 milyon soydaşımızın yaşadığı İranın öz ərazisindən işğalçı Ermənistana silahla dolu TIR-ların, kamazların göndərilməsi ilə, Paşinyanla az qala dodaq-dodağa öpüşməklə olmur. Bunu qətiyyətlə pisləyir və “yox olsun belə həmrəylik” deyirik. Islam həmrəyliyi dini inanclarımızı təhqir edən Ermənistan rəhbərliyinin Misirdə ayaqları altına qırmızı xalça salıb hisslərimizi təhqir etməklə olmur.

Bu gün işğalçı Ermənistan rəhbərliyi İslam ölkələrinə kömək üçün müraciət edir və onlar da Azərbaycana müraciət edir ki, yüz il də bundan sonra da işğal altında yaşayın. Biz xoş qardaşlıq hissləri ilə andığım Gürcüstan, Ukrayna və Belarusun danışıqlar üçün tərəfləri öz paytaxtlarına dəvətini qəbul edə bilərik, amma müsəlman, islam və türk dövlətlərinin bu müraciətini və yanaşmasını qətiyyətlə rədd edirik. Özbəkistan, Qazaxıstan, Qırğızıstanın Azərbaycan və Ermənistanı sülh danışıqları üçün paytaxtlarına dəvətlərini birmənalı olaraq rədd edirik. Ehtiyac olarsa biz Tiflisə, Minskə və Kiyevə gedərik, amma nə Tehrana, nə Daşkəndə, nə də Bişkekə gedərik, nə də digər islam ölkələrinə.

Azərbaycan 26 ildir ki, Ermənistanın işğalçılıq siyasətinin dayandırılması üçün dünyaya müraciət edir. Nə etmisiniz ki? Azərbaycan Minsk Qrupunu və Fransanın həmsədrliyini birdəfəlik rədd etməlidir. Sizlər 26 ildir ki, bizim çağırışlarımıza susqun qalmısınız, indi xeyir ola biz sizi dinləyək? Biz Ermənistanı işğal etdiyi ərazilərdən rədd olub getməyə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hansısa həll yoluna çağırış edən dəvətləri dinləyə bilərik, digər mənasız, məntiqsiz və Ermənistanın işğalçılıq siyasətini dəstəkləyən çağırışları isə qətiyyətlə rədd edirik. Rəhmətlik anam deyərdi ki, “ilan ulduz görməsə ölməz”. 

Sonda isə demək istəyirəm. Hər gün gözlərimiz yaşla dolur. Biz axır ki, boş vaxtlarımızda necə deyiriksə ki, gedək Qubaya, Şamaxıya, Qəbələyə, eləcə də deyəcəyik ki, bu altı-bazar gedəyin Kəlbəcərə, Şuşaya, Xankəndiyə, gedəyin Qarabağa. Bu hissləri yaşamağa az qalıb.

Yaşasın milli ordumuz, yaşasın milli birliyimiz!

Related Articles

Back to top button