Soareş Ermənistanla Azərbaycanı səhv salıb
15/03/2010
Razi Nurullayev: «Madrid prinsipləriylə razılaşmayan tərəf Ermənistandır»
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Madrid prinsiplərinin tərkibini açıqlayıb. Praqa prosesinin 2004-cü ildə başladığını xatırladan Elmar Məmmədyarov bildirib ki, bu, mərhələli prosesdir, Madrid sənədində bütün mərhələlər artıq əksini tapıb: «Sənəddə hansı mərhələdə hansı addımların atılacağı qeyd olunub. Sənədə görə, ilk növbədə Ermənistan 5 rayondan, üstəgəl Laçının 13 kəndindən qoşunlarını çıxartmalıdır. Sonra bütün sərhədlər və kommunikasiyalar açılır, donor konfransı keçirilir, torpaqlar, kommunikasiyalar bərpa olunur, proqramların həyata keçirilməsinə başlanır, oraya qayıdacaq məcburi köçkünlərin təhlükəsizlik problemləri çox vacib olduğundan təhlükəsizlik baxımından beynəlxalq müşahidəçilər məsələsi həll olunur, sonra Laçın və Kəlbəcərdən qoşunlar çıxarılır və nəhayət bütün yollar açılır. Azərbaycanlı icması Qarabağa qayıtdıqdan sonra imkan yaranacaq ki, sonuncu mərhələ – Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi başlansın. Qarabağın statusunun müəyyənləşməsi Azərbaycan üçün çox vacibdir. Qarabağ Azərbaycan torpağıdır, düzgün deyil ki, Azərbaycanın hansısa ərazisi onun inzibati nəzarətindən çıxsın. Əlbəttə, biz deyirik ki, bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olsun. Öz müqəddəratını təyin etməyə gəldikdə, bu məsələ də beynəlxalq hüququn bir hissəsidir. Amma bu o demək deyil ki, ərazi bütövlüyü pozula bilər. Biz dəfələrlə bildirmişik ki, dünyada müxtəlif muxtariyyətlər, statuslar var… Məsələn Rusiya Federasiyasında tatarlar, başqırdlar öz müqəddəratlarını təyin ediblər, amma Rusiya Federasiyası çərçivəsində»… Politoloq Razi Nurullayev hesab edir ki, Elmar Məmmədyarovun “Madrid təkliflərini təhlil edirik və düşünürük ki, Afinada təqdim olunan yenilənmiş Madrid təklifləri bir sənəd kimi növbəti addımları atmağa və böyük saziş üzərində işə başlamağa imkan yaradır” – söyləməsi münaqişənin həlli istiqamətində ciddi irəliləyişlərin olduğundan xəbər verir. «Nazirin sözlərindən belə başa düşmək olar ki, ortada narahatlıq da var. Bu da Ermənistanın yenilənmiş Madrid prinsipləri ilə tam razılaşmamasıdır. Azərbaycan digər bir narahatlığı da bu prinsiplərin ölkəmizin ərazi bütövlüyünə xələl gətirməməsidir. Ermənistan ilkin mərhələdə 5 rayonu və Laçının 13 kəndini azad edir, nəticədə Azərbaycan kommunikasiya xətlərini açır. Bu birinci mərhələdir və burada Qarabağın statusundna söhbət getmir. İkinci mərhələdə status məsəsləsi gündəmə gəlir və əlbəttə, referendumla həll edilir. Azərbaycan hesab edir ki, bu variant ən məqbul varinatdır və hökuməti təslimçi sülhə imza atmaqda günahlandırmaq çətin oalcaq. Digər tərəfdən, referendum onillərlə uzadıla bilər. Məsələ burasındadır ki, Ermənistan 5 rayon və Laçının 13 kəndinin boşaldılması müqabilində kommunikasiya xətlərinin açılmasını bərabər kompromis saymır. O hesab edir ki, Ermənistan daha çox güzəştə gedir və bu vəziyyət Sərkisyana müxalifət tərəfindən daxili müqavimətin artmasına gətirib çıxaracaq. Ermənistan prezidentinin Fransaya səfəri və XİN Nalbandyanın eyni vaxtda Moskvaya səfəri ondan xəbər verir ki, məqsəd hal-hazırda Məmmədyarovun səsləndirdiyi və Azərbaycan tərəfinin razılaşdığı güman olunan Madrid prinsiplərinə Ermənistan tərəfini razı salmaq olub. Müəyyən mənada da buna nail ola biliblər. Ola bilsin ki, ortada bəzi xırda razılaşdırılası məsələlər qalıb. Ermənistan prezidenti Rusiya və Fransadan daxili sabitliyin qorunması üçün lazım olan dəstəyi alıb».
R.Nurullayevin fikrincə, digər bir vacib məsələ isə, yenilənmiş Madrid prinsiplərinin Türkiyə-Ermənistan münasibətlərinin normallşmasına yardımçı olması, 2009-cu ildə Sürixdə imzalanan və sərhədlərin açılmasına xidmət edən tarixi protokolun Türkiyə tərəfindən imzalanmasının mümkünlüyü məsələsidir. «Çünki, Türkiyənin qarşısında duran böyük dilemma Dağlıq Qarabaq münaqişəsinin həllinin protokolların imzalnamasına bağlanmasıdır. Azərbaycan Türkiyənin pis vəziyyətə düşməsində müəyyən qədər özünü də günahkar sayır və beynəlxalq aləmdə Türkiyənin təklənməsinə önəmli dəstək də verə bilmir. Bu Azərbaycan tərəfini narahat etdiyindən, o Ermənistanla daha tez həll tapmaq üçün müəyyən güzəştlərə də gedib. İndi növbə Ermənistanındır. Əgər təkcə kommunukiasiya xətlərinin açılmasını Ermənistan bərabər səviyyəli güzəşt hesab etmirsə, o zaman Türkiyənin protokolları imzalaması və sərhədləri də açmasını da bu prosesə əlavə etmək olar. . Bu variant hər üç tərəfə sərf edən həll yoludur və hal-hazırda hesab edirəm ki, həmsədr ölkələr Ermənistanı yenilənmiş Madrid prinsiplərinə razı salmaq üçün səy göstərirlər».
Maraqlıdır ki, Bakıda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan tərəfindən və prezident İlham Əliyevdən asılıdı olduğunu iddia edib. «Ümid edirəm ki, prezident İlham Əliyev bu qəti addımı atacaq və bununla da öz adını sadəcə Azərbaycanın deyil, eyni zamanda regionun, dünyanın tarixinə Dağlıq Qarabağ probleminin həllini mümkün edən şəxs kimi salacaq». R.Nurullayev bildirir ki, ATƏT Pa sədrinun bu iddiası haqsız iddiadır. «Azərbaycan tərəfi kifayət qədər güzəştə gedib. Bu bəyanat Azərbaycana təzyiq kimi qiymətləndirilməlidir. Hal-hazırda Madrid prinsipləriylə razılaşmayan tərəf Ermənistandır. Bu bəyanat da onlara səslənməlidir».
Hüseyn Alyarlı