Interviews

İctimai Palata mitinq keçirmək üçün yaranmayıb

Razi Nurullayevin Ekspress qəzetinə müsahibəsi, 3 may 2011

İctimai Palatanın iki razılaşdırılmamış mitinqdən sonra kütləvi aksiyalardan imtina etməsi qurumdaxili müzakirələrə səbəb olub. Müsavat Partiyasının qurumdakı təmsilçiləri növbəti mitinq haqda qərar verilməməsində AXCP-ni günahlandırırlar. Buna əsas kimi AXCP funksionerlərinin İctimai Palatanın sessiyasında “daha yaxşı hazırlıq görülənədək kütləvi aksiyaların təxirə salınması” haqda çıxışları olub. AXCP-də isə mitinqlərin təxirə salınmasının məsuliyyətinin yalnız bu partiyanın üzərinə atılması ilə razı deyillər. AXCP sədrinin müavini Razi Nurullayev bizimlə söhbətində bildirdi ki, İctimai Palatanın bəzi üzvləri bu məsələdə tələskənliyə yol verirlər.

– Bu məsələ ilə bağlı bəzi dostlarımız fikir bildirərkən tələsdilər və lazım olmayan açıqlamalar verdilər. Birincisi, kütləvi aksiyaların keçirilib-keçirilməməsi haqqında qərarı AXCP yox, İctimai Palata verir. İkincisi isə İctimai Palatanın sonuncu sessiyasında heç də “kütləvi aksiyalar keçirilməsin” deyə bir qərar qəbul edilməyib. Əksinə, kütləvi aksiyaların keçirilməsi dəstəklənib və Koordinasiya Şurasına səlahiyyət verilib ki, bu məsələ ilə bağlı siyasəti müəyyənləşdirsin, qərarlar qəbul etsin. AXCP hər zaman mitinqlərin tərəfdarı olub. Elə son aksiyalarda cəbhəçilərin fəallığı, həbs olunanların siyahısını da bunu təsdiqləyir. Ona görə də AXCP-ni mitinq əleyhinə olan təşkilat kimi təqdim etmək absurddur.

– Amma İctimai Palatanın sessiyasında məhz AXCP-dən olan üzvlər təklif etdilər ki, kütləvi aksiyalar təxirə salınsın…

– Biz düşünürük ki, kütləvi aksiyalarda iştirak üçün insan potensialı olmalıdır. Sonuncu aksiyalar xeyli sayda dostlarımız həbs olundu. Onları müdafiə etmək üçün vəkillər də çatışmır. Biz də deyirik ki, bu aksiyalar ölçülü-biçili olmalıdır. Düzdür, partiyada əksəriyyət mitinqin vaxtının müəyyən olunmasının tərəfdarıdır. Amma eyni zamanda bizim məqsədimiz küçələrə çıxmaq, mitinq keçirmək deyil. Biz ölkədə köklü islahatların keçirilməsini istəyirik və mübarizəmiz də buna köklənib.

– Bu arada İctimai Palata siyasi islahatlarla bağlı “Yol xəritəsi”ni ortaya çıxardı. Bu, mitinqlərin keçirilməyəcəyi qarşıdakı dönəmdə yaranacaq boşluğu doldurmaq üçün İctimai Palatanın taktikası deyil ki?

– İctimai Palata mitinq keçirmək üçün yaranmayıb. Bu qurumun özünün yaranma fəlsəfəsi var. İctimai Palata sonuncu parlament seçkisində namizəd olaraq iştirak etmiş və hüquqları pozulan vətəndaşların beyin mərkəzi kimi nəzərdə tutulub. Ancaq ərəb dünyasında baş verən son hadisələr Azərbaycanda da kütləvi aksiyaların keçirilməsini gündəmə gətirdi. Ona görə də İctimai Palata mitinqlərin keçirilməsi barədə qərarlar qəbul etdi. Amma nə AXCP, nə də İctimai Palata Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasının tərəfdarı deyil. Ona görə də “Demokratiyaya keçid üçün yol xəritəsi” adlı bir layihə hazırlayıb təqdim etdik.

– Kütləvi aksiyalara ara verən İctimai Palatanın yaxın müddət üçün izləyəcəyi taktika nə olacaq?

– Biz İctimai Palatanın təşkilatlanması, güclənməsi işini davam etdirəcəyik. Eyni zamanda “Demokratiyaya keçid üçün yol xəritəsi” layihəsinin Azərbaycan cəmiyyətində geniş şəkildə müzakirəsinin tərəfdarıyıq. Hakimiyyətlə dialoq şəklində bu layihə müzakirə oluna bilər. Lap, dialoqsuz da hakimiyyət layihədəki müddəaların müəyyən hissəsini həyata keçirə bilər. Yəni, bu layihə ayə deyil ki, hamısı mütləq reallaşsın.

Related Articles

Back to top button