Bir qrup deputatlarla Tovuz rayonuna gəldik. Həmkarımız Qənirə xanım Paşayeva ilə Tovuz və Aqstafa rayonlarında şəhid ailələrini ziyarət etdik. Tovuzun Ağdam kəndində şəhidimiz Elşad Məmmədov, Cəlilli kəndində şəhid İlqar Zeynallının məzarlarını ziyarət etdik. Ağstafanın Kolxəlfəli kəndində şəhidimiz Nazim İsmayılovun, Yuxarı Göycəli kəndində şəhid Vüqar Sadıqovun, Həsənsu kəndində şəhid Elçin Mustafazadənin, Qoçəsgər kəndində şəhid Yaşar Babayevin yas mərasimlərində olduq.
Hər bir yerdə Parlamentin sədri Sahibə xanım Qafarovanın və rəhbərliyin razılığı ilə gəldiyimizi bildirdik və xanım sədrin və rəhbərliyin başsağlığını çatdırdıq. Tovuzun Ağdam kəndində olduq. Qəhrəman insanları gördük. Tovuzun icra başçısı Məmməd Məmmədov bizi bütün yerlərə müşaiyət etdi. Sağ olsun.
Aqstafa icra başçısı Seymur Orucovla söhbətləşdik. Dörd şəhid ailəsini ziyarət etmək üçün imkanlar yaratdı. Sağ olsun.
Səfərdə iştirak edən hər bir deputat – Məşhur Məmmədov, Rüfət Quliyev, Vüqar Bayramov, Elnur Allahverdiyev, Vüqar İsgəndərov, Soltan Məmmədov, Şahin Seyidzadə, Ceyhun Məmmədov və Etibar Əliyev şəhid ailələrinə təsəlli verdilər və dövlətin hər zaman onların yanında olduqlarını dedilər.
Bacımız və həmkarımız Qənirə xanıma sağ ol deyirik ki, gecə-gündüz buradadır və qadınlığına baxmayaraq cəsarət və mətanətlə vətəndaşların, hərbiçilərin arasındadır.
Hərbi hospitalı da ziyarət edib şərait ilə tanış olacağıq. Azərbaycanın bütün hərbi strukturu müharibə etmək üçün də hazırdır. İstər hərbi texnika, istərsə canlı qüvvə, istərsə də hərbi qospital və xəstəxanalar baxımından. Qoy Ermənistan bilsin ki, bu gün Azərbaycan xalqı bir yumruq kimi birləşib və şəhidlərin qanını yerdə qoymayıb və qoymayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!