Bu xalq çirkli təyyarədə də uçar, evindən apardığı yeməkləri yeyər, narahat kreslodada oturar
Parlamentin plenar sessiyasında etdiyim çıxış.
Dünən Prezidentin keçirdiyi müşavirədə səsləndirdiyi iradlar və çəkdiyi adlar ürəyimə su səpdi. Demişdim adlar çəkəcəm və Prezidentin dünənki çıxışından sonra isə artıq bunu daha sərbəst edə bilirəm.
Axı, neçə illərdir ki, bu məsələlər deyilirdi, nəticə isə yox. Artıq çox şey dəyişməlidir və vəzifəsini dürüst icra etməyənlər kreslolarını, bir zəhmət boşaltsınlar. Neft Şirkətinin vəzifəsi neftdən qazanılan pulları xalqın rifahı üçün xərcləməkdir. Neft şirkətinin nə deputatları, nə də xalqın nümayəndələrini ağ və qara dəriliyə bölməyə ixtiyarı yoxdur. İmişlinin 10 kəndi qazlaşmayıb, camaat çıxıb yolu da bağlayır, vecinə alan yox. Məgər on il ərzində bir-iki kəndi qazlaşdırmağı plana salmaq olmazdı? Olardı. Amma, sərf etmir. Çünki, bütün məsələlərə hesab və kitabla baxılır və bu hesab-kitabın adı əyri yollar, əyri işlər və ziqzaqlı korrupsiya piramidasıdır. Hörmətli Rövnəq müəllim heç telefonu qaldırmır. Nəticəsi isə, artıq görünür ki, çox ağır olacaq. Amma, Rövnəq müəllim bilsin ki, mən çıxışımın sərtliyini 70% azaltdım və bunu bir sıra dostlarımın və həmkarlarımın xətrinə edirəm.
Hörmətli deputatlar, Azərbaycan xalqı, hətta xeyli deputatlar, digər tez-tez səfər edən kəsim nəyə görə gedib başqa ölkələrə Gürcüstandan uçmalıdır? Vətəndaşlarımız Azərbaycan dövlətinin, yəni Azərbaycan xalqının pulu ilə alınan təyyarələrlə niyə uçmamalıdır? Nədir-nədir, təyyarələr bahalıdır, təmizdir, yeyib-içmək verirlər və sairə. Cahangir müəllim, bu xalq çirkli təyyarədə də uçar, evindən apardığı yeməkləri yeyər, narahat kreslodada oturar. Guya 2-3 saat rahat kresloda otursa həyatı dəyişəcək? Həyatı dəyişənlər sizlərsiniz. Dövlətin büdcəsi ilə özünüzə biznes qurmusunuz və dövlətin şirkətlərini də şəxsi firmanız kimi idarə edirsiniz. Bu biabırçılıqdır.
Dövlət şirkətləri dövlətin büdcəsini talamaq üçün növbəyə durub. Siz pul qazanıb kreditlərinizi ödəmələsiniz, hələ dövlətə vergi də verməlisiniz. Qiymətlər göyün yeddinci qatında, hər kəs də digər aviaşirkətlərlə uçur və elə hallar olub ki, siz təyyarədə 2-3 nəfərlə ancaq elə özünüz uçmusunuz. Kimin pulu ilə? Cavab verin.
“Azərsu”, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti ilə hesabımız bir neçə gün sonraya qalsın. Vaxt azdır, amma bəzi sənədləri əldə etmək istəyirəm və mütləq o sənədləri əldə edəcəm və canlı yayımda nümayiş etdirəcəm. Bu qədər.