Articles

Qarabağ münaqişəsinin BMT gündəliyinə çıxarılması müsbət haldır

Razi Nurullayev: “Qarabağ münaqişəsinin BMT gündəliyinə çıxarılması müsbət haldır”

Deyerler.Org “Müxalifət partiyaları və ölkə prezidenti arasında görüş Dağlıq Qarabağ münaqişəsinin həllini yaxınlaşdıra bilər”

AXCP sədrinin beynəlxalq məsələlər üzrə muavini Razi Nurullayev Dağlıq Qarabağ münaqişəsinin BMT müstəvisində gündəmə gətirilməsi barədə açıqlamalarla çıxış edib. Rəsmi Bakı Qarabağ problemini BMT tribunasında müzakirəyə çıxarmasını xatırladan açıqlamanın ardından deyilir: “Azərbaycan tərəfi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamə layihəsini təşkilatın Baş Assambleyasının gələn ay işə başlayacaq növbəti sessiyasının gündəliyinə daxil edib. Məsələnın sentyabrın 9-da müzakirəyə çıxarılacağı gözlənilir. Ermənistan çox narahat olub. Amma, zənnimcə bu ən doğru addımdır. Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın istədiyi tərzdə həll olunması mümkün deyil. Buna görə də münaqişənin BMT-yə qaytarılması ən doğru addımdır. Minsk Qrupuna isə Azərbaycan tərəfi get-gedə amorf bir qurum kimi yanaşmalı və tədricən onun xidmətlərindən imtina etməlidir. Azərbaycan bunu etmədikcə həll variantı uzanacaq. Digər tərəfdən, Minsk Qrupu qaldıqca münaqişənin hərbi yolla həlli də istisna təşkil edir. Bu baxımdan Azərbaycanın Minsk Qrupunda qalaraq hərbi bəyanatlar da səsləndirməsi reallığı əks etdirmir və Ermənistanı da rahat edən məqam budur. Amma, iqtidarın da Qarabağı həll etmək limiti bitməkdədir və yaxın zamanlarda bununla bağlı ciddi addımlar atılmasa, daxildə ciddi narazılıqların artması qaçılmazdır”.

R.Nurullayev mövzu ilə bağlı iqtidar-müxalifət münasibətlərinə toxunaraq bildirir: “Müxalifət də bu məsələdə məsuliyyətini hiss edir və problemin həlli üçün iqtidarla danışıqlara hazırdır. Çünki Qarabağ münaqişəsi xalqın və millətin, Azərbaycan dövlətçiliyinin problemidir. Bu məsələnin yalnız YAP hakimiyyətinin üzərində qalması Qarabağın itirilməsinə qədər gətirib çıxara bilər. Ona görə də məsələnin BMT gündəliyinə qaytarılmasını yaxşı hal kimi dəyərləndirirəm və növbəti addım kimi iqtidar-müxalifət danışıqlarının başlanmasını labüd bir hal kimi görürəm. Aparıcı müxalifət partiyalarının iştırakı ilə ölkə prezidenti arasında toplantı keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini yaxınlaşdırar və Azərbaycan iqtidarına beynəlxalq aləmdə istifadə üçün kifayət qədər əsaslar verərdi”. Deyerler.Org

Related Articles

Back to top button