Mahir Cavadovun müsahibəsinə sözardı…
Mahir Cavadov dünən müsahibə verib və qeyd edib ki, Əli Kərimli və İsa Qəmbərin inqilabların əleyhinə olmalarını vurğulaması, Azərbaycanda İlham Əliyev iqtidarının ömrünü uzadacaqdır. Mən bu fikirlərlə qətiyyətlə razılaşmıram. Ölkədən kənarda olaraq, çox şeyləri açıq və öz adıyla çağırmaq olur, amma Azərbaycanda gərək qanun dili ilə danışasan, qanunlar işləməsədə. Həm də qanunlar, əslində müxalifət üçün gücündən də artıq işləməkdədir. Əli Kərimli və İsa Qəmbər açıq tekstlə inqilab edək, bu rejimi istənilən üsulla yıxaq, silahlanaq və s. deyə bilməzlər. Onlar islahatlar deyən zaman azad və ədalətli seçki keçirilməsini vurğulayırlar. Köklü islahatların keçrilməsini istədiklərini söyləyirlər. Mübarizənin sivil formada olmasının izindədirlər.
Biz beynəlxalq aləm qarşısında da sivil olduğumuzu göstəririk. Siyasi partiya liderləri inqilaba çağırış edərlərsə, bu iqtidara əsas verər ki, kütləvi həbslər keçirsin və partiyaları bağlasın. Biz müxalifət olaraq hələ də inanırıq ki, xalq öz gücü ilə İlham Əliyev iqtidarını islahatlar keçirməyə vadar edə biləcəkdir. Hesab edirəm ki, İsa Qəmbər və Əli Kərimlinin apardığı hazırkı siyasət düzgün və ölçülüb-biçilmiş siyasətdir. Onların istifadə etdikləri cümlələr də elə seçilib deyilir ki, biz mübarizəmizi sivil rakursda apara bilək. Eyforiyaya qapılıb səhvlər buraxsaq, xalq bunu bizə bağışlamaz. Belə şərait tarixdə nadir hallarda yetişir.