Articles

Medvedyevin səfəriylə bağlı bir neçə sual…

Razi NurullayevMedvedyevin səfəriylə bağlı bir neçə sual…

Onlardan bəzisi Rusiya, bəzisi isə Azərbaycan rəhbərliyinə aiddir…

Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana səfəri ictimaiyyətin və medianın diqqət mərkəzindədir. Rəsmi məlumatlarda bildirilir ki, Medvedyevin səfərinin başlıca mövzusu dövlət sərhədləri arasında müqavilənin və bu müqavilə ilə bir paketdə yer alan Samur çayının su resurslarından bərabər istifadə olunması haqqında sazişin imzalanması olacaq. Qısa xatırlatma edək ki, bu, prezident Medvedyevin Bakıya sayca üçüncü səfəridir. Medvedyev Azərbaycana ilk dəfə 2008-ci ilin iyulunda, ikinci dəfə isə 29 iyun 2009-cu ildə gəlmişdi. İkinci səfər zamanı danışıqların əsas mövzusu Azərbaycan qazının Rusiyaya ixracı barədə müqavilənin imzalanması olmuşdu.

Bu dəfə isə birmənalı demək olar ki, səfər Rusiya-Azərbaycan münasibətlərində ciddi sorğular yarandığı bir vaxta düşür. Nədir bu sorğular? Bu sorğular Azərbaycan hakimiyyətinin Rusiyaya ünvanlaycağı, daha doğrusu ünvanlamalı olduğu  suallardır. Azərbaycan tərəfi bu görüşdə Ermənistanla Rusiya hərbi bazası haqqında dövlətlərarası Sazişin fəaliyyət müddətinin 2044-cü ilə kimi uzadılmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı təsiri göstərərcəyini mütləq müzakirə etməlidir. Azərbaycan prezidenti Rusiya prezidentindən açıq mətnlə soruşa bilər ki, əgər Ermənistan işğal etdiyi ərazilərdən çıxmaq istməzsə və bunun müqabilində Azərbaycan hərbi güc işlədərsə, Rusiyanın münaqişəyə cəlb olunması nə dərəcədə gözləniləndir? Əlbəttə, Rusiya prezidenti diplomatik gediş edərək, hər iki dövlətin Rusiya üçün strateji tərəfdaş olduğunu bildirə və buna görə də məsələnin sülh yolu ilə həllində səylərini daha da artıracağını söyləyə bilər. Lakin Azərbaycanın əlində artıq konkret arqumentlər var və zənnimizcə, Rusiyayla münasibətlərdə dolayı və ümumi bəyanatlar dönəmi keçib.

Azərbaycan nəyi unutmamalıdır?

Rusiya Xarici işlər naziri Sergey Lavrov Trend agentliyinə müsahibəsində deyib: «”Rusiya Azərbaycana Cənubi Qafqazda mühüm strateji tərəfdaş kimi baxır». Azərbaycan Rusiyanın bizə qarşı xarici siyasətindəki bu «qırmızı xətti» unutmamalıdır və bu mənada Lavrovun dediklərini də siyasi dildən belə tərcümə etmək olar:  . «Azərbaycan bizim üçün strateji məkan olduğundan onu heç vəchlə sərbəst buraxa bilmərik». Bu cəhdlərdən biri kimi Rusiyanın Azərbaycanı Kollektiv Təhlükəsizlik Müqaviləsinə qöşmaq istəyini qeyd edə bilərik. Bununla Rusiya Azərbaycanın NATO-ya gedən yolunu bağlamaq və münaqişə zonasında Rusiya hərbi birləşmələrinin yerləşdirilməsini istəyir. Azərbaycana verilən qısa və lakonik mesaj bundan ibarət oalcaq:  ya Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulur və Rusiya ilə analoji müqavilə imzalanır (Ermənistanla bağlanan müqaviləyə yaxın bir müqavilə) və Rusiya  Azərbaycanın təhlükəsizliyinə zəmanət verir, Qarabağ problemini isə Rusiya qoşunlarının orada sülhməramlı kimi yerləşdirilməsi yolu ilə həll edir. Azərbaycan buna razı olmayacağı halda Rusiya status-kvonun hələ onillərlə davam edəcəyi mesajını verir və hərbi münaqişə zəminində Ermənistana kömək edəcəyini bildirir.

Lavrovun müsahibəsində Rusyianın Dağlıq Qarabağ məsələsində hansı təkliflə çıxış etdiyi açıq göstərilib. Lavrov Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı irəli sürdüyü son təklifin mahiyyətini açıqlayıb. Bildirib ki, irəli sürdükləri son təklifdə Azərbaycan və Ermənistan arasında indiyə qədər razılaşdırılmış xırda olsa da belə detalların dəqiq göstərildiyi bir saziş imzalansın. Onun sözlərinə görə, bu saziş baza sənədi kimi sonrakı prosesi asanlaşdıra bilər: «Razılaşdırılmamış qalan 2-3 prinsip isə sonraya saxlanılmalı və onların ətrafında danışıqlar getməlidir. Lakin bir şərtlə ki, imzalanacaq sənəddə münaqişənin həmin prinsiplər razılaşdırılmadan həllindən söhbət getməyəcəyi aydın şəkildə göstərilsin». Təxmin etmək olar ki, bu, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşü zamanı baş verib. Bu dəfə isə Azərbaycandan nə istənildiyi artıq açıq deyilir: Azərbaycan Ermənistanla saziş imzalamaladır. Sazişdə indiyə qədər razılaşdırılmış məsələlər göstərilməli, razılaşdırılmamış məsələlərin hələ açıq qaldığı qeyd olunmalı və bildirilməlidir ki, bunlar hll olunmadan yekun razılaşma sənədi imzalanmayacaq.

Nəzərə alsaq ki, Azərbaycan tərəfi bir müddət öncə Ermənistanın razılaşdırılmış məsələlərdən tez-tez geriyə çəkildiyini deyirdi. Məsələn, bir müddət öncə ermənilər heç bir yenilənmiş Madrid prinsiplərinin olmadığını iddia etdilər və danışıqların 2003-cü ildə masaya qoyulmuş prinsiplər əsasənda aparıldığını bəyanladılar. Ermənilərin yalan maşını işə düşmüşdü və nəzərə alsaq ki, adətən bu ölkənin bəyanatları beynəlxalq aləmdə daha tez eşidilir, belə demək olar ki, Azərbaycan diplomatiyası bir qədər çətin vəziyyətə düşmüşdü. Bu baxımdan bu gün Rusiyanın israr etdiyi təklifi Azərbaycanın maraqlarından o qədər də uzaq saymaq olmazdı. Amma…məqsəd və niyyətləri təhlil etməsək. Söhbət ondan gedir ki, Rusiya Azərbaycana danışıqların guya nəticə verdiyi barəsində faktiki bir sənədi imzalatdırmaqla onun əlindən toraqlarının qaytarılması üçün əsas vasitəni – müharibəni almış olur.

Azərbaycan nə edə bilər?

1)   Azərbaycan Rusiyanın bütün çabalarına baxmayaraq NATO-ya inteqrasiya yolunu davam etdirməli və Türkiyə qoşunlarının Azərbaycan ərazisində yerləşdirilməsi üçün bütün hüquqi və praktiki problemləri aradan qaldırmalıdır;

2)   Mövcud enerji marşrutlarını devirsifikasiyalaşdırmaqda davam etməlidir və Avropa Birliyi dövlətləri ilə iqtisadi, siyasi ilişkiləri daha da inkişaf etdirməli, Cənubi Qafqazda Avropa Birliyinin Assosiativ Üzvlük məsləsinə ciddi yanaşaraq, ondan irəli gələn məslələləri bu ilin sonuna kimi həll etməyə çalışmalıdır;

3)   İqtisadiyyat liberallaşdırmalı və ÜTT-yə üzvlüyü tez bir zamanda həll etməlidir.

4)   Avropa dövlətləri ilə mədəni sahədə olan əməkdaşlıq daha sürətlə getməlidir ki, Rusiyanın bu sahədə əldə etdiyi üstünlükdə tarazlıq yaransın.

5)         Ən əsası isə Azərbaycan Rusiya ilə hərbi məsələlərdə ehtiyatlı davranmalı və heç bir öhdəliyə imza atmamalıdır.

Bizimyol qəzeti, 1 sentyabr 2010

Related Articles

Check Also
Close
  • Viza
Back to top button