Articles

Mozambiklə Azərbaycanın oxşarlığı və fərqliliyi

Sentyabr ayının başlanğıcı Azərbaycan üçün Rusiya prezidenti D. Medvedevin Azərbaycana səfəri və Prezidentin Milli Məclisə seçkilərin 2010-cu il noyabrın 7-nə təyin edilməsi barədə sərəncamı ilə yaddaşlara həkk olundu. Sentyabrın 2-si isə Mozambiklilərin yaddaşına növbəti bir qanlı gün kimi düşdü. Paytaxt Maputoda yeddi nəfər öldü, onlarla adam yaralandı və həbs olundu. Mozambiklilərin arasında sevinənlər də oldu. Mozambik Respublikası haqqında bütün dünya danışdı və onların da mövcudluğu yaddaşlarda təzələndi. Avqustun sonu, sentayabrın əvvəli minlərlə Mozambikli qiymətlərin artırılmasına etiraz olaraq mərkəz Maputonun küçələrinə axışdı. Onlar əsas tələbat mallarının, o cümlədən çörəyin bahalaşmasına duruş gətirə bilmədilər. Əslində, mən bir az araşdırma apardım və gördüm ki, Mozambikliləri aclıq gözləmir. Sadəcə, hökumət ola biləcək fəlakəti önləmək üçün bü məcburi addıma getdiyini vurğulayır. Açıq deməkdən də qorxurlar ki, əsas səbəblərdən biri elə Rusiyadır. Yanğınlar Rusiyada yüz min hektarlarla taxıl zəmilərini yandırmasaydı, nə yeddi nəfər ölərdi, nə də Mozambiki aclıq təhlükəsi bürüyərdi. Mozambikin hökumət qüvvələri küçəyə çıxan insanların küçələri dağıtdığını görüb, və olan-qalan da arzaq ehtiyatını məhv edəcəyindən əndişələnib, onları dağıtmaq qərarı verib. Ölüm də olub. Itim də. Amma, dağıntıların qarşısı alınıb və hökumət də postunu saxlaya bilib.

İndi keçək Azərbaycana

Mozambikdəki hadisələr Azərbaycanda 2008-ci ilin yanvar ayını xatırladır. O vaxt da Azərbaycan tarixində görünməmiş bahalaşma baş vermişdi. Hər şey birdən-birə o qədər bahalaşmışdı ki, adamlar elə bəri başdan ölmək istəmişdilər. Amma, etirazlara icazə verilmədi. Kim etiraz etmək istədi, həmin an Soljenitsının “Arxipelaq-Qulaq“ əsərində təsvir etdiyi sistem işə düşdü. Mozambikdə baş verənlərə bənzər hadisələrin olmaması üçün etirazlar elə beşikdəcə boğuldu. Zatən, bizim müxalifət mədənidir, savadlıdır və dağıdıcı da deyil. Müxalifət, doğrusunu desək, Hacıbala müəllimə əlavə çörək qazandırmaq meylinə də heç vaxt düşməyib.

Keçək Mozambikə

Mozambikdə tətillər davam edir.

Mozambikdə minumum əmək haqqı 3000 Mozambik metikalıdır, o da 66 Azərbaycan manatına bərabərdir. Sadə Mozambikli hər şeyi düyü ilə hesablayır. İndi Mozambikli belə sadə arifmetikaya əl atır. Əgər bir kisə düyü 3000 metikaldırsa, o zaman evə qayıtmağa yol pulu qalmır. Demək tətilə çıxmaq lazımdır, etiraz səsini ucaltmaq vaxtıdır. Mozambiklilərin duyumu və hissiyatı çox güclüdür.

Keçək Azərbaycana

Bizdə düyü hesabı aparılmır. Çörək hesabı aparılır. 85 AZN çörəyə çatırmı? Çatır, ancaq elə çörəyə. İşıq pulu, qaz pulu, su pulu və bir çox məişət məsələləri puluna yox. Amma, əgər bizdə həmin pulların yığılması da məcburidirsə, o zaman çörək puluna 85 AZN çatmır. Yaxşı ki, hər ailədən digər ölkələrdə çörək qazanan var və evlərinə də pul göndərirlər. Yoxsa, biz Mozambiklilərdən heç fərqlənməzdik. Mozambiklilərin heç bəxti yoxdur, bizdən fərqli. Qonşuları da yaxşı deyil, qitələri də. Varlı ölkə yoxdur o qitədə, Liviyadan başqa. Ora da Mozambiklini buraxan yoxdur. Bir də ki, Mozambikin paytaxtı Maputo ilə, Liviyanın paytaxtı Tripoli arasındaki təyyarə məsafəsi 4259.31 mil və ya 6854.51 km-dir. Mozambiklinin Azərbaycana gəlmək şansı da azdır. Gərək Bakıya kimi 3190.16 km qət edə.

Keçək Mozambikə

Mozambikdə baş verən tətillər yalnız ərzaqla, elektrik enerjisinin qiyməti, və su rusumunun artması ilə bağlı deyil. Tətillərin səbəbi cəmiyyətdə artan ədalətsizlik hissləri ilə bağlıdır. Mozambiklilər düşünür ki, hökumət onları sarsıdacaq addımlar atıb, ölkə kasıbçılıq burulğanında boğulan zaman, məmurlar bahalı maşınlarda gəzir, keyf məclisləri qurur və günlərini eyş-işrətdə keçirirlər. Xalq isə bir tikə çörəyə möhtacdır, onun da qiymətini artırırlar. Əvvəllər müharibələrin dağıtdığı, parçaladığı ölkəni indi korrupsiay içindən dağıdır. Əhali isə çoxdan bəri arzuladıqları sülh şəraitində gözlədikləri dəyişiklikləri görmək istəyirlər.

Keçək Azərbaycana

Azərbaycanda da bütün məmurlar bahalı maşınlarda gəzir. Qeyri-rəsmi məlumatlara görə bu qərar yüksək səviyyədə verilib. Gərək bizim ən kiçik məmur, Erməni nazirininin sürdüyü maşından bahalı maşında gəzsin. Məntiq var, doğrusu. Amma, xalq və bizim üçün yox, məmurlar üçün, bəli. Azərbaycanı da korrupsiya içindən dağıdır. Beynəlxalq Şəffaflıq (Transparency international) təşkilatının 2009 korrupsiya indeksində Mozambik 130-cu yeri, Azərbaycan isə 143-cü yeri tutub. Mozambiklilər bunun üzərindən hələ korrupsiyadan da şikayət edirlər.

Nəticə

Bizim Mozambiklilərdən, onların da bizdən öyrənməli məsələləri var. Oxşarlığımız çoxdur, fərqliliyimiz az. Bu ölkə ilə dostluğa dəyər. Təklif edirəm ki, Bakı ilə Maputo arasında birbaşa təyyarə reysi açılsın. Dəmiryolu xəttinin də tikilməsini təklif edərdim. Amma, qorxuram baha başa gələ, büdcə kəsirimiz yarana. Bir də Rusiyanın xoşuna gəlməz, prezident Dmitri Medvedev də gedib Ermənistanla Gümrüdəki hərbi kontingentin müddətini 2044-dən 4444-ə qədər uzadar…

Related Articles

Back to top button