Articles

ƏRƏB DÖVLƏTLƏRİNİN SİLAHLANMASININ PƏRDƏARXASI

İran körfəzində yerləşən ərəb dövlətləri sürətlə silahlanmağa başlayıb. ABŞ mətbuatı bunu İranın nüvə silahına malik olacağı təqdirdə onların başının üstünü alacaq qara buluddan qorunma faktı kimi qələmə verir. Bu məsələlərin gündəmə gəlməsi ərəb dövlətlərinin 123 milyard dollar məbləğində ABŞ silahlarını sifariş etməsidir. Hazırda ərəb dövlətlərindən Yəmən və Livanı çıxmaqla bir çoxu sülh şəraitində yaşayır və yaxın gələcəkdə də onları elə bir böyük təhlükənin gözləmədiyi məlumdur.

İran doğrudanmı özündə belə bir təhlükə daşıyır? İran nüvə silahına malik olarsa və onu işlədərsə, ərəb dövlətləri onun qarşısını ala bilərmi?

Bu suallar açıqdır və yəqin ki, bu mövzu ekspertlər arasında hələ də dartışılacaq. Əsas mahiyyət ondan ibarətdir ki, ərəb dövlətləri ABŞ-ın köməkliyi ilə sürətlə silahlanır.

ABŞ Konqres Tədqiqat Mərkəzinin 2010-cu ilin fevral məlumatında açıqladığı və iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Jozef Stiqlitsin hesablamalarına əsaslanan məlumatında deyilir ki, ABŞ yalnız İraq müharibəsində indiyə kimi 704 milyard dollar xərcləyib. Xərclər belə bölünür: hər həftəyə 2 milyard, ayda isə 12 milyard ABŞ dolları.

“Röyter” agentliyinin 2010-cu ilin may ayında yaydığı məlumatda isə Konqresin İraqa 708 milyard, Əfqanıstana isə 345 milyard dollar vəsait təsdiqlədiyini açıqlayıb.

Rəqəmlərdən göründüyü kimi, bu məbləğlər ABŞ-ın büdcəsini talayıb. ABŞ itirdiklərini qaytarmağa çalışır. Digər tərəfdən isə ABŞ öz silahlı qüvvələrini 4-cü, 5-ci nəsil silahlarla təchiz etmək üçün konkret layihələr həyata keçirməkdədir. Hazırda malik olduğu silahlar isə əksər dünya dövlətlərinin həsəd aparacağı silahlardır. Bu silahların satışı ABŞ-ın iqtisadiyyatına köməklə yanaşı, həm də özü üçün köhnə sayılan silahlardan azad olması deməkdir.

Hansı ərəb dövləti nə qədər pul xərcləmək niyyətindədir?

Səudiyyə Ərəbistanı

Ən çox pul xərcləyən Səudiyyə Ərəbistanıdır. O, 67 milyard dollar məbləğində silah əldə etmək niyyətindədir. 30 milyard məbləğində qiymətləndirilən ilkin sazişin tezliklə ABŞ Konqresi tərəfindən təsdiq edilməsi gözlənilir. Səudiyyə Ərəbistanı 85 ədəd yeni F-15 qırıcıları alacaq və 70 ədədini isə texniki cəhətdən yeniləşdirəcək. Sifariş “Boinq” şirkətinə verilib, amma bu şirkət, əsasən sərnişin təyyarələrinin istehsalçısı kimi tanınır. Bunun ardınca isə digər saziş ölkənin raketdən qorunma və radar sistemlərini tamamilə yeniləşdirilməsini və dəniz donanmasının isə bütünlüklə modernləşdirilməsini nəzərdə tutacaq.

Səudiyyə ekspertləri də qeyd edirlər ki, ölkənin silahlanması İranın artan təhlükəsinə qarşı atılan addımlardır. Digər analistlərin sözlərinə görə isə, ABŞ İranın nüvə silahlarına zərbə endirərsə, o zaman İran da Amerikanın iqtisadi maraqlarını çökdürmək üçün onun körfəzdəki müttəfiqlərindən qisas ala bilər.

Birləşmiş Ərəb Əmirlikləri

Birləşmiş Ərəb Əmirliklərinin ABŞ-la bağladığı sazişin qiyməti 35-40 milyard arasındadır. O, yüksəkdən qoruma qabiliyyətinə malik olan “Saad” raket sistemi alacaq. Bundan başqa, BƏƏ və Küveyt də “Patriot” – raketdən müdafiə sistemlərini də texniki cəhətdən yeniləşdirəcək.

ABŞ-ın Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveytlə bağladığı hərbi sazişin məbləği 4 il üçün 122.88 milyard ABŞ dollarına bərabərdir.

Təhlükə

ABŞ-ın Ərəb dövlətlərinə bu yeni silahları satması gələcəkdə ABŞ üçün problem yaratmaq gücündədir. Bu gün İranın əleyhinə yönələn təşəbbüslər, bir neçə ildən sonra ABŞ-ın da əleyhinə işləyə bilər. Digər tərəfdən, silah varsa, o həm də istifadə olunmaq üçün əsas verir. Sülh və əmin-amanlıq içərisində yaşayan ərəb dövlətləri də müharibələrə cəlb olunarsa, dünyanın Yaxın Şərq düzəni də pozulacaq. Əlbəttə, İsrail dövləti də bu sazişlərdən kifayət qədər böyük bir narahatlıq keçirməlidir. Amma hələ ki, bu narahatlıq büruzə verilmir. Bu da ondan xəbər verir ki, İsrail və ABŞ arasında bu məsələ müzakirə edilib və ortaq məxrəc də tapılıb. İstənilən halda, silahlanma yeni-yeni münaqişə ocaqlarının yaranması deməkdir. Güman ki, ABŞ-ın ərəb dövlətlərini silahlandırmasında kifayət qədər dəlilləri və əsasları var.

Related Articles

Back to top button