Interviews

…May ayına qədər etirazçıların sayı onminlərlə olacaq

Razi Nurullayev: “Hesab edirik ki, may ayına qədər etirazçıların sayı onminlərlə olacaq”

Məlum olduğu kimi, AXCP mart ayında kütləvi aksiyalara başlayacaq. Bu barədə Partiyanın Rəyasət Heyətinin toplantısında geniş müzakirə aparılıb və mart ayında aksiyaların keçirilməsi barədə qərar qəbul olunub.
Ötən il də AXCP təqribən bu aylardan başlayaraq bir sıra tələblərlə piket və aksiyalar keçirmək qərarı vermiş və bir neçə belə aksiyanı həyata keçirmişdi. Bəs builki etiraz aksiyalarını ötən illərdə olan aksiyalardan nə fərqləndirəcək?
Bununla bağlı “Deyerler.org”a münasibət bildirən AXCP sədrinin müavini Razi Nurullayev bildirdi ki, son aylar ərzində dünyanın bir sıra ölkələrində baş vermiş nümayişlər də onların təşkil edəcəyi aksiyalara təsir edəcək: “Havaların da istiləşməyə başlaması və Tunis və Misirdə baş verən hadisələr müxalifətin artıq fəallaşmağa başlamasına səbəb olub. Eyni zamanda beynəlxalq aləmin də dünyada baş verən inqilablarla, demokratiya məsələlərinə həssaslığı duyulur. Bundan başqa, Avropa İttifaqı və ABŞ-ın əvvəlki siyasətindən çəkilərək, diktatorlarla yox, xalqla işləmək meyli ortalığa çıxıb. Bu baxımdan hesab edirik ki, Azərbaycanda ciddi diktatura rejimi olmasa da, ölkəmizdə də demokratiya problemləri, müxalifətin fəaliyyətinin məhdudlaşdırılması, sərbəst toplaşma azadlığının boğulması kimi problemlər var. Qərara gəldik ki, artıq mart ayından etibarən insanları etiraz aksiyalarına dəvət edə bilərik. AXCP olaraq buna hazırlıqları görürük. Daha sonra bu məsələ İctimai Palatada da müzakirə oluna və yekun qərar qəbul edilə bilər. Eyni zamanda bu il sosial şəbəkələrdən istifadə edərək insanları mitinqlərə dəvət etməyi də planlaşdırırıq. Bakı şəhər İcra Hakimiyyətinə də bununla bağlı müraciət olunacaq. İcazə verilib-verilməməsindən asılı olmayaraq, bu mitinqlər keçiriləcək. Hesab edirik ki, may ayına qədər etirazçıların sayı on minlərlə olacaq”.

http://deyerler.org/79070-razi-nurullayev-vhesab-edirik-ki-may-ayina-qeder-etirazcilarin-sayi-onminlerle-olacaqv.html

Related Articles

Back to top button