Articles

Misirdə yeni era nə vəd edir?

Misirdə yanvarın 25-dən başlayan mitinqlər nəhayət ki, Misir prezidenti Hüsnü Mübarəkin istefa verməsi ilə nəticələndi. Hüsnü Mübarək ölkəyə rəhbərliyi Hərbi Şuraya təhvil verdi. Yeni növbəti prezident seçilənədək ölkəni ordu idarə edəcək. ABŞ prezidenti Barak Obama Hüsnü Mübarəkin istefasını alqışladı. O cümlədən Avropa ölkələrinin liderləri də bu addımı dəstəklədilər. Paytaxt Qahirənin Təhrir meydanında toplaşan minlərlə insan Mübarəkin istefa xəbərini böyük coşğu ilə qarşıladı. Lakin bundan sonra necə olacaq? Bu sual, hal-hazırda açıq qalır.

Məsələ burasındadır ki, ortada Misirin parlaq, müəyyənləşdirilmiş gələcəyi barədə konkret planlar yoxdur. Hakimiyyət artıq hərbçilərə təhvil verilib, hərbçilərin isə bundan sonra nə edəcəyi hələki bəlli deyil. Onlar söz veriblər ki, altı aydan sonra seçkilər keçiriləcək, bəyan ediblər ki, hazırki konstitusiya qüvvədən düşüb və ona düzəlişlər ediləcək.

Lakin Misirin o qədər də uzaq olmayan tarixi bu cür prosesi görüb. Hələ 1881-cı ildə Misirin o vaxtkı prezidenti Ənvər Sadat öldürələndən sonra hakimiyyətə gələn Hüsnü Mübarək də hərbçilərin içərisindən çıxmışdı. Hazırda isə Misirin Müdafiə naziri və hərbçilərin başında duran Məhəmməd Hüseyn Tantavi (Mohammed Hussein Tantawi) ABŞ-a yaxın adam sayılır: Koalisiya qüvvələrində vuruşub və tamamilə mümkündür ki, o, prezidentliyə də iddia etsin.

Bu prizmadan yanaşsaq, altı ay seçki keçirilməsi üçün bir qədər uzun müddətdir və bu seçkilər ən geci iki ay müddətində keçirilməli idi. Məsələ burasındadır ki, altı aydan sonra hərbçilərin nə qərar çıxaracağı bəlli deyil. Ola bilsin ki, onlar bundan sonra da hakimiyyətə qalmağa çalışsınlar, öz içərilərindən bir namizəd irəli sürsünlər və sairə. Bu ehtimal zəif də olsa, var. Hətta hərbi diktatura yaratmağa da cəhd göstərə bilərlər. Bu, dünya təcrübəsində rast gəlinmiş hallardır. İki ay, üç ay stabillik yaratmaq adıyla hakimiyyətə gələn hərbi qüvvələr sonradan hakimiyyətdən getmək istəməyiblər.

Misirin gələcəyinin təyin olunmasında böyük dövlətlərin maraqlarının toqquşması da özünün göstərəcək. Misirdə hal-hazırda bir neçə dövlətin ciddi maraqları var. Birinci maraq əlbəttə ki, ABŞ-ındır. 30 il Misir ABŞ-ın müttəfiqi olub və Yaxın Şərqdə onun maraqlarını qoruyub. İkinci amil İsrail amilidir. Hələ 1979-cu ildə Misirlə İsrail arasında sülh müqaviləsi bağlandıqdan sonra Misir İsrail üçün ən əhəmiyyətli ölkə sayılırdı. İndi bu müqavilənin pozulma ehtimalı ola bilər. Çünki parlament seçkiləri keçirilsə, 150-dən çox yeri «Müsəlman qardaşları» təşkilatı götürəcək. Bu isə parlamentdə çoxluq deməkdir, yəni onlar istənilən qanun layihəsinə mane ola biləcəklər. Beləliklə, «Müsəlman qardaşları» təşkilatının Misirdə hakimiyyətdə təmsil olunması İsraillə münasibətlərin pozulmasına gətirib çıxara bilər.

İran da fürsətdən istifadə edib, Misirdə öz mövqeyini möhkəmləndirməyə çalışacaq. İran İslam faktorundan istfadə edərək, Yaxın Şərqdə lider olmaq uğrunda mübarizə aparır. Bax burada artıq yerinə düşür ki, Türkiyə faktoru ortaya gəlsin. İranın Misirdə möhkəmlənməsinin qarşısını ala biləcək qüvvə Türkiyədir. Və hətta İranın Misirdəki maraqlarına qarşı durmaq üçün Türkiyə ilə İsrail birgə addımlar ata blərlər. Türkiyənin Misirdə möhkəmlənməsi üçün ciddi şərait yetişib. Bu şərait bir neçə faktorla xarakterizə olunur:

1) Türkiyənin xarici siyasətində əsgi Osmanlı torpaqlarında möhkəmlənmənin prioritet istiqamət olması və Türkiyənin bu yöndə praktik addımlar ataraq, nəinki regional və Avropa səviyyəsində. O cümlədən Latın Amerikasına qədər üzanan siyasəti;

2) Türkiyənin baş nazirinin Davos sammitində İsrail prezidenti ilə söz deyişməsi və Fələstin xalqını açıq tekstlə müdafiə edərək, İsraili “uşaq qatili” adlandırması və bununla də bütün ərəb dünyasının qazanması;

3) Misir inqilabı zamanı Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın istefaya getmiş Misir prezidenti Hüsnü Mübarəki istefaya səsləməsi və Misir xalqı ilə həmrəylik nümyaiş etdirməsi.

Bu dəlillər əsas verir ki, Türkiyə Misirdə möhkəmlənsin və Müsəlman dünyasında, o cümlədən Ərəb dünyasında da söz sahibinə çevrilsin. Bu rola artıq onlilliklərdir ki, İran da iddia etməkdədir. Amma, Türkiyənin apardığı siyasət və dünyada tutduğu mövqe onu deməyə əsas verir ki, həm ABŞ, həm də Avropa Birliyi dövlətləri Türkiyənin Misirdə möhkəmlənməsinə əngəl olmağa çalışmayacaqlar.

Beləliklə, azad olmuş Misir xalqını qarşıda böyük çətinliklər gözləyir. Lakin bu, gözlənti demokratiya istəyən digər xalqları mübarizədən çəkindirməməlidir. Misirlilər əsas işin öhtəsindən gəliblər. Hüsnü Mübarək erası bitib. Bundan sonra gəldikləri nöqtənin məsuliyyətini duymaq bu xalqı və onun siyasilərini prosesi uğurla başa çatdırmağa müvəffəq edə bilər.

Müvəqqəti hökumət hansı addımları atacaq? Sözsüz ki, onun üzərinə ilk növbədə ölkədə stabillik yaratmaq kimi ağır iş düşür. Yəqin ki, Hüsnü Mübarək və onun bütün oğulları, eyni zamanda həmkarları haqqında cinayət işinin başlanmasına qərar veriləcək. Artıq İsveçrə xarici işlər naziri bəyan etdi ki, Mübarəkin və onun komandasının İsveçrə banklarındakı hesabları dondurulub. Yəqin ki, başqa ölkələr də buna qoşulacaq. Bu təkcə donduruma ilə qurtarmayacaq. Onun ABŞ banklarındakı hesabları da dondurulacaq. Hüsnü Mübarəkin cinayət məsuliyyətinə cəlb olunması, həbsi haqqında order də verilə bilər. Amma hələki bildirilir ki, onun həbs olunması gözlənilən deyil. Hüsnü Mübarək yəqin ki, Səudiyyə Ərəbistanına və ya başqa bir dövlətə getməli olacaq. Bütün bunlardan sonra Misirdən oğurlanmış pulların geri qaytarılması üçün yeni hökumət müəyyən çabalar göstərəcək. Müəyyən siyasi və iqtisadi addımlar atılacaq, amma nə qədərki Misirdə azad seçkilər keçirilməyib, hər hansı bir dəyişikliyi proqnozlaşdırmaq çətindir. Seçkilər keçirilmədən Misirin gələcəyi haqqında optimist fikir söyləmək çətindir.

Lakin istənilən halda misirlilər yeni eranı başladıblar və bu münasibətlə onları təbrik edirik.

Link: http://qafqazinfo.az/MISIRD%C6%8F_YENI_ERA_N%C6%8F_V%C6%8FD_EDIR_%E2%80%93_T%C6%8FHLIL-7056-xeber.html

Related Articles

Back to top button