ABŞ və Avropa Birliyi dövlətləri Liviyaya Müharibə Elan Etsin
Bu gün Liviyada baş verənlər dözülməzdir. Liviya inqilabının lideri, 1969-ci ildən üzü bəri dəmir yumruqla 42 ildir ki, hökmranlıq edir. Onun hökmranlığı dövründə minlərlə müxalifət tərəfdarı, ona qarşı çıxanlar amansızlıqla öldürülüb. Liviya lideri düşmənlərinə qarşı terror aktı təşkil etməkdən də çəkinməyib. Bəzən dövlətlərə qarşı da terror işlədib. 68 yaşlı bu polkovnik 1986-cı ildə Qərbi Berlində diskotekanı partlatdırıb. Diskotekada iki ABŞ hərbçisi də öldürülüb. Bazar ertəsi Qadhafinin 30 saniyəlik TV görüntüsü yayımlanan bunker 1986-cı ildə ABŞ-ın bombaladığı gizlin yer idi. İki əsgərinin ölümünə görə ABŞ Qadhafini öldürmək istəmişdi. Bu gün isə başa düşə bilmirəm ki, niyə dünya ictimaiyyəti Liviyada baş verən soyqırıma göz yumur. Bazar ertəsinə Human Rights Watch təşkilatının verdiyi xəbərə görə 233 nəfər öldürülüb. Liviyanın BMT-dəki səfirinin müavini Ibrahim Dabbaşi isə deyir ki, ölənlərin sayı 800-dən çoxdur. Artıq Liviyanın Daxili İşlər Naziri Abdul Fəttah Yunis əl Abidi-də istefa verib və etirazçıların tərəfinə keçib. O deyib ki, Qadhafinin yıxılmasına saatlar və ya günlər qalıb.
NARAHATÇILIĞIM VƏ NARAZILIĞIM NƏDİR?
Dünya ictimaiyyəti niyə bəyanat verməklə və etirazçıları dəstəkləməklə işini bitmiş hesab edir? Umacağım ABŞ-dandır, Avropa Birliyi dövlətlərindən və NATO-dandır. Onlar dərhal işə qarışmalı və Liviyanın qaniçən lideri Qadhafiyə müharibə elan etməlidirlər. Bu onların insanlıq borcudur. Səddam Hüseyn Kuveytə soxulanda ABŞ və NATO-nun reaksiyası özünü çox gözlətmədi, İraka və Əfqanistana hücum özünü çox gözlətmədi, Serbiyanı NATO bombaladı və s.
Bəs bu gün nə baş verir? Niyə bu dövlətlər susurlar? Situasiyanı qiymətləndirərək bəyan edirəm: Əgər Qadhafi etirazçıların müqavimətini qırıb hakimiyyətdə qalarsa, o zaman adını çəkdiyim dövlətlər – o sizə müharibə elan edəcək. Liviyada olan sərmayələrinizi milliləşdirəcək, minlərlə insanı dar ağacından asacaq və güllələtdirəcək. Sizi Liviya xalqını xilas etməyə səsləyirəm! Sonra gec olacaq və gecikməyi sizə nə tarix, nə Liviya xalqı nə də Liviya xalqını müdafiə edən, onlarla qəlbi bir vuran öz vətəndaşlarınız bağışlayacaq.
Razi Nurullayev
AXCP sədrinin xarici əlaqələr üzrə müavini