Beynəlxalq Mədəniyyətlərarası Dialoq və Ölkədaxili Siyasi Mədəniyyət…
Aprelin 7-də Bakı Beynəlxalq Mədəniyyətlərarası Dialoqu Forumuna ev sahibliyi etdi. Dünyanın müxtəlif yerlərindən gələn qonaqlar paytaxtımızın inkişafı, zəngin mədəniyyətimiz barədə danışıb, razılıqla bizdən ayrıldılar. Görəsən, belə mühüm tədbirə ev sahibliyi edən Azərbaycannın özünün daxilində siyasi mədəniyyət göstəricisi sayılan dialoq varmı?
Ölkəmizdə belə bir forumun keçirilməsi öz-özlüyündə, Azərbaycanın beynəlxalq imicinin yaxşı mənada formalaşması baxımından müsbət haldır.
Dialoq forumundan 5 gün öncə Bakının mərkəzində ölkənin aparıcı müxalifət partiyalarının keçirdiyi mitinqin dağıdılması, aksiya iştirakçılarının fiziki təzyiqlərə məruz qalması, həbs edilmələri Bakının sahiblik etdiyi dialoq forumunun ruhuna zidd anlamına gəlir.
2 aprel mitinqilə bağlı video görüntülərə baxmaq kifayətdir ki, xarici qonaqlarda belə suallar yaransın. Budurmu, mədəniyyət?.. Dialoq belə olurmu?.. Paytaxtın ən müasir yeri sayılan Fəvvarələr Meydanında etirazçı vətəndaşları əzişdirmək, yerlə sürümək, 50-55 nəfəri 6 nəfərlik otağa salmaq və havasiz qoymaq mədəniyyətlərarası dialoqla həmahənglik təşkil edirmi? Evin içini sahmana salmadan kənarını rəngləməklə «yaxşı evə” sahib çıxmaq mümkün olmadığı kimi, daxildə dialoq yaratmadan xarici dövlətlərlə dialoq aparmaq sadəcə çətindir.
2 aprel mitinqində yaşananlar, həm də vətəndaşların da bir hissəsinin deqradasiyaya uğradığını göstərdi. Hər gün ölkə telekanallarında öyrədilmiş, şirnikləndirilmiş gənclər, «zəhmətkeşlər» müxalifətə çamuratma kampaniyasında iştirak edirlər. Hətta Ümid Partiyasının üzvləri kimi təqdim olunan insanlar 2 aprel mitinqinə etiraz olaraq partiya sıralarından istefa verdiyini bəyan edirlər. Telekanallarda göstərilən sujetlərdə «Mən Əli Kərimliyinin siyasətinə etiraz olaraq Müsavat Partiyasından istefa verirəm», «İsa Qəmbərin gənclər arasında bölücülük əməllərinə görə AXCP-dən gedirəm» deyənlərə də rast gəlmək olur. Siz olmadığınız partiyalardan necə istefa verə bilərsiniz? Ömrünün çox hissəsini geridə buraxmış, ahıl yaşlı «zəhmətkeşlər» 10-15 il əvvəl əldə etdiyi partiya vəsiqələrini kamera qarşısında cırıb yerə atırlar.
Hərdən düşünürüm ki, heç bir perspektivi, potensialı olmayan 60-70 yaşlı qoca, hətta öyrədilmiş olsa belə, vəsiqə cırıb vay-şüvənlik edirsə bu, insanın mənəvi keyfiyyətlərinin ağır şəkildə deqredasiya olunduğunu göstərir. Vay belələrinin halına! 70 yaşlı qocaya göstərişmi vermək olar?
Əminəm ki, hakimiyyətlə müxalifət arasında gedən siyasi mübarizə öz məntiqi sonluğuna çatacaq. Ola bilsin ki, iqtidar məcbur olub dialoq da quracaq. İslahatlar paketini də müxalifətlə müzakirə etməli oalcaq. Ölkədə normal-demokratik hakimiyyət qurulacaq. Azərbaycan çox zəngin bir dövlətə də çevriləcək. Ölkədə güclü siyasi mədəniyyətin də əsası qoyulacaq. Amma «zəhmətkeşlər» heç vaxt yaxşılığa doğru dəyişməyəcək. Qozbeli qəbir də düzəltmir. Atalar deyib bunu.
İlin-günün bu vaxtında siyasi mücadiləmizdən vaz keçib vətəndaşları, şüarları dəyişmək uğrundamı mübarizə aparaq? Ola bilsin ki, insanların belə qorxaq, mağmın, ikiüzlü olmasına səbəb həm də indiki rejimdir. Hakimiyyət dəyişsə də, o insanlar dəyişməyəcək. Çünki, onlar artıq qozbeldirlər.
Həm hakimiyyəti, həm vətəndaşları, həm də özümüzü, ümumiyyətlə cəmiyyəti dəyişmək, aqressiyanı aradan qaldırmaq və dövləti qabağa aparmaq üçün öz dialoqumuza ciddi ehtiyac var.
http://qafqazinfo.az/BEYN%C6%8FLXALQ_M%C6%8FD%C6%8FNIYY%C6%8FTL%C6%8FRARASI_DIALOQ_V%C6%8F_%C3%96LK%C6%8FDAXILI_SIYASI_M%C6%8FD%C6%8FNIYY%C6%8FT…-8597-xeber.html