Interviews

Bu risk Azərbaycanda ictimai-siyasi situasiyadan asılıdır

“Bu risk Azərbaycanda ictimai-siyasi situasiyadan asılıdır” – Müsahibə
04.05.2011 | 11:17

“Qafqazinfo” “Region” Beynəlxalq Analitik Mərkəzin (RBAM) rəhbəri Razi Nurullayevin Olaylar IA-nə müsahibəsini təqdim edir.


– Dövlət proqramlarının həyata keçirilməsində qeyri-hökumət təşkilatlarının (QHT) rolunu necə qiymətləndirirsiniz?

– Dövlət proqramlarının həyata keçirilməsində QHT-lərin böyük rolu var. Demək olar ki, postsovet məkanında güclü olmasa da əsasən qərb dünyasında QHT-lər dövlət proqramlarının həyata keçirilməsində birbaşa iştirak edirlər. Bu iştirak onunla əsaslandırılır ki, QHT-lərlə vətəndaşlar arasında daha sıx körpü mövcuddur. Vətəndaşlar həm şəffaflığın təmin olunmasında, həm də onlarla əlaqələrin qurulmasında QHT-lərə daha çox inanırlar. Digər tərəfdən komitələr, nazirliklər, dövlətin müxtəlif strukturları vətəndaşlara göstərilən xidmətin hər bir sahəsi üzrə mütəxəssis ola bilməzlər. Ancaq QHT-lər cəmiyyətdə mövcud problemlərin həlli üçün yaranırlar. QHT qarşısına məqsəd qoyur və fəaliyyəti dövründə də bu məqsədləri həyata keçirir. Cəmiyyətdə elə problem yoxdur ki, məhz o xırda problemlərin həlli ilə bağlı QHT olmasın. QHT-lərin profesionallaşdığı sahələr 500-dən artıqdır. Bu QHT-lər dövlət proqramlarını həyata keçirən zaman daha professional yanaşırlar, onların fəaliyyətləri audit olunur, eyni zamanda onların fəaliyyətinə vətəndaşlar tərəfindən qiymət verilir. Digər tərəfdən QHT-lər bu işləri həyata keçirən zaman daha məsuliyyətli yanaşırlar. Çünki onların arxasında hər hansı qüvvə dayanmır. Onlar fəaliyyəti düzgün nizamlanmazsa, hər hansı problem olarsa onları məsuliyyətə cəlb edə bilərlər, bir daha dövlət proqramlarına buraxılmazlar və. s.

Bundan əlavə 2015-ci ilə kimi BMT-nin minilliyin məqsədləri proqramı qəbul olunub. Orada 8 məqsəd var. İnkişaf etmiş ölkələrdə bu 8 məqsəd üzrə QHT-lərin koalisiyaları, alyansları yaradılıb və onlar həmin o proqramların həyata keçirilməsində birbaşa iştirak edirlər. Bu məsələlərdə Azərbaycanda da kifayət qədər iş görmək olar. QHT-lərin dövlət proqramlarında iştirakı Azərbaycanın sosial inkişafın daha da böyük rol oynaya bilər. Digər tərəfdən Azərbaycanın kənd və qəsəbələrində fəaliyyət göstərən dövlət strukturları layihələr həyata keçirərkən vətəndaşların maraqlarını demək olar ki nəzərə almırlar. Onlar vətəndaşlarla birbaşa işləyərək onların sosial hüquqlarını, təhsil problemlərini həll etmək iqtidarında deyil. İndiki halda isə cəmiyyət dəyişir. Cəmiyyət dəyişdikcə yeni-yeni texnologiyalar, yanaşmalar, proqramlar meydana gəlir. Bu proqramlardan istifadə edərək yeni texnologiyalara əsaslanıb o işləri görmək lazımdır. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, bu sahədə hökumət təşkilatlarının bilikləri az olur. QHT-lər isə bu sahədə profesianaldırlar. Artıq QHT-lərə Dövlət Dəstəyi Şurası bir neçə ildir ki fəaliyyət göstərir. Biz bunu alqışlayırıq Kifayət, qədər ciddi işlərlə məşğuldurlar. Onların yaranmasından sonra bu sahədə böyük canlanma əmələ gəlib. Yaxşı olardı ki, Azərbaycanın kəndində, qəsəbəsində müxtəlif problemlər üzrə ixtisaslaşan QHT-lərin yaradılmasına rəvac verilsin. Dövlət dəstəyi alınsın. Belə olan halda QHT-lər həmin dövlət proqramlarının həyata keçirilməsində maraqlı olacaq. Əsasən, QHT-lər sosial sahələrdə daha etibarlı işləyə bilərlər. təsadüfi deyil ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial xidmətləri yaxşılaşdırmaq və sosial əhəmiyyətli problemlərə QHT-lərin yaxından cəlb edilməsi ilə bağlı təklif də səsləndirib.

-Bu gün həyata keçirilən dövlət proqramlarında QHT-lər hansı şəkildə təmsil olunurlar Ümumilikdə dövlət proqramının icrasında QHT-lər üzlərinə düşən vəzifələri yerinə yetirə bilirmi?

– Əfsuslar olsun ki, bu gün Azərbaycanda QHT-lərin Dövlət Proqramlarında iştirak səviyyəsi aşağıdır. Demək olar ki, nazirliklər, komitələr özlərinin belə demək olar ki, törəmə təşkilatını yaradır, əsas işləri də həmin təşkilatlara tapşırırlar. Eyni nazirlikdə eyni adamlar arasında bu işlər fırlanır. Bu həm də dövlət büdcəsinin qeyri-şəffaf xərclənməsinə yol açır. Belə fəaliyyətlərə son qoyulması zərurətdir. Bu işlər açıq tender şəkilində keçirilməli və eyni zamanda həmin proqramlarda müxtəlif sahələr üzrə QHT-lərin cəlb olunması da təşkil olunmalıdır. Bu gün kifayət qədər böyük və ciddi problem, Azərbaycanda kadr çatışmamazlığıdır. Kadr çatışmamazlığının aradan qaldırılması üçün artıq “2007 – 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə dövlət proqramı” təsdiq olunmuşdur və proqram 5000 gəncin xaricdə oxumasını nəzərdə tutur.

Kadr çatışmamazlığı nəticəsində tenderlərdə iştirak edən layihələr də qeyri şəffaf və yararsız şəkildə icra olunur. Bunun da nəticəsində rayonlarda, kəndlərdə yerinə yetirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramının əhatə dairəsi daralır, şəffaflığı azalır, əhali haqlı olaraq narazılıq edir ki, proqram həyata keçirilsə də bunun sosial həyatda heç bir rolu olmur. Bələdiyyə və icra hakimiyyətləri əhali arasında həmin proqramın hazırlanmasını təşkil edən zaman əhalinin əsas kütləsinin narahatlığını nəzərə almır. İcra hakimiyyətinin təyin etdiyi komissiya gedir və yerlərdə prioritetləri müəyyənləşdirir. Bəzən onların müəyyənləşdirdiyi prioritetlər insanların ehtiyacı ilə tərs-mütənasiblik təşkil edir. Bunu onlar bəlkə də bilərəkdən yox, bilməyərəkdən edir. Səbəb isə onların icma məsələlərində professionallıqlarının aşağı olmasıdır. Ancaq Azərbaycanda kifayət qədər QHT var ki, indiyə qədər beynəlxalq QHT-lərlə ciddi əməkdaşlıq qurublar, onların bilik və bacarıqlarını mənimsəyiblər. Ona görə də icmaların yaradılması və inkişafında, problemlərin sıralanmasında QHT-lərin iştirakı zərurətdir. Stol arxasında improvizasiya edilərək yazılmış prioritetlər üzrə proqramlar həyata keçirilir. Ancaq əsas problemlər nəzərə alınmadığından regionların sosial iqtisadi inkişafı dövlət proqramı çərçivəsində həyata keçirilən layihələr özünü doğrultmur. Problemin bu cür şəkildə dayanmasını nəzərə alıb deyərəm ki, nazirliklər QHT-lərlə daha sıx işləməli, onları tenderlərə cəlb etməli, QHT-lərin bilik və bacarıqlarının artırılması üçün xüsusi olaraq öz büdcələrində müəyyən məbləğdə pul ayırlmalıdırlar. Bu qrantlar QHT-lərin bilik və bacarıqlarını artıra bilər, nəticədə onlar daha professional sosial layihələr həyata keçirə bilərlər.
Əlbəttə ki, QHT-lər özləri müxtəlif layihələr həyata keçirirlər. Bir çox hallarda bu layihələr xarici donorlar tərəfindən maliyyələşdirilir. Xarici donorların ayırdıqları vəsaitlər isə kiçik məbləğ olur və əsaslı işlər görmək üçün kifayət etmirr. Eyni zamanda belə layihələrlə dayanıqlığı da təmin etmək müüşgülə çevrilir. Bu vəsaitlə hər hansı sosial dəyişikliyə gətirib çıxarmaq mümkün deyil. Sosial-iqtisadi dəyişikliyin yaradılması, onu insanların öz həyatında hiss etməsi üçün ciddi şəkildə, ciddi büdcəsi olan dövlətin maliyyələşdirdiyi bir proqramda iştirak edib onu həyata keçirmək lazımdır. Bu baxımdan QHT-lər ciddi şəkildə həmin proseslərə cəlb olunmayıblar, onun üçün də onlar bu sahədə üzərilərinə düşən vəzifəni tamamilə yerinə yetirə bilmirlər. Ancaq demək olar insanların hüquqlarının qorunmasında vətəndaşların bilik və bacarıqlarının artırılmasında və digər sahələrdə QHT-lər seminarlar, treninqlər təşkil edirlər. QHT-lər bu sahədə öz üzərilərinə düşən vəzifəni yerinə yetirə bilirlər. Pulsuz hüquqi yardım göstərilir. Bu hüquqi yardımın göstərilməsi kasıbçılığın aradan qaldırılmasında, insanların sosial-rifah halının yaxşılaşdırılmasında mühüm rol kimi qiymətləndirilir.

– Bu gün istər sahibkar, istərsə də iş adamları onlar üçün təşkil edilən treninq, seminarlarda iştirak etməkdə maraqlı olmur. Sizcə bunu necə təmin etmək olar?

– Özəl sektor demokratiyanın, vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır. Biz bu sahədə 2007-ci ildən başlayaraq ciddi işlər gördük. Biz istəyirdik ki, özəl sektor vətəndaş cəmiyyəti ilə işləsin, onların bilik və bacarıqlarını artırılmasında iştirak etsinlər və özləri də bunun faydasını görsünlər. Məsələ burasındadır ki, Azərbaycan sahibkarları vətəndaş cəmiyyəti ilə işləməkdə bir risk görürlər. Bəlkə də bu risk Azərbaycanda ictimai-siyasi situasiyadan asılıdır. Çünki, onlar qorxur ki, vətəndaş cəmiyyəti ilə əməkdaşlıq edərlərsə hakimiyyət tərəfindən onlara basqı olar. Sahibkarların bu kimi işlərdə fəal olmaları üçün dünya ölkələrində olduğu kimi hər bir özəl sektor öz nəzdində icma fondları yaratmalıdırlar. Bu fondler vətəndaş cəmiyyətinə maliyyə yardımı etməlidir ki, onlar sosial yönümlü proqramlar həyata keçirə bilsinlər. Belə bir təcrübə artıq mövcuddur. Neft şirkətləri – BP, Statoil, BTC Konsorsiumu hər il sosial sərmayyə adı altında bir çox QHT-lərə Bakı-Tiblisi Ceyhan neft kəməri boyunca yaşayan icmaların sosial iqtisadi inkişafı üçün qrant ayırır. Özəl sektor da analoji fondlar yaratmalıdırlar. Azərbaycanda milli donorçuluq institutu yaradılmalıdır. Azərbaycanda hər bir şirkət, hər bir kompaniya vətəndaş cəmiyyəti ilə işləməli və ona qrant ayırmalıdır. Onlar da sosial sahədə proqramlar həyata keçirməlidirlər. Hal-hazırda artıq inkişaf etmiş dünya ölkələrində biznesin özü də sosial təşəbbüslərə qoşulmaqdadır. Bilirsiz ki, artıq yeni bir termin əmələ gəlib. Sosial sahibkarlıq. Sahibkar özü də proqramlarını sosial yönümlü etməlidir. Əgər o öz məhsulunu satmaq, ondan gəlir əldə etmək istəyirsə, potensial müştərisini həvəsləndirməlidir ki, məhz onun məhsulunu alsınlar. Tək biznesmen pul qazanmalı deyil. Eyni zamanda bundan istifadə edən icmaya da xeyri dəyməlidir. Onun üçün də onlar sosial sahədə işləməlidirlər. Sosial sahibkarlıq Azərbaycanda başlamalıdır.

-Təklifləriniz nədən ibarətdir?

-QHT-lərə daha cox insanların inandığına, QHT-lərin daha şəffaf olduğuna görə QHT-lərlə nazirliklər arasında razılaşma olmalıdır. Bu razılaşmaya əsasən QHT-lər dövlət qurumları ilə vətəndaşlar arasında körpü rolunu oynamalıdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bu yaxınlarda konkret təklif səsləndirib: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində İctimai Şura. “İctimai Şuraya ixtisaslaşmış təşkilatlar, bu sahədə təcrübəsi olan qurumlar və həqiqətən də bu prosesdə dövlətə yaxından kömək etmək iqtidarında olan təşkilatlar cəlb edilsin,” – deyən millət vəkili ölkədə mövcud olan uğurlu analoji presedentlər haqda da danışıb. Mən də bu fikirlə razıyam ki, Gənclər və İdman Nazirliyi və Ədliyyə Nazirliyi nəzdində fəaliyyət göstərən analoji qurumların işini uğurlu addımlar saymaq olar.
Zənnimcə, hər bir nazirliyin tərkibində ictimai komitələr yaradılmalıdır. Hər bir ictimai komitə QHT-lərlə işi təşkil etmək üçün vacibdir və həm də onlar sosial sahədə işlərin qurulması üçün nazirliklərə məsləhət verə bilərlər
QHT-lərin özəl sektorla daha yaxından əməkdaşlıq etmək üçün təşəbbüs göstərməsi vacibdir. QHT-lər özəl sektorun sosial sahibkarlıq fəaliyyətinə qoşulması üçün çalışa bilərlər. Artıaq bu zərurətdir. Həm də özəl sektor, vətəndaş cəmiyyəti və hökumət arasında işçi qrup formalaşmalıdır ki, onlar ictimai və sosial fondler yaratsın və beləliklə də milli donorçuluq institutunun yaradılması üçün də işlər görülsün. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası da analoji təklifləri bir neçə dəfə səsləndirib və hesab edirəm ki, buna nail olmaq mümkündür.
Digər bir təklifim, Azərbaycanda QHT Evinin (başqa sözlə QHT İnkibatoru, yaxud İctimai Bina) tikilməsi üçün ciddi təşəbbüs vacibdir. Bunun üçün dövlətin vəsaitləri xərclənə bilər. Çünki, bu böyük investisiya tələb edən bir layihədir.
Nəhayət, Himayə Fondlarının (Endownment Fund) yaradılmasına ehtiyac var. QHT-lərin və mətbuatın davamlı maliyyə axınını təmin etmək üçün belə fondların Azərbaycanda yaradılması mexanizmləri üzərində tədqiqat aparıla bilər. Bu çətin bir proses olsa da, perspektivi aydın görünən bir təşəbbüsdür.

http://qafqazinfo.az/%E2%80%9CBU_RISK_AZ%C6%8FRBAYCANDA_ICTIMAI_SIYASI_SITUASIYADAN_ASILIDIR%E2%80%9D___M%C3%9CSAHIB%C6%8F-9352-xeber.html

Related Articles

Back to top button